“Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” TƏDBİR-FOTOLAR-YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar. SİA-nın verdiyi məlumata görə, əvvəlcə gənclər Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.

Sonra YAP Gənclər Birliyinin üzvləri parlamentin iclas zalı ilə tanış olublar. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gəncləri salamlayıb, gənclərin 28 May Respublika Günü ərəfəsində Azərbaycan parlamentinin fəaliyyəti ilə tanış olmalarının əhəmiyyətini vurğulayıb.

Sonra Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev parlamentin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, parlamentin binası hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevi təşəbbüsü ilə tikilərək istifadəyə verilib. Azərbaycan parlamentinin keçdiyi yolun əhəmiyyətindən danışan S.Mirzəyev qeyd edib ki, Milli Məclis 125 deputatdan ibarətdir. S.Mirzəyev 1995-ci ildən indiyə kimi parlamentin 2000-dən çox qanun və qərar qəbul edib.

Daha sonra YAP Gənclər Birliyinin üzvləri parlamentdə “Heydər Əliyev” xatirə zalı ilə tanış olublar.

Sonra “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda dəyirmi masa öz işinə başlayıb. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mövzunun aktual olduğunu qeyd edib. O bildirib ki, gənclərimiz xalqımızın tarixini, o cümlədən, parlamentin tarixini dərindən öyrənməlidir. Bu baxımdan, belə bir dəyirmi masanın keçirilməsi əhəmiyyətlidir.

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək 28 May Respublika Gününün tariximizdə mühüm yer tutduğunu bildirib. B.Muradova cümhuriyyət irsinin öyrənilməsinin, bundan ibrət dərsi götürməli olduğumuzu deyib.

Vitse-spiker Cümuriyyət qurucularının xatirəsinin böyük ehtiramla yad edildiyini diqqətə çatdırıb.

B.Muradova 1918-ci ildə Milli Şuranın ən böyük xidmətinin İstiqlal Bəyannaməsinin qəbul olunmasının, Bakının işğaldan azad edilməsi və digər addımlardır. Bunların sırasında Azərbaycan parlamentinin fəaliyyətə başlamasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi müddət ərzində parlament vacib qanun və qərarlar qəbul edib. Vitse-spiker o dövrdən indiyədək parlamentin şərəfli yol keçdiyini diqqətə çatdırıb. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi əgər cümhuriyyət qurucuları yaşasaydılar, bugünkü müstəqil Azərbaycanla qürur duyardılar”-deyə, B.Muradova vurğulayıb.

Daha sonra “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı: “İnvestorlar üçün şərtlər sadələşdirilməklə əlverişli imkan yaradıldı. Azəri-Çıraq layihəsi zamanı tanınmış hüquqşünaslar buna qarşı çıxdı. Halbuki həmin layihənin sonrakı müddətdə ölkənin iqtisadiyyatı üçün necə mühüm əhəmiyyət kəsb etməsi göz önündə oldu. Neftimiz dünya bazarına çıxarıldı”.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə parlamentdə gənclərlə görüşündə Azərbaycana qarşı ikili standartların mövcud olduğu, Ermənistana isə dəstək göstərilməsi ilə bağlı suala cavab verərkən deyib ki, Azərbaycan inkişaf etdikcə ölkəmizə qarşı paxıllıq da çoxalır. Azərbaycan müstəqil dövlətdir. Biz qondarma dövlət deyilik. Ermənistan isə qondarma dövlətdir.

Dəyirmi masada həmçinin gənclər çıxış edib, onları maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə