Rusiyanın Yerevandakı səfiri Paşinyanın iddiasına qarşı bəyanat verib

“Qarabağ məsələsinin həllində münaqişə tərəfləri iştirak etməlidir”. SİA news.am-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Rusiyalı diplomatın sözlərinə görə, ölkəsi Ermənistanla strateji müttəfiq olmaqla yanaşı, Azərbaycanla da sıx münasibətlərə malikdir və ATƏT-in Minsk qrupu çərçivəsindəki ortaq missiyada mühüm rol alır ki, orada bütün fəaliyyətlər digər partnyorlarla koordinasiya olunur, lakin Moskva hər hansı bir tərəfin mövqeyindən çıxış edə bilməz.

“Rusiya vəziyyətin gərginləşməməsi tərəfindən çıxış edir, eləcə də intensiv danışıqların bərpasını istəyir ki, buna misal olaraq, XİN rəhbəri Sergey Lavrovun Yerevan və Bakıdan olan həmkarları ilə görüşünü , eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona ardıcıl səfərlərini göstərmək olar. Biz öz tərəfimizdən bütün imkanlardan istifadə edərik, lakin hər şey bizdən asılı deyil”, səfir qeyd edib.

Sergey Kopırkin xatırladıb ki, Rusiya münaqişənin sülh yolu ilə həllində maraqlıdır və vəziyyətin gərginləşməməsi üçün hər zaman bu mövqedən çıxış edib. Onun sözlərinə görə məsələnin həllində münaqişə tərəfləri iştirak etməlidirlər.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan zaman-zaman “DQR”in danışıqlar masasında oturmalı olduqlarını iddia edir. Lakin bildiyimiz kimi, bu münaqişə beynəlxalq sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ kimi qeyd olunur. Rusiya səfirinin məsələnin həllində münaqişə tərəflərinin iştirakı barədə fikirlərindən isə belə nəticəyə gəlmək olar ki, Kopırkın burada “DQR”in deyil, məhz Ermənistanın münaqişə tərəfi olduğuna işarə edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...