Son zamanlar ABŞ hərbi dəniz qüvvələrinin bölgədə dislokasiya yerini dəyişməsi və İran körfəzi ətrafında cəmləşməsi dünyanın diqqət mərkəzində olduğu kimi bölgə insanlarının da çox böyük həyacan və narahatlığına səbəb olmuşdur. Eyni zamanda dünyada olduğu kimi region dövlətlərində ən çox müzakirə olunan, diqqətlə izlənilən məsələ kimi Azərbaycanda da bu proseslər ciddi nəzarətdə saxlanılır.

Əslində görünən budur ki, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında, Ərəbistan dənizində olan böyük hərbi dəniz eskadrilyası vasitəsilə təhlükəli gedişlərlə "manevr etməkdədir". Körfəzdə ən müasir raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya daşıyıcısı var və Birləşmiş Ərəb Əmirlikləri sahillərində "Kear sarge" universal desant gəmisi hazır döyüş vəziyyətində manevrlər edərək əmr gözləyir. Ancaq bunlar heç də hamısı deyil və ABŞ-ın İrana qarşı hərbi əməliyyatına təyyarə və döyüş helikopterləri daşıyan "Abraham Linkoln" gəmisi başçılıq edir. Bunlardan əlavə 700 hərbçi və 20-yə yaxın döyüş texnikası daşıya bilən "Arlington" gəmisi və daha minadaşıyıcı, raketdaşıyıcı gəmilərlə döyüş hazırlığı vəziyyətindədir. ABŞ-ın hərbi manevrlərinə isə İran tərəfi daha təmkinli və ölçü-biçili davranışları ilə cavab verir. Müşahidə olunan odur ki, həm hərbi manevrlər, həm də diplomatik savaş hələlik hər iki tərəfin planlaşdırdığı və ya nəzərə alınmış ssenarilər üzrə gedir və situasiya hər iki tərəfin nəzarətində inkişaf edir. Eyni zamanda İran XİN-i, təcrübəli diplomat Məhəmməd Cavad Zərif çox qısa və çoxmənalı sətiraltı ifadələrlə bəyan edərək "ABŞ-ın Bəsrə körfəzində hərbi qüvvələrinin sayını artırması arzuolunmaz "qəza"lara yol aça bilər. ABŞ çox təhlükəli oyun oynayır. "Qəza" yaranmaması üçün olduqca ehtiyatlı olmaq gərəkdir" - demişdir.

Məhəmməd Cavad Zərifin fikrincə ABŞ hansı oyunu oynayır?

Yaxın keçmişə qısa nəzər saldıqda görünür ki, ABŞ prezidenti Trampın sələfi oğul Buşun da prezidentliyi dövründə də bir dönəmdə belə görüntü yaranmışdı ki, İranla müharibəyə çox az qalıb. Hətta həmin vaxtlar deyilirdi ki, İranı vurmaq barədə hərbi-siyasi qərar artıq qəbul olunub, günün dəqiqləşdirilməsi prosesi gedir. Həmin dövrdə 19 konqresmenin həmmüəllifi olduğu Oreqon ştatından olan konqresmen Piter de Farionun təqdim etdiyi qətnamədə vurğulanırdır ki, "konqresin sanksiyası olmadan prezident İrana qarşı hərbi əməliyyatın başlanmasına təşəbbüs göstərə bilməz". Qətnamədə xatırladılırdı ki, ABŞ kəşfiyyatının məlumatına görə, İran cəmi bir neçə ildən sonra nüvə silahına malik olacaq və hazırda nüvə problemini tənzimləmək üçün BMT, Avropa İttifaqı, ABŞ, Rusiya, Çin və Beynəlxalq Atom Enerjisi Agentliyinin iştirakı ilə səylər göstərilir. BBC müxbiri Con Leyn isə 2007-ci il ABŞ-İran qarşıdurmasını öz məqaləsində belə ifadə edir. "Bir arada ABŞ prezidenti Corc Buş İranın nüvə proqramına görə III Dünya Müharibəsi barədə xəbərdarlıq edirdi. Sonra isə sülh perspektivi müharibəni üstələdi. Bu həqiqətən də İran üçün qəribə bir il idi. İl ərzində İran üzərinə təzyiqlər durmadan güclənirdi. Yeni sanksiyalar qaçılmaz, müharibə isə real görünürdü. Lakin bir gecədə hər şey dəyişdi. Dekabr ayında Amerikanın öz kəşfiyyatı elan etdi ki, İran nüvə bombası əldə etməyə çalışmır". Həmin dövrdə indiki kimi aktual olan əsas suala ABŞ prezidenti bu problemin həlli düsturunu qısa cavabla ifadə etmişdi. Ona ünvanlanan görəsən, Corc Buş İrana qarşı Amerika və ya İsrail tərəfindən olan güc tətbiq edilməsinə gəldikdə əslində hansı mövqedədir? sualına belə cavab vermişdi: "Mən həmişə demişəm ki, bütün mümkün imkanlar masa üzərindədir. Lakin Amerika üçün ilk variant-bu məsələni diplomatik yolla həll etmək variantıdır". Corc Buşun xələfi Barak Obama da ABŞ-İran münasibətlərinə "öz töhfəsini" verdi və İranın nüvə proqramı ilə bağlı danışıqların yekunu kimi 2015-ci il iyulun 15-də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya ilə İran arasında birgə fəaliyyət proqramı imzalandı. Birgə Hərtərəfli Hərəkət Planı (Joint Comprehensive Plan of Action) adlı sazişdə İranın nüvə sənayesində fəaliyyətinin məhdudlaşdırılması əvəzində BMT, Aİ, və ABŞ tərəfindən İrana qarşı tətbiq edilmiş sanksiyaların dondurulması nəzərdə tutulmuşdu. Bu razılaşma barədə BMT-nin baş katibi Antonio Guterres də fikrini bildirərək deyib ki, 2015-ci ildə əldə olunan razılıq saxlanılmasaydı, real müharibə riski var idi.
Və indi, "mənə aydındır ki, biz bu çürüyən və xarab sazişin çərçivəsində İranın nüvə silahı əldə etməsinin qarşısını ala bilməyəcəyik" deyərək Donald Tramp ABŞ-ın bu sazişdən imtina etdiyini və bunu digər dövlətlərə də tövsiyyə edərək birtərəfli qaydada sanksiyalar tətbiq olunacağını bəyan edir. Yeri gəlmişkən, ABŞ prezidenti "mənə aydındır ki, biz bu çürüyən və xarab sazişin çərçivəsində İranın nüvə silahı əldə etməsinin qarşısını ala bilməyəcəyik" deməklə əslində Prezident Tramp Amerikanın bu proses qarşısında gücsüzlüyünü ifadə edir və eyni zamanda bəlkə də ictmaiyyət üçün olmayan kəşfiyyat məlumatını bəyan edir. Sazişi imzalayan sabiq ABŞ prezidenti Barak Obama Donald Trampın bəyanatının "səhv" olduğunu bildirib. Əslində maraqlı situasiya yaranır, əgər ümumiyyətlə İranla müharibə etmək lazım idisə ABŞ səfirliyinin əməkdaşlarının 1979-cu ildə girov götürüldüyü zaman həmin dövrdