Gənclər Avropa Liqasının final oyunu haqqında nə düşünür? SORĞU - SƏS TV

Bildiyimiz kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda futbol üzrə UEFA Avropa Liqasının final oyunu çərçivəsində “Çelsi” və “Arsenal” mübarizə aparacaq. Final oyununu izləmək üçün ölkəmizə 100-dən artıq ölkədən 40 minə yaxın azarkeşin gələcəyi gözlənilir. Bəs gəlin görək, gənclərin bu oyun haqqında düşüncələri nədən ibarətdir?

YAP-ın fəal gənci Tofiq Mövsümov: “İlk öncə qeyd etmək istərdim ki, bizim mənfur düşmənimiz olan ermənilər UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi xəbərini eşidən kimi antiazərbaycan kampaniyasına başladı. İşğalçı dövlət bunun üçün bütün dünyada olan erməni lobbisinin gücündən istifadə etdi. Mən bir gənc olaraq demək istəyirəm ki, bu kimi nəhəng oyunlar ilk dəfə Azərbaycanda keçirilmir. Bildiyiniz kimi bundan öncə də ölkəmizdə Birinci Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları keçirilmişdi. Hətta Avropa Oyununda erməni güləşçi belə Azərbaycanda Ukrayna dövlətini təmsil edirdi. Yəni demək istərdim ki, “Arsenal” futbol klubunun oyunçusu Henrik Mxitaryan ölkəmizə gəlməməsinə görə Azərbaycanda heç bir səbəb axtarmasın. O sadəcə olaraq özündə həmin qüsuru axtarsın. Çünki Azərbaycan bu gün tam təhlükəsiz və sabit bir ölkədir. İnanıram ki, UEFA Avropa Liqasının final oyunu da indiyədək Azərbaycanda keçirilən digər oyunlar kimi yüksək səviyyədə təşkil olunacaq. “Arsenal” və “Çelsi” komandalarına da uğurlar arzulayıram”.

YAP-ın fəal gənci Vüsalə Fətullayeva: “Bu gün hər kəs şahiddir ki, Azərbaycanda hər il mötəbər beynəlxalq tədbirlər keçirilir. Mən bu kimi tədbirlərin bir qismində özüm də könüllü qismində, eləcə də komanda rəhbəri qismində iştirak etmişəm və yarışlara öz töhfələrimi vermişəm. Biz hər zaman xarici antiazərbaycançı qüvvələrin ölkəmizin inkişafını gözügötürməməzliyinin şahidi olmuşuq. Azərbaycan hansı uğura imza atırsa dərhal ona qarşı qarayaxmağa çalışırlar. Onlar indi də “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək oyuna qarşı əks təbliğata başlayıblar. Biz hamımız bu oyunun Bakıda yüksək səviyyədə keçiriləcəyinə inanırıq. Heç kim bu sabitliyi poza bilməz”.

YAP-ın fəal gənci Nurlan Hacıyev: “UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi Azərbaycanın böyük nüfuz sahibi olmasından xəbər verir. Təbii ki, bu da bizim haqqı sözümüzü, istək və arzularımızın dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əvəzsiz rola malikdir. Həmçinin beynəlxalq layihələrdə də sözümüzün keçməsi labüddür. Hesab edirəm ki, bu kimi mötəbər oyunlara ev sahibliyi etməyimiz bizim üçün avantajdır”.

YAP-ın fəal gənci Yeganə Cavadova: “Düşünürəm ki, bu yarışların Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu, imici baxımından daha da əhəmiyyətlidir. Beləki Azərbaycan beynəlxalq arenada bir daha tanınacaq. Biz bilirik ki, yarışlara ev sahibliyi etməyimiz digər antimilli ünsürlər və qərb dairələri tərəfindən o qədər də yaxşı qarşılanmır və bu uğurlara qısqanclıqla yanaşırlar. Bütün bunlara baxmayaraq ölkəmiz UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsinə tam hazırdır”.

YAP-ın fəal gənci Kərim Kərimov: “Ümumiyyətlə Azərbaycanda indiyədək keçirilən “Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi yarışlar ölkəmizə çoxsaylı turistlər gətirdi və dünya ictimaiyyəti Azərbaycan reallıqları ilə bir daha tanış oldu. UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi də Azərbaycana xarici dövlətlər qarşısında çox böyük nüfuz qazandıracaq. Həmçinin deyərdim ki, Azərbaycanın xarici dövlətlər qarşısında bir daha tanınması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir”.

YAP-ın fəal gənci Fatimə Rəsulova: “Ümumiyyətlə ölkəmizdə keçirilən beynəlxalq layihələr fonunda antimilli ünsürlər bu layihələrin, yarışların keçirilməsini bir növ istəmirlər. Lakin biz Azərbaycan gənci olaraq buna qarşıyıq. Azərbaycan da digər dövlətlər kimi bu layihələrin keçirilməsinə yüksək səviyyədə hər zaman ev sahibliyi edib və bundan sonra da edəcək. Azərbaycanın belə oyunlara ev sahibliyi etməsi onun beynəlxalq reputasiyasına təsir göstərir. Müasir futbol dünyada nəinki idman, həm iqtisadiyyatı, həm də siyasəti əhatə edir. Ona görə, belə hadisələr müsbət hadisələrdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə