"Armen Sərkisyanla “stop yalan” mövzusunda polemikaya girmək istəyirəm"

"Ermənistan prezidenti Armen Sərkisyan Qazaxıstanda keçirilən ənənəvi media forumda çıxışı zamanı Dağlıq Qarabağ probleminin Ermənistanın inkişafına maneçilik törətmədiyini, Dağlıq Qarabağ probleminin olmasına baxmayaraq Ermənistanın regional layihələrdə iştirakını bildirdi". Bunu SİA-ya verdiyi açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun verdiyi məlumata görə, A.Sərkisyan Qazaxıstandakı mediaforumun təsisçilərindən biridir: "İngiltərədə yaşadığı dövrdə Rusiya və Qazaxıstan ərazisində layihələrini yarada bilib. Bu günlərdə birbaşa və ya dolayısı yolla həmin layihələrini idarə edir. Qazaxıstanda uzun müddət olmasının səbəblərindən biri də biri burdur. Amma Qazaxıstanda olduğu dövrdə Ermənistanda da vəziyyət gərginləşdi və o, Baş nazir N.Paşinyanın atdığı addımların əleyhinə bəyanat verməyə məcbur oldu. Ola bilər məhz bu faktora görə A.Sərkisyan hələki Yerevana qayıda bilmir və Qazaxıstanda olarkən bir neçə dəfə N.Paşinyanın adını major tonda hallandırıb. Ən azı Azərbaycanla Ermənistan arasında danışıqların ən yüksək səviyyədə getdiyi ilə bağlı verdiyi açıqlama bunu göstərir. Azərbaycan Respublikasının Prezidenti öz ölkəsində ən yüksək səviyyədir. Amma eyni sözü Nikol Paşinyan haqqında demək mümkün deyil. Çünki Ermənistan konstitusiyasında o məsələ qeyri-müəyyən olaraq qalıb. Yaxınlarda Ermənistanda kimin birinci şəxs olması üstündə başlayan mübahisə bunu aşkar şəkildə göstərdi. Əslində bu girişi belə təqdimatda məqsədimiz Armen Sərkisyanın gop qabiliyyətinin nə səviyyədə olduğunu göstərmək üçündür. Dağlıq Qarabağ problemi Ermənistan dövlətçiliyini dağıdır. Dağlıq Qarabağ problemi dünya erməniliyinə sarsıdıcı zərbə vurub. Bunu arqumentləşdirməyə çalışacağıq:

I. 1988-ci ildə Ermənistan SSRİ-də ən yaxşı yaşayan müttəfiq respublikalardan biri idi və SSRİ-dən çıxarkən ən azı 7-8 milyard dollar büdcəyə malik idi. Bunun böyük bir qismi Spitak zəlzələsinə görə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovun ayırdığı 2 ilik dövlət büdcəsi məbləğində vəsaitin hesabına idi. Təxminən bu 6-7 milyard dollara yaxın pul idi. Spitak bu gün də tikilməyib. O pul Dağlıq Qarabağ müharibəsinə, erməni separatçılığının dəstəklənməsinə yönəldi. Müəyyən bir qismi isə Ermənistan rəhbərliyinin ciblərinə axdı.

Spitak zəlzələsi zamanı ABŞ-dan Ermənistana gələn humanitar yardıma ata Corc Buşun Florida ştatının qubernatoru olan oğlu Ceb Buş başçılıq etdi. ABŞ və İran Ermənistanın müstəqilliyinin ilk 10 ili ərzində hər birisi ayrı-ayrılıqda 2 milyard dollara yaxın Ermənistana yardım etmişdilər. Bu pullar da Dağlıq Qarabağ münaqişəsinə sərf olundu.

20 il ərzində dövlət büdcəsi 4 milyard dollar artıq pul qazanıb.

Bu gün Ermənistanın 7 milyard dollar borcu var.

II. Dağlıq Qarabağ münaqişəsindən əvvəl bütün ermənilər arasında çox ciddi birik var idi. Livanda ziyalı ailədə böyümüş sonradan Amerikanın Berkli universitetində təhsil alan Monte Melkonyanın təhsilini yarımçıq qoyaraq Dağlıq Qarabağa vuruşmağa gəlməsi bunun ən bariz nümunələrindən biridir. Berkli universitetinin magistrantı özünü Dağlıq Qarabağdakı quldurlara bərabər tutdu və onlarla bir sırada vuruşdu. Əlbəttə, layiqli cəzasını aldı.

Bu gün Ermənistanla dünya erməniliyinin münasibətləri gərgindir. Şarl Aznavur Ermənistanda təhqir olunub, Edvard Cerecyan Ermənistanda olarkən ölkə rəhbərliyi onu qəbul etməkdən imtina edib. Elə bu gün Armen Sərkisyanın özünün Ermənistanda və dünyanın digər ermənilər yaşayan məkanlarında başına gələnlər göstərir ki, indiki Ermənistan obrazı yaradılan Ermənistan deyil.

III. Ermənilər SSRİ dağılan ərəfədə real-virtual 15 milyon nəfərlik dövlət qurmaq istəyirdilər. 5 milyonu Ermənistanda, 10 milyonu isə Ermənistandan kənarda yaşayan ermənilər nəzərdə tutulmuşdu. Ermənistanda indi yaşayan ermənilərin rəsmi sayı hətta 3 milyon deyil. Dünyada ermənilərin sayı 6-7 milyon ola bilər. Ermənistandakı erməniləri miqrasiyaya vadar edən kökündə Dağlıq Qarabağ məsələsinin həll olunmamış qalması dayanan sosial, iqtisadi problemlərdir. Dünya erməniliyinin sayının azalmasında səbəb isə “ağ ölüm” deyilən assimilyasiyadır.

Haşiyə: Hətta bəzi ermənilər elan etdilər ki, əgər “erməni soyqırımı” olmasaydı indi dünyada olan ermənilərin sayı 70 milyon nəfər olacaqdı. 100 il bundan qabaq 70 milyonluq dövlət iddiasında olanlar indi 3 milyonluq dövləti idarə edə bilmirlər.

IV. Dağlıq Qarabağ münaqişəsi başlanarkən bütün dövlətlər Ermənistanın müttəfiqi idi. Çünki Azərbaycanı heç kəs tanımırdı. Dünyaya səpələnmiş ermənilər isə Ermənistan haqqında miflər yaratmışdılar. Azərbaycan hətta guya Dağlıq Qarabağda nəinki erməniləri, hətta yəhudiləri də qırır. Azərbaycan nəinki Ermənistanı, hətta Gürcüstanı blokadaya alıb və bütün dünya dövlətləri də buna inanırdı.

İndi isə Ermənistanın demək olar ki, heç bir müttəfiqi qalmayıb. İstər Şərqdə, Qərbdə, Cənubda və Şimalda heç bir dövlət Ermənistanı müttəfiq kimi qəbul etmir. Bəzi dövlətlərin Ermənistandan və dünya ermənilərindən alət kimi istifadə etmək marağı üzdədir.

Armen Sərkisyan bizim bu 4 punkt üzrə dediyimiz arqumentlərin hər birisinə opponentlik edə bilər. O, Levon Ter-Petrosyanın dövründə təxminən 6 ay Ermənistanın Baş naziri işləyib. Buna təkcə alim, diplomat kimi yanaşmaq lazım

deyil, bu dövlət həyatı, idarəçiliyi nədir çox gözəl bilən adamlardan biridir. A. Sərkisyan güclü intellekt sahibidir. Bunları bilə-bilə A. Sərkisyanın müdriklik yaşında yalan danışması ilk növbədə erməni xalqına ziyandır. Əlbəttə əgər o, bu gün də şəxsiyyətini qoruyursa elə həm də özünün şəxsiyyətinə zərbədir.

Dağlıq Qarabağ məsələsinin Ermənistanın regional layihələrdə iştirakına maneçilik törətməməsi ilə bağlı dedikləri Armen Sərkisyan ən böyük yalanlarındandır.

Ermənistanın hansısa bir regional layihələrdə iştirakını Armen Sərkisyan deyə bilməz. Əgər Avrasiya İqtisadi Birliyini regional layihə kimi götürürsə Avrasiya İqtisadi Birliyinə Ermənistan məcburən qoşuldu. 2013-cü ildə Serj Sərkisyanın Moskvada bir gecə başına gətirilənlərdən sonra onun AİB-ə üzvlüyü ilə bağlı verdiyi bəyanat heç kəsin yadından çıxmayıb və bu gün də AİB-in Ermənistan üçün faydalı olub-olmaması ciddi müzakirə mövzusudur.

