"Amnesty International" imicini çoxdan korlamış bir təşkilatdır" ÖZƏL-MÜNASİBƏT

"Amnesty International" təşkilatının konkret dairələrin marginal maraqlarına xidmət etdiyi şübhəsizdir və bunu sübut etmək üçün əlavə arqumentlərə ehtiyac yoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycana qarşı zaman-zaman əsassız iddialarla çıxış edən "Amnesty International" təşkilatının insan hüquqları amilini bir alət kimi istifadə etməsi təəssüf doğurur və dünya miqyasında onun mənfi imicini möhkəmləndirir: “Təşkilatın ölkəmizə qarşı növbəti uydurma iddiası UEFA-nın Avropa Liqasının finalının Azərbaycanda keçirilməsi ilə bağlıdır. Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini pisləyən təşkilatın rəsmisi heç bir arqument gətirmədən ölkədə insan hüquqlarının vəziyyətini tənqid edir. Ayrıca olaraq, erməni futbolçu Mxitaryanın təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunacağı bildirilsə də, o, Azərbaycana gəlməkdən imtina edib. Halbuki erməni idmançılar bir neçə dəfə Azərbaycanda yarışlarda iştirak ediblər və onlara qarşı hər hansı bir ayrı-seçkilik halına yol verilməyib.

Deməli, "Amnesty International" təşkilatı idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir. Bütün bunlar bir daha sübut edir ki, "Amnesty International" daim qərəzli mövqe nümayiş etdirən, öz imicini artıq çoxdan korlamış bir təşkilatdır. Belə bir təşkilatın insan hüquqlarının qorunması sahəsində Azərbaycana qarşı iddialar irəli sürməsi heç bir mənəvi və əxlaqi çərçivəyə sığmır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə