İsmayıl Quliyev: "Bakı əmin-amanlıq, gözəllik və insanpərvərliyin təcəssümüdür"

"AMNESTY INTERNATIONAL" beynəlxalq təşkilatı tərəfindən Azərbaycandakı UEFA Avropa Liqası final oyununa yönəlik bəyanat, göründüyü kimi, futbol və idman əhval-ruhiyyəsi ilə səslənməyən açıq-aşkar ənənəvi siyasi təzyiq vasitəsi kimi qiymətləndirilir və milyonların sevinc,emosiyalarını ifadə edən böyük bir idman bayramının bir qrupun siyasi ambisiyalarına qurban verilməsinə cəhd kimi dəyərləndiririk.

İnsanların, vətəndaşların siyasətdən kənar sosial-mədəni həyatına siyasi ambisiya və siyasi təzyiq vasitələrindən dolayı kobud müdaxilə edib alçaltmaq və insanların hisslərinə hörmət etmədən beynəlxalq ictimaiyyəti caşdırmaqla onlardan şəxsi qərəzçilik vasitəsi kimi istifadə olunması cəhdlərinə təəssüf edir və qəti şəkildə pisləyirik.

Bununla bağlı “Region” Analitik İnformasiya Mərkəzi geniş məqalə ilə çıxış edərək, "Azərbaycan naminə birləşək" kampaniyası çərçivəsində bir çox beynəlxalq və yerli təşkilatlara, Azərbaycan vətəndaşlarına və xaricdə yaşayan azərbaycanlılara müraciət etmişdir.

“Region” Analitik İnformasiya Mərkəzi tərəfindən hazırlanmış "Azərbaycan naminə birləşək" adlı məqalə və video çarx dünyanın bir çox ölkələrinin müxtəlif ünvanlarına göndərilmiş və Azərbaycanın füsunkar təbiətini, Xəzər dənizi sahilində yerləşən qədim və müasir Şərq-Qərb mədəniyyətlərini özündə təcəssüm etdirən Bakı şəhərinin gözəlliyinin, əmin-amanlıq və vətəndaşlarımızın səmimi insanpərvərliyinin, əsl Qafqaz qonaqpərvərliyinin şahidi olmaq üçün ölkəmizə dəvət olunmuşlar.

Həmin məqalə və videoçarxı "AMNESTY INTERNATIONAL" təşkilatı Mərkəzi ofisinin elektron ünvanına göndərərək bu təşkilatın əməkdaşlarını Azərbaycandakı sabitlik, əmin-amanlıq, söz, vicdan və vətəndaş azadlığı şəraitində Azərbaycan qonaqpərvərliyinin şahidi olmağa dəvət edirik.

İsmayıl Quliyev

“REGİON” Analitik İnformasiya Mərkəzinin təmsilçisi

Bütün xəbərlər Facebook səhifəmizdə