Armen Sərkisyan Cənubi Qafqaz regionunda reallaşan bütün kommunikasiya, enerji, tranzit layihələrini təhlil edə bilər. Nəticədə görəcək ki, Ermənistan bu layihələrin heç birisində iştirak etmir. Ermənistan və A.Sərkisyan da daxil olmaqla dünya erməniliyi bu layihələrə maneələr yaradıblar. Sadəcə alınmayıb. Ermənilərin içərisində yalan danışmağı, gop eləməyi bacaran təkcə A.Sərkisyan deyil. Serj Sərkisyan da çox güclü yalançı idi. Serj Sərkisyan Ermənistanı dünyaya elə təqdim etmişdi ki, əksəriyyət elə bilirdi Avropa ilə Asiya arasından gedən yol Ermənistandan keçir. Ermənistan Avropa ilə Asiya arasında vacib tranzit yoludur. Hətta Polşa prezidentləri 2 dəfə Polşadan Əfqanıstana uçarkən tranzit kimi Ermənistanın ərazisindən istifadə etmişdi. İndi artıq dünya tədricən başa düşür ki, Ermənistan Cənubi Qafqaz regionun küncündə olan ölkədir.

Robert Köçəryanın hakimiyyətdə olduğu dövrdə, 2007-ci ildə Ermənistan-İran dəmir yolunun tikintisi gündəliyə gəldi. 2008-ci ildə S.Sərkisyan bu məsələyə çox ciddi dinamizm verdi və 2012-ci ildə hətta bu məsələ ilə bağlı müqavilə imzalandı. N.Paşinyanın dövründə “məxməri inqilab” başlayandan bir neçə ay sonra bu məqsəd üçün yaradılmış “Rasia” kompaniyasının rəhbəri Cozef Borkovski Ermənistanı beynəlxalq məhkəməyə verdi, 160 milyon dollar pul tələb etdi.

“Şimal-Cənub” avtomobil yolu bərbad vəziyyətdədir. Asiya İnkişaf Bankından, Çindən və s. banklardan götürülən kreditlər xərclənib qurtarıb. Yolun isə 20 faizi çəkilməyib, hələ o 20 faizin də içərisində böyük korrupsiyalar var.

Fars körfəzi-Qara dəniz dəmir yolu ideyası da iflasdadır, müzakirəyə də çıxarılası halı yoxdur.

İran qazının Ermənistan vasitəsilə Gürcüstana nəqli məsələsi ideyası da bundan bərbad gündədir.

A.Sərkisyan anlamaq istəmir ki, Çinin “Bir qurşaq, bir yol” layihəsində Qazaxıstan-Azərbaycan- Gürcüstan marşrutu İran-Ermənistan-Gürcüstan marşurtundan daha qısa və sərfəlidir.

Azərbaycanın beynəlxalq miqyaslı layihələrin müəllifi olduğunu isə sadalamağa ehtiyac yoxdur. Armen Sərkisyan dünya energetikasına bələddir, o, Bakı-Tbilisi-Ceyhanın, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qarsın, eləcə də indi tikilən TAP, TANAP layihələrinin dünya üçün nə boyda əhəmiyyətə malik olduğunu çox gözəl bilir. Özü də daxil olmaqla, ermənilər bu layihələrə qarşı uzun müddət mübarizə aparıblar. Azərbaycan Respublikasının Prezidenti isə bütün müqavimətləri dəf edə bilib.

Armen Sərkisyan ən azı nəvələrini fikirləşsin. Əgər nəvələrinin Ermənistan adlı dövlətə gəlməsini istəyirsə, bu dövlətin yaşaması uğurunda çalışmalıdır. Güclü intellekti və bacarığı yalan istehsalına deyil, real Ermənistanın qurulmasına yönəlməlidir. Bu isə Dağlıq Qarabağ probleminin həlli olmadan mümkün deyil. Bunu A.Sərkisyan çox gözəl bilir. Ona görə Armen Sərkisyana deyirəm: özü üçün “stop yalan” sloqanını şüara çevirsin".

Bütün xəbərlər Facebook səhifəmizdə