Mxitaryan futbol oynayır, yoxsa ipli kukla kimi oynadılır? ANALITIKA

Arsenalın erməni əsilli futbolçusunun özündən razılığı, müştəbehliyi və təkəbbürü nəticədə özünün ətrafında yaratdığı sifarişli gen-bol reklamını bumeranq zərbəsinə çevirdi

Bu günlərdə məlum oldu ki, İngiltərənin Arsenal futbol klubunun erməni əsilli futbolçusu Henrix Mxitaryan həmin klubdan uzaqlaşdırılacaq. Əslində burada təəccüblü nə isə yoxdur. Çünki erməni futbolçu artıq özünü doğrultmur, hətta yerli oyunlarda belə, ehtiyat oyunçular skamyasında iki taymın bitməsini gözləyir. Onu da qeyd etmək yerinə düşərdi ki, Mxitaryanın özündən razılığı, müştəbehliyi və təkəbbürü nəticədə özünün ətrafında yaratdığı sifarişli gen-bol reklamını bumeranq zərbəsinə çevirdi. Bu zərbə həm də onun karyerasına kifayət qədər mənfi təsirini göstərdi. Yeri gəlmişkən, Arsenal rəhbərliyi də fürsətdən istifadə edərək, Mxiratyanı komandadan uzaqlaşdırmaq qərarını verməklə, həm də Mxitaryanın erməni lobbisinin və lobbi ilə əlbir olan müəyyən siyasi dairələrinin təsiri altında olmasına qarşı etirazlarını bildiriblər. Bu etirazların tərkibində klub rəhbərliyinin futbolçu ilə növbəti ildə müqavilənin uzadılmaması faktını göstərmək olar.

Arsenal Mxiratyandan imtina edir: “O, artıq özünü doğrultmur, ona görə də çox vaxt ehtiyatda saxlanılır”

Düzdür, hər bir əcnəbi futbolçu, yaxud digər idman növündə təmsil olunan legioner idmançı milli mənsubiyyətini, yaxud doğulduğu ölkəsinin maraqlarını təmsil edə bilər, ancaq bu maraqlar qərəz, böhtan, şər üzərində qurulmamalıdır!

Növbəti haşiyəni çıxaraq, daha bir xatırlatmanı etmək tam yerinə düşərdi. Henrix Mxitaryan təmsil olunduğu ölkəsi tərəfindən işğal olunan və işğal olunması faktı nüfuzlu beynəlxalq qurumlar tərəfindən tanınan Qarabağa 3 dəfə (!!!) qanunsuz səfərlər edib. Bəllidir ki, belə bir addım atan şəxslər Azərbaycan qanunlarının tələb etdiyi müddəalar çərçivəsində ittiham olunur, həmçinin, qara siyahıya salınırlar. Ancaq Azərbaycan dövlətinin idmanı siyasətə qatmamaq prinsipi, üstəlik Mxitaryanın qanunsuz addımını güzəştə getməsi, o cümlədən, Bakıya gələcəyi halda ən yüksək təhlükəsizlik təminatının vəd edilməsi artıq özü-özlüyündə ölkəmizə qarşı aparılan qara, məntiqsiz, heç bir əsası olmayan piarların üzərindən çalın-çarpaz xətlər çəkdi. Ancaq erməni futbolçu yenə də, sözün əsl mənasında ermənilik həyasızlığına salaraq, necə deyərlər, özünü mətaha mindirməkdə davam etdi. Nəticədə, elə təmsil olunduğu Arsenal klubu onun yararsız, lazımsız və oyun keyfiyyəti aşağı düşmüş futbolçu olduğunu bəyan edərək, “O, artıq özünü doğrultmur, ona görə də çox vaxt ehtiyatda saxlanılır”, fikirlərini irəli sürərək, növbəti mövsümdə heyətində görmək istəmədiyini bildirdi. Məhz bu reallıq onun erməni həyasızlığına dəyən ciddi bumeranq zərbəsi oldu.

Azad Rəhimovun F 16 ironiyası Azərbaycan əleyhinə işləyən qara PR maşınının nasaz olduğunu sübuta yetirdi

Lakin istisna etmək olmaz ki, Mxitaryanın təhlükəsizliyi məsələsi Azərbaycanı istəməyən xarici qüvvələrin ölkəmizə qarşı çirkin kampaniya təşkil etmək, Arsenal tərəfindən Mxitaryanı reklam edib daha baha qiymətə satmaq və istisna deyil ki, gələcək məğlubiyyətdən sığortalanmaq məqsədi daşıyıb.

Bu arada, Azərbaycanın İdman və Gənclər naziri Azad Rəhimovun xarici mediaya verdiyi müsahibəsində “Bəlkə onun dalınca F 16 qırıcı təyyarəsi göndərək” tipli yerində deyilmiş ironiyasını da xatırlaya bilərik. Məhz bu ironiya attıq özü-özlüyündə bütün kartları tam şəkildə açdı, erməni lobbisinin, Azərbaycan əleyhinə işləyən qara PR maşınının nasaz olduğunu sübuta yetirdi. Çünki Bakıda UEFA finalı baş tutacaq və artıq Bakı öz qonaqlarını qəbul etməyə başlayıb belə!

UEFA-nın prezidenti Aleksandr Ceferin: “Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”

Daha bir mühüm məqama diqqət yetirək. Belə ki, UEFA-nın prezidenti Aleksandr Ceferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib. Belə ki, Ceferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir. UEFA prezidenti Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. Bildirib ki, Mxitaryanın dedikləri Fransada “Avro-2016” keçirildiyi ilə paralellik təşkil edir. “Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”, - deyə UEFA prezidenti qeyd edib.

Sonda isə qeyd etmək yerinə düşərdi ki, bütün bu kimi çirkin kampaniyaların təməlində Mxitaryanın futbol oyunçusu kimi deyil, ipli kukla kimi oynadılması faktı həqiqətən də bir sıra hallarda siyasətin idmana bulaşdırılması amilini növbəti dəfə ortaya atır. Lakin Azərbaycan reallığı bir daha bütün dünyaya sübut etdi ki, belə çirkin siyasi oyunlar üçün meydanın Bakı olaraq seçilməsi səhv bir qərardır, çünki Azərbaycan xalqının çox gözəl bir atalar misalı var, yalan ayaq tutar, amma yeriməz. Necə ki, Mxitaryan və onun havadarları özləri-özlərinə yalan hay-şivəlnləri ilə çox dərin bir quyu qazmış oldular…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə