YAP-ın qərargahında “Son iclas” filmi nümayiş etdirilib -VİDEO- FOTOLAR -YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında "Son iclas" filmi nümayiş etdirilib. Əvvəlcə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib. Müasir müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu deyən Əli Əhmədov bildirib ki, bu gün ölkəmiz bütün sahələrdə inkişaf edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir.

“Bugünkü Azərbaycan reallıqları hər bir azərbaycanlının mənafeyinə cavab verir. Azərbaycanın müstəqillik ideyaları yaşayır və inkişaf edir”,-deyə Əli Əhmədov vurğulayıb.

YAP-ın Sədr müavini deyib ki, bu gün Azərbaycan dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdəndir: “Əhalinin sosial rifahinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanması üçün baza meydana gəlmiş olub. Azərbaycan Respublikası AXC-nin varisidir. AXC qurucuları bu gün sağ olsaydılar bugünkü müstəqil Azərbaycanla fəxr edərdilər".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın diplomatik sferada nailiyyətləri qürur duymaq üçün kifayət qədər əsas verir: "Dövlətimiz digər xarici ölkələrdə uğurlu diplomatik əlaqələr qurub. Azərbaycandakı təhlükəsizlik və əmin-amanlıq xüsusi vurğulanmalıdır. Bunu xalqımız da görür. Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir, ölkəmiz günü-gündən inkişaf edir".

Sonra "Son iclas" filmi nümayiş etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə