"Xədicə İsmayıl Ermənistanın istəklərinə tamamilə cavab verir" AÇIQLAMA-ÖZƏL

“Xədicə İsmayıl artıq çoxdandır ki, xaricdəki anti-Azərbaycan mərkəzlərinin tapşırığı ilə Azərbaycan cəmiyyətində milli maraqlarımıza zidd siyasət yeritməklə məşğuldur. Həmin “xanım” verilən tapşırıqların xalqımızın maraqlarına zidd olduğunun, ərazi bütövlüyümüzün əleyhinə getdiyinin, qəhrəmanlarımızın ləkələnməsinə yönəldiyinin fərqində deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Xədicə İsmayıl tərəfindən səslənən fikirlər erməni diaspor dairələrinin arzuladığı haldır.

Deputat söyləyib ki, çünki erməni lobbisi Azərbaycanın ərazi bütövlüyündən əl çəkməsini, ölkəmiz qüdrətli silahlı qüvvələr yaratmaq istəyinə son qoymasını, ən əsası isə Ermənistanın istəklərinə uyğun siyasət yürütməsini istəyir: “Bu baxımdan vaxtaşırı Azərbaycan cəmiyyətindən satqın təxəyyüllü insanlar axtarıb tapmağa çalışılır. Xədicə İsmayıl isə onların istəklərinə tamamilə cavab verir”.

Xədisə İsmayılların Azərbaycanda barmaqla sayılan qədər olduğunu deyən A. Mirzəzadə qeyd edib ki, Azərbaycan xalqı özünün qəhrəmanlarını tanıyır və onların hörmətini saxlayır, heç bir zaman öz torpaqlarını Ermənistana güzəştə getməyəcək: “Azərbaycan ərazi bütövlüyünü təmin etməyincə, Ermənistan həmişə güclü təzyiqlərə məruz qalacaqdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə