""Amnesty İnternational"ın mövqeyi "sürpriz" deyil" - BƏHRUZ QULİYEV

""Amnesty İnternational" kimi beynəlxalq təşkilatların zaman-zaman Azərbaycanla bağlı qərəzli mövqelərinin şahidi olmuşuq. Bu baxımdan təşkilatın Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləməsi də gözlənilən idi”. Bu fikirləri açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, hələ "Eurovision-2012" musiqi yarışması, daha sonra I Avropa, İslam Həmrəylik Oyunları, eləcə də Forumula 1 ərəfəsində də bu və bu kimi digər erməni lobbisinin təlimatları ilə işləyən təşkilatlar "qara piar" kampaniyalarına qoşularaq, ölkəmizin nüfuzuna ləkə yaxmağa cəhd göstəriblər: “Əgər hazırda digər təşkilatlar da ölkəmizdə keçiriləcək mühüm yarış ərəfəsində belə bir kampaniyaya qoşulsa, bu da Azərbaycan cəmiyyəti üçün yenilik olmayacaq”.

Bu cür təşkilatların davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışdığını deyən siyasi ekspert söyləyib ki, bəzi anti-Azərbaycan qüvvələr heç bir fürsəti də əldən vermək istəmir və Avropa Liqasının final mərhələsinin Azərbaycanda keçirilməsini ölkəmizə qarşı həyata keçirilən "qara piar" kampaniyasının əsas mövzusuna çevirməyə çalışırlar: “Artıq bir müddətdir ki, anti-Azərbaycançı qüvvələr yenidən fəaliyyətə başlayıblar. Onlar "qara piar" kampaniyalarına qoşularaq, ölkəmizin nüfuzuna ləkə yaxmağa cəhd göstərirlər. Hesab edirəm Azərbaycan cəmiyyətinə bu cür təşkilatların mövqeyi bəllidir və proseslərlə maraqlanan hər bir kəs həyata keçirilən “fəaliyyətin” kampaniyanın tərkib hissəsi olduğunu yaxşı anlayır”.

B.Quliyev qeyd edib ki, indiyədək Azərbaycana qarşı həyata keçirilən çağırışlar onların istədiyi nəticələri vermədiyi kimi budəfəki cəhd də fiaskoya uğrayacaq: “Çünki Azərbaycanın inkişaf reallığı dünya tərəfindən qəbul edilir və bu, beynəlxalq hesabatlarda, müxtəlif reytinqlərdə özünü göstərir. Hətta ölkəmiz dünyada mövcud olan iqtisadi böhran zamanı da özünü bu böhrandan sığortalamaqla yanaşı, inkişaf tendensiyasını davam etdirib. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi-sosial siyasət nəticəsində ölkəmiz iqtisadi böhranın girdabına düşməyib. Təbii ki, bütün bunlar dünyanın diqqətindən yayınmır və Azərbaycanın inkişafı beynəlxalq səviyyədə qiymətləndirilir. Bir sözlə Azərbaycan müxtəlif qarayaxma kampaniyalarına cavab olaraq demokratik və müstəqil siyasət yürüdən, inkişaf edən ölkə olduğunu həyata keçirdiyi islahatlar, görülən işlərlə sübut edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə