Ümumxalq partiyası olan YAP böyük nüfuza malikdir

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının S.Əsgərova - 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının növbəti iclası olub. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclası giriş sözü ilə açaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın ötən dövrdə milli dövlətçiliyə və xalqa misilsiz xidmətlərlə zəngin şərəfli bir yol keçdiyini vurğulayıb. Nazir bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədri olduğu Partiyanın Cənubi Qafqazın ən güclü siyasi təşkilatı kimi cəmiyyətdə böyük nufuza malik olduğunu bildirib. S.Babayev Ulu Öndərin ideyalarına dərin sədaqət ruhunda fəaliyyət göstərən YAP-ın ölkəmizin dinamik və hərtərəfli inkişafı proseslərində, daim ön sırada olaraq, fəal iştirak etdiyini diqqətə çatdırıb.
S.Babayev bildirib ki, sıralarında 737 mindən çox üzvü birləşdirən YAP-ın S.Əsgərova - 85 ərazi ilk partiya təşkilatı da fəaliyyətini YAP prinsiplərinə uyğun qurub. Son bir ildə 450-yə yaxın nazirlik əməkdaşı müraciət edərək, YAP sıralarına qəbul edilib və hazırda nazirlik sistemində çalışanların mütləq əksəriyyəti partiyanın üzvüdür.
İclasda YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək, vurğulayıb ki, YAP-ın öz sıralarını daim genişləndirməsi partiyaya cəmiyyətdə olan yüksək inam və etibarın göstəricisidir. Bunun əsasında partiyanın keçdiyi şərəfli yol, azərbaycançılıq əqidəsinə söykənərək, daim ölkəmizin hərtərəfli tərəqqisi və firavan gələcəyi üçün göstərdiyi xidmətlər dayanır. Təsadüfi deyil ki, bu gün YAP ümumxalq partiyası kimi böyük nüfuza malikdir.
İclasda partiya sıralarına qəbul edilmiş 45 nəfərə üzvlük vəsiqələri təqdim edilib.
Sonra nazirlik sistemində çalışanlardan daha 200-ə yaxın (o cümlədən S.Əsgərova - 85 ərazi ilk partiya təşkilatı üzrə 52) əməkdaşın YAP sıralarına daxil olmaq üçün ərizələri qəbul olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə