"Erməni lobbisi Mxitaryanın piarını Bakı finalı üzərindən qurmağa çalışdı" RƏY-ÖZƏL

“Bakıda keçiriləcək Avropa Liqasının final oyununun siyasiləşdirilməsi nəticəsində deyə bilərik ki, artıq idman müəyyən dairələrin maraqlarına xidmət edir. Bu məqam təəssüfedici olsa da, son hadisələr göstərdi ki, erməni dairələri, Azərbaycanı istəməyən xarici qüvvələr məhz bu metoddan istifadə etməklə ölkəmizə qarşı çirkin kampaniya təşkil etməyə cəhd etdilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin depuatı Azər Badamov deyib.

Deputat söyləyib ki, erməni əsilli futbolçu Mxitaryan bir oyunçu kimi dəyəri olmadığından “Arsenal” onu daha baha qiymətə satmaq üçün ondan Azərbaycana qarşı “qara piar” kimi istifadə etmək istədi: “Özünü doğrultmadığı üçün satışa çıxarılan oyunçu həddindən artıq reklam olundu. Burada məqsəd əlbəttə ki onun daha baha qiymətə satılması ola bilərdi. Bəlkə də “Arsenal” Mxitaryandan uzaqlaşmaq üçün bu söz-söhbətləri ortaya atıb. Çünki, erməni əsilli idmançı “Arsenal” üçün uğurlu oyunçu deyil. Onu ancaq bu cür piar kampaniyaları ilə baha qiymətə satmaq mümkündür. Klub rəhbərliyi, eləcə də erməni lobbisi bu piarı Bakıdakı final oyunu üzərindən qurmağa çalışdılar”.

Bakıdakı final oyunu ilə bağlı gözləntilərin yüksək olduğunu deyən A.Badamov qeyd edib ki, final oyununun təşkilatçılıq, təhlükəsizlik işləri çox yüksək səviyyədə hazırlanıb: “Artıq Bakıdakı finalda top qovacaq futbolçular da qarşılanıb. Onlar da yaradılan şəraitdən razılıqlarını bildiriblər. Bu finalda kimin qələbə qazanacağı o qədər də önəmli deyil. Burada qələbə qazanan Azərbaycandır. Çünki yüksək səviyyədə final təşkil edə biliriksə, bu bizim qələbəmizdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...