Ermənilərin Rusiyadan ümidləri üzülüb

Rusiya Dağlıq Qarabağda hadisələrin eskalasiyasının əleyhinədir, amma münaqişənin həllində son söz tərəflərin üzərinə düşür. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Məlumatda o da qeyd olunur ki, bu sözlərlə səfir gələcəkdə mümkün ola biləcək müharibəyə görə Kremlin üzərindən cavabdehliyi götürməyə çalışır. "Rusiyanın rolunun balanslı şəkildə olduğunu qəbul etmək lazımdır. Bizim vəzifəmiz strateji müttəfiq olaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi mexanizmlərə kömək etməkdir. Hər şeyin Rusiyadan asılı olduğunu söyləmək səhvdir ", deyə Kopyrkin bildirib.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan 26 aprel 2018-ci ildə “Moskva ilinin əks-sədası”-na müsahibəsində bəyan etmişdi ki, bütün ermənilər və Ermənistanda hamı Azərbaycanın Ermənistana hücumunun qarşısını almaq üçün Rusiyanın imkanlarının olduğuna əmindir. Həmin il o eyni zamanda demişdi ki, müharibənin qarşısını almaq üçün Rusiyanın öz imkanlarından istifadə etmədiyinə inana bilmir.

Sözügedən saytda vurğulanır ki, əslində Rusiya səfiri hər şeyin Rusiyadan asılı olmadığını bildirir. O, ehtimal olunan ağırlaşmada Moskvanın məsuliyyətini azaltmağa çalışır.

Göründüyü kimi, ermənilərin Rusiyaya olan ümidləri puça çıxıb və tamamilə üzülüb. Təbii ki, belə olan halda Azərbaycanın müharibəyə başlayacağı təqdirdə bunun qarşısında dayana bilməyəcəklərini anladıqları üçün çox böyük qorxu içərisində yaşayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə