Azərbaycanda çox əlverişli biznes mühiti və sərmayə iqlimi var

Prezident İlham Əliyev: "Biz biznes mühitinin yaxşılaşması nəticəsində, yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək"

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biri də iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır. Bu baxımdan, iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyevin sənayenin inkişafı ilə bağlı strateji xəttinə uyğun olaraq, həyata keçirilən genişmiqyaslı sənayeləşmə siyasəti nəticəsində, rəqabətqabiliyyətli və ixracyönümlü yüzlərlə yeni sənaye müəssisəsi yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır və ixracın həcmi yüksəlir.
Qeyd edək ki, Pirallahı Sənaye Parkında "Diamed” şpris istehsalı zavodunun açılış mərasimində dövlət başçısı, vurğulayıb ki, ölkədə sənaye istehsalı artır və görülən işlər nəticəsində, bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Bunu şərtləndirən amillər isə, həm sənaye potensialını gücləndirən böyük müəssisələrin fəaliyyətə başlaması, həm də kiçik və orta müəssisələrin işə düşməsidir. Bu da, onu göstərir ki, Azərbaycanda çox əlverişli biznes mühiti və sərmayə iqlimi var. Xarici investorlar Azərbaycanda yaradılan imkanlardan rahat yararlanırlar. Belə olmasaydı, son 15 ildə ölkə iqtisadiyyatına 260 milyard dollar investisiya yatırılmazdı. Elə təkcə bu ilin 4 ayında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 3 916 milyon manatlıq vəsait, onu deməyə əsas verir ki, bu il də xarici və yerli investorlar tərəfindən ölkə iqtisadiyyatına kifayət qədər sərmayə yatırılacaq. Bu da, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlara öz töhfəsini vermiş olacaq.
Dövlət başçısı ölkədəki biznes mühitini dəyərləndirərkən deyib ki, bütün bunlar ölkənin dinamik inkişafını şərtləndirir: "Biz biznes mühitinin yaxşılaşması nəticəsində, yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək. İqtisadi və sosial sahədə aparılan islahatlar nəticə verir. Biz, Dünya Bankının biznes mühitinə dair hesabatına görə, bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrlə qeyd edirəm, ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirək, işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirək. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və bu siyasət öz nəticəsini verir”.
İqtisadiyyatın daha da gücləndirilməsi və şaxələndirilməsi istiqamətində qarşıya qoyulan əsas məqsəd, ilk növbədə, idxaldan asılılığı azaltmaq, ixracın həcmini artırmaqdır. Təkcə 4 ayın statistik göstəricilərinə əsasən, deyə bilərik ki, ixrac yenə də idxalı üstələyir. Bu da, qeyri-neft sektorunun innovativ inkişafı sayəsində reallaşır. İlin 4 ayı ərzində, həyata keçirilən ixrac əməliyyatları, ümumilikdə, 11 milyard 639 milyon 281 min dollar təşkil edib. Bunun ümumi həcminin 4 milyard 549 milyon 421 min dolları idxalın, 7 milyard 89 milyon 959 min dolları isə ixracın payına düşüb. Əlbəttə ki, bütün bunların fonunda xalqın sosial vəziyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atan Prezident İlham Əliyev vətəndaşlarla səmimi söhbəti zamanı bugünədək imzalanan sənədləri böyük islahatlar paketinin bir hissəsi adlandıraraq, bildirib ki, hazırda ölkənin iqtisadi vəziyyəti və maliyyə durumu yaxşıdır. Əlavə əldə edilmiş bütün gəlirlər vətəndaşların sosial müdafiəsinə yönəldiləcək.
Göründüyü kimi, Prezidentin sosial-iqtisadi islahatlar paketinin başlıca məqsədi Azərbaycanın inkişaf etmiş, güclü iqtisadi potensiala malik, milli həmrəyliyin və qanunun aliliyinin təmin olunduğu sosial dövlət statusunun daha da möhkəmləndirilməsidir. İslahatlar paketi çərçivəsində verilmiş qərarlar və imzalanmış sərəncamlar cəmiyyət həyatının bütün sahələrinə müsbət təsir göstərir. Yeni sosial-iqitisadi model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və əlverişli biznes mühitinin yaradılmasını, insan kapitalının inkişaf etdirilməsini, sahibkarlara daha yaxşı şəraitin təmin olunmasını, dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsini və digər məsələləri nəzərdə tutur.
Bir sözlə, hazırda Azərbaycanın hədəfi neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır. Qəbul olunan və icra edilən yol xəritələri və digər qərarlar, əsasən, bu məqsədə xidmət edir. Azərbaycan mühüm transmilli enerji layihələri həyata keçirir, bu layihələrin icrası qarşıdan gələn illərdə Azərbaycanın əhəmiyyətinin daha da yüksəlməsi və maliyyə imkanlarının artmasını təmin edəcək. Əlbəttə ki, iqtisadi potensialın gücləndirilməsi ölkənin qeyri-neft sənayesinin inkişafı, yeni zavod və fabriklərin açılması, sənaye komplekslərinin yaradılması prosesini daha da sürətləndirəcək.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə