“Müstəqil Azərbaycan bütün sahələrdə inkişaf, tərəqqini əldə edir” FƏRRUX HAQVERDİYEV

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 101-ci ili tamam olur. Şərqdə ilk demokratik respublika kimi yaranan AXC-nin 23 aylıq mövcudluğu çətin və keşməkeşli olsa da, ümumilikdə bu dövr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir mərhələ kimi daxil olub”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev Xalq Cümhuriyyətinin növbəti ildönümü ilə bağlı fikirlərini açıqlayarkən deyib.

“Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində yaranan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddətli bir dövr, 23 aylıq zaman da kifayət qədər gərgin, regionda və dünyada gedən çətin proseslərə təsadüf edirdi”, deyə tarixi aspektlərə toxunan F.Haqverdiyevə görə, bir tərəfdən Çar Rusiyası AXC-nin yaranmasını istəmir və imkan düşdükcə ona zərbə vurmağa çalışır, zəiflədib sıradan çıxarmaq planları üzərində işləyirdisə, digər tərəfdən imperialist güclər, müstəmləkəçi dövlətlər Qafqazda Azərbaycan kimi müstəqil bir dövlətin yaranmasını istəmirdilər: “Düzdür, zaman keçdikcə ayrı-ayrı ölkələr AXC-ni tanımaq, onunla ikitərəfli əlaqələr qurmaq məcburiyyətində qalsa da, ancaq bu əməkdaşlıq, əlaqələr heç də səmimi notlar üzərində qurulmamışdı. Həmin dövlətlər, güc mərkəzləri də Qafqaz regionunda Azərbaycan kimi bir müstəqil dövlətin yaranması, onun inkişaf etməsini qısqanclıqla qarşılayırdılar. Lakin əngəllərə baxmayaraq Cümhuriyyəti inkişaf edir, möhkəmlənir, beynəlxalq aləmin ayrılmaz tərkib hissəsinə çevrilirdi. Beləliklə, 1918-ci il, may ayının 27-də Gürcüstanda elan edilən hökumətin ilk paytaxtı Gəncə şəhəri oldu. Bu da başadüşülən idi. Çünki həmin dövrdə Bakı şəhəri erməni daşnakları və bolşeviklərin nəzarəti altında idi. Ümumiyyətlə, AXC-nin 23 aylıq mövcudluğu dövründə belə demək mümkünsə 3 paytaxtı olmuşdu. Birinci paytaxt Tiflis şəhəri sayılırdı. Hansı ki, Tiflis Xalq Cümhuriyyətinin paytaxtı funksiyasını 1918-ci il, may ayının 28-dən iyunun 16-dək daşımışdı. İyunun 16-dan sentyabrın ortalarına qədər isə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə şəhəri olub, Nəhayət, 1918-ci il, sentyabrın 15-də Bakı Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu tərəfindən daşnak və bolşeviklərdən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə şəhərindən Bakı şəhərinə köçdü. Beləliklə, 1918-ci il, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək, demokratik respublika süquta uğradıldığı tarixə kimi Azərbaycan Xalq Cümhuriyyəti Bakıda fəaliyyət göstərdi”.

“Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı və 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində Cümhuriyyətin varlığına son qoyuldu”, deyən YAP Xızı rayon təşkilatının sədri əlavə edib ki, XX əsrin 80-90-cı illərində ittifaq tərkibində olan respublikalarda baş qaldıran milli-azadlıq mücadiləsi SSRİ-nin süqutunu sürətləndirdi: “Həmin dövrdə Azərbaycanda da müstəqillik, suverenlik tələbi ilə kütləvi mitinqlər keçirilir, xalq keçmiş SSRİ-nin tərkibindən çıxmaq istəyirdi. Hadisələrin artan templə cərəyan etməsi 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə nəticələndi. Elə həmin ilin oktyabr ayının 18-də Azərbaycan tarixdə ikinci dəfə müstəqilliyini bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikasının oxşar və fərqli cəhətlərinə gəlincə, hər iki tarixi olay çətin regional, beynəlxalq hadisələr fonunda meydana gəlmişdi. Həm AXC, həm də müstəqil Azərbaycan Respublikasının mövcudluğu bəzi region ölkələri, o cümlədən dünya dövlətlərini qane etmirdi. Ona görə də, müntəzəm olaraq həm AXC, həm də müstəqil Azərbaycan Respublikasına qarşı təhdidlər meydana çıxırdı. Ciddi cəhdlə bu müstəqilliyə mane olmağa çalışılırdı. Yaxud digər oxşarlıq müxtəlif sahələrdə həyata keçirilən islahatlar, dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlı idi. Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikasını fərqləndirən cəhətə gəlincə isə, AXC-dən fərqli olaraq müstəqil Azərbaycanı çökdürmək, onu süquta uğratmaq mümkün olmadı. Çünki ona dərin siyasi təcrübəyə malik, dünya şöhrətli siyasətçi ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi”.

F.Haqverdiyev bildirib ki, həm ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələnə qədər, həm də elə Heydər Əliyevin dövlətə rəhbərlik etdiyi ilk illərdə müstəqil Azərbaycanı parçalamağa, onu yenidən əsarət altına salmağa, bununla da müstəqilliyimizə son qoymağa çalışdılar: “Xaricdəki bəzi maraqlı antiAzərbaycan dairələr və onların daxildəki əlaltıları dövlət çevrilişinə cəhd edərək hakimiyyəti mənimsəməyə, bununla da ölkəmizi xaricdəki həmin dairələrin, dövlətlərin nəzarəti altına keçirməyə çalışdılar. Lakin bütün situasiyaları dəyərləndirib ondan itkisiz çıxan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana yönəlik təhlükələri də ustalıqla dəf etdi, ona yönəlik təhlükələri aradan qaldırdı. Ulu Öndər həmçinin Azərbaycanın müstəqilliyini, suverenliyini hədəf seçənlər, onu yenidən əsarət altına almaq istəyənlərə "Azərbaycanın müstəqilliyi dönməzdir. əbədidir" mesajını verməklə bəlli dairələrə öz yerlərini gəstərdi. Və bununla həm də onlara Azərbaycanın daxili işlərinə qarışmamağı tövsiyə etmiş oldu”.

Onun sözlərinə görə, tam əminliklə deyə bilərik ki, AXC-nin adı Məmməd Əmin Rəsulzadə və onun silahdaşları ilə bağlıdırsa, müstəqil Azərbaycanın da adı ümummilli lider Heydər Əliyevlə bağlıdır: “Məhz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonar yenicə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikası inkişaf etməyə başladı. Zəngin idarəçilik qabiliyyəti və dövlətçilik təcrübəsi olan Ulu öndər qısa zamanda bütün sahələrdə məqsədyönlü tədbirlər həyata keçirdi. İstər daxili, istərsə də xarici siyasətdə uğurlu gedişlər edərək Azərbaycanda sabitliyi bərqərar etməklə yanaşı, onu dünya birliyinin tamhüquqlu üzvünə çevirdi. Qeyd etdiyim kimi Ulu Öndərin həyatımızın bütün sahələrində həyata keçirdiyi islahatlar, tədbirlər hər bir sahədə inkişafa, tərəqqiyə səbəb oldu. Qlsa zamanda ölkədə mövcud olan sosial problemlər aradan qalxdı, Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsi istiqamətində mühüm addımlar atıldı. Bu addımlardan ən mühümü və bu gün də Azərbaycana böyük faydası olan "Əsrin müqaviləsi"nin imzalanması və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsi idi. XX əsrin əvvəllərində AXC qurucuları ölkədə hələ də tam mənada sabitliyin olmaması səbəbindən xarici sərmayələri Azərbaycana cəlb etməyə çətinlik çəkdikləri kimi, müstəqilliyin ilk illərində də eyni proses yaşanırdı. Ancaq müdrik siyasətçi Heydər Əliyev dərin dövlətçilik təcrübəsi ilə xarici sərmayədarları, dünyanın tanınmış neft şirkətlərini Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli bir layihəyə cəlb edə bildi. Bununla da Azərbaycan iqtisadiyyatının sürətli inkişafının təməli qoyuldu desək yanılmarıq.”

AXC-nin hüquqi varisi sayılan müstəqil Azərbaycan Respublikasının bu günkü vəziyyəti, inkişaf tendensiyasını da dəyərləndirən müsahibimiz daha bir neçə aspektə toxunub: “Əvvəla müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyətinin hüquqi varisi olması məqamına diqqət çəkmək istərdim. Məlumdur ki, bu reallığı, təkzibolunmaz faktı da ilk dəfə Ulu Öndər Heydər Əliyev səsləndirmişdi. Həqiqətən də bu günkü müstəqil Azərbaycan Respublikası AXC-nin hüquqi varisi olaraq inamla irəliyə doğru gedir, bütün sahələrdə inkişaf, tərəqqini əldə edir. Təbii ki, bütün bunlar da Heydər Əliyev siyasi kursunun günümüzdə uğurla davam etdirilməsidir.

Bu gün Azərbaycan postsovet məkanında inkişaf dinamikasına görə ön sırada yer alan ölkələrdəndir ki, bunun da əsasında Ümummilli liderin təməlini qoyduğu inkişaf siyasəti dayanır. Hazırda Azərbaycan kifayət qədər güclü bir dövlətdir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr yaradır, münasibətləri öz maraqları əsasında davam və inkişaf etdirir. Bunun da əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 16 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb və bu, dünya miqyasında analoqu olmayan inkişafdır. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır. Tarixə bağlılıq, keçmişə verilən dəyər, qiymət Xalq Cümhuriyyətinə olan münasibət fonunda da özünü göstərib. Belə ki, hələ Ulu Öndər Heydər Əliyevin zamanında ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Bundan başqa Heydər Əliyev tərəfindən Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması barədə müvafuiq sənəd imzalanmışdı. Keçən il isə hər birimiz bir daha qürur hissi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Bir sözlə bütün bunlar onu deməyə əsas verir ki, müstəqil Azərbaycan Respublikasında Xalq Cümhurıyyətinin qurucularına böyük hörmət və ehtiram var və bu münasibət Azərbaycan durduqca davam edəcək.

Sonda fürsətdən istifadə edərək başda Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla hər kəsin bayramını təbrik edir, xalqımıza nöbəti bayramları işğal altında olan torpaqlarımızda keçirməyi arzu ediərm”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...