"Prezident İlham Əliyev Azərbaycana müdrüklüklə, peşəkarlıqla rəhbərlik edir" Mədət Quliyev

"Mən də burada durarkən çox ağır hisslər keçirirəm. Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin polisində xəfiyyə işləmişdir. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində işləmişdir. Gəncənin, Xanların, Samuxun, Qasım İsmayılov rayonunun rəisi olmuşdur və 1930-cu ilin noyabrın 28-də Gəncədə o, saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi burada durduğum və yaxud kimsənin durduğu yerdə onu orada qətlə yetiriblər". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edərkən deyib.

DTX rəisi bildirib ki, 1988-1993-cü illərdə Azərbaycanda fəlakət, böhran, hərc-mərclik, biabırçılıq gördük: "Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq istəyən əlinə tapanca alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi. Belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı. Faktiki 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum və belə bir anda xalqımız, qədir bilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdilər. Bəlkə də indi, o vaxtı hər cürətli adam, Azərbaycana gəlməzdi. Artıq mən bu vəzifədən görürəm ki, onlar, o siyasi dəstələr də digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan o qruplar idi və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi. Belə bir an Ulu Öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoydu, Azərbaycana qayıtdı və Azərbaycanı tərəqqi yoluna qoydu. Bu gün banisi olan, Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə biz yaşayırıq. Azərbaycanı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, amma biz reallıqda yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik, biz onlardan qat-qat üstünük.
Ulu Öndərin siyasi varisi, möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycana müdrüklüklə, peşəkarlıqla rəhbərlik edir".

M.Quliyev əlavə edib ki, Azərbaycana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə layihələr hazırlanır: "Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq. Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz. Bunun hamısında biz həm Ulu Öndərə və bu gün Azərbaycana rəhbərlik edən möhtərəm Prezidentimizə minnətdar olmalıyıq. Xalqımız tarixin təkrar olunmaması üçün möhtərəm Prezidentimizin ətrafında sıx durmalı, öz vəzifə borcumuzu məharətlə yerinə yetirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə