Fransanın əsl üzü: Makron söz və mətbuat azadlığına qarşı

Hər fürsətdə digər ölkələrə mətbuat azadlığı haqqında dərs verməyə çalışan Fransa özünün milli təhlükəsizliyi gündəmə gələndə istədiyi zaman istədiyi jurnalisti sorğuya çəkir, hətta sərt şəkildə cəzalandırır. SİA Fransa mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Daxili Kəşfiyyat İdarəsi (DKİ) bir daha jurnalistləri sorguya çağırıb.

Xəbərdə deyilir ki, DKİ bu dəfə Le Monde qəzetinin rəhbəri Louis Dreyfusu hədəfə alıb. Prezident Emmanuel Makronun keçmiş baş cangüdəni Aleksandr Benalla barədə verdiyi xəbərə aydınlıq gətirmək üçün sorğuya çəkilən Dreyfusla bərabər həmin qəzetin digər yazarı Ariane Chemin də 29 mayda ifadə verəcək. İstintaq jurnalistlərin sorğuya çəkilmələrinin səbəbini də göstərib. Qeyd edilib ki, qəzet Banellanı bir əsgər, bir cangüdən kimi ifşa edib, onun məxfiliyini bilərəkdən yayıb, kimliyi barədə açıqlama verib.

Digər tərəfdən, daha üç jurnalistin Yəməndəki döyüşlərdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri orduları tərəfindən istifadə edilən silahlar barədə xəbər vermələri də milli təhlükəsizliyə xələl gətirdiyindən onlar da DKİ tərəfindən sorğulanacaq. Mayın 28-də hər üç jurnalist də DKİ-yə çağırılıb.

Fransanın kəşfiyyat idarəsi tərəfindən jurnalistlərin sorğulanmasına isə Avropa Birliyi və digər Avropa institutları, eyni zamanda qeyri-hökumət təşkilatları tərəfindən heç bir reaksiya verilmir. Niyə? Halbuki oxşar hadisələr Azərbaycanda yaşansaydı həmin təşkilat və qurumların bəyanatları bütün dünyanın bürümüşdü. Amma söhbət Fransa və bu kimi ölkələrdən gedirsə, burada ikili standartlar, ayrı-seçkiliklər yada düşür. Sanki, söz və mətbuat azadlığı, jurnalist müstəqilliyi yalnız Azərbaycana aiddir. Fransanın milli təhlükəsizliyinə təhlükə törədən, yaxud buna cəhd edən kim olur-olsun zərərsizləşdirilməlidir. Azərbaycanın milli təhlükəsizliyi isə onlar üçün heç bir əhəmiyyət daşımır, kim nə istəyir yazsın, qarşı çıxan olsa bəyanatlar artıq hazırdır.

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə