Əli Kərimli cığallığı, yaxud “Azərbaycan nifrəti”

AXCP sədrinin fikirləri hansısa erməni siyasətçi və erməni idmançının fikirlərindən fərqlənmir

Məlum olduğu kimi, mayın 29-da Azərbaycan ilk dəfə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edəcək. Bu, həqiqətən də, dövlətimizin adına böyük etimaddır və Azərbaycanda indiyədək keçirilən beynəlxalq idman yarışlarına yüksək səviyyədə təşkilatçılığı təsdiqləyən reallıqdır. O da, sir deyil ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu məsələ müzakirə mövzusu ola bilməz. Ölkəmizə həm işgüzar səfər edən, həm istirahət məqsədilə, həm də yarışları izləməyə gələn azarkeşlər buradan xoş təəssüratlarla qayıdıblar. Onlar həm qonaqpərvərlikdən, həm də təhlükəsizliyin yüksək səviyyədə təminindən razılıqlarını bildiriblər.
Əlbəttə ki, bütün bunlar ölkəmizin inkişafını istəməyən və əldə etdiyi uğurlara qısqanclıqla yanaşanların, anti-Azərbaycan dairələrin narahatlığına səbəb olur. Bütün beynəlxalq tədbir və yarışlar ərəfəsində, fəallaşan bu dairələr yenə də öz çirkin planlarını işə salıblar. Ancaq ən təəssüfedicisi odur ki, "sapı özümüzdən olan baltalar” yenə onlara dəstək verirlər. Dəfələrlə öz siyasi riyakarlığı, xəyanət və satqınlığı ilə Azərbaycan dövlətçiliyinə və xalqına düşmən kəsildiyini təsdiqləyən AXCP sədri Əli Kərimli həmin dairələrin sifarişini yerinə yetirir.
İndiyədək ölkəmizdə keçirilən beynəlxaq idman tədbirləri Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırıb. Ancaq idman yarışlarından xəbərsiz olan Əli Kərimli sosial şəbəkələrdə yazdığı statusla özünü yenə biabır edir. Bu şəxs iddia edir ki, "bütün dünyaya sevinc, istirahət və pul gətirən futbol bizə problem gətirir”. Görəsən, final matçının Bakıda keçirilməsi Azərbaycana hansı problemi gətirə bilər ki?
Mayın 29-da dünyanın futbol ictimaiyyətinin diqqəti Bakıya yönələcək. Bu, dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində çalışan, multikultural dəyərlərin, tolerantlığın təbliği və təşviqinə üstünlük verən ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək. Amma Ə.Kərimlinin fikirləri hansısa erməni siyasətçi və erməni idmançının fikirlərindən fərqlənmir. Bu siyasətçi iddia edir ki, guya "Çelsi” və "Arsenal” klublarına ayrılan biletlər geri qaytarılır. Azarkeşlər Bakıya gəlməkdən imtina edirlər. Tamamilə səhv fikirdir. Çünki son məlumatlara görə, artıq final matçına biletlər satılıb və bu oyunda Avropa Liqasının tarixində yeni rekord müəyyənləşə bilər. Buna qədər 1999-cu ildə Moskvada keçirilən "Parma” - "Latsio” oyununda azarkeş rekordu qeydə alınıb - 62 min. UEFA-nın saytında dərc edilən məlumata görə, Bakı Olimpiya Stadionunun azarkeş tutumu 70 minə yaxındır və bu səbəbdən də, paytaxtımızda keçiriləcək oyunda rekord təzələnə bilər. Lakin Ə.Kərimli sadəlövh şəkildə Bakıya turistin az gələcəyini, qazancın az olacağını iddia etməklə, özünü gülünc vəziyyətə salıb. Görəsən, bu qısqanclıq və xəyanət nə qədər davam edəcək?
Düşmən dəyirmanına su tökən bu "siyasətçi”, həqiqətən də, siyasi etikanın bütün sərhədlərini aşıb. Hətta idman yarışları ərəfəsində ölkəyə ziyan vurmağa çalışan belə şəxsdən hər şey gözləmək mümkündür. Antiazərbaycançı dairələrdən aldığı göstərişlər və sifarişlər əsasında "fəaliyyət” göstərərək, milli maraqlara qənim kəsilən Ə.Kərimlidən ancaq bunu gözləmək olar.
Bir sözlə, Azərbaycan bu final matçına yüksək səviyyədə ev sahibliyi etməklə, daha bir uğura imza atacaq. Dünya Bakıda mayın 29-da keçiriləcək yüksək səviyyəli idman bayramının şahidi olacaq. Azərbaycan özünün milli dəyərlərini təqdim etməklə yanaşı, ölkəmizdə əsrlər boyu mövcud olan multikultural və tolerant dəyərləri yenə dünyaya nümayiş etdirəcək. Möhtəşəm final matçı ilə, bundan öncə, qazandığımız nailiyyətlər sırasına daha birisini yazaraq, ölkəmizə düşmən kəsilənlərə növbəti zərbəni vuracaq...

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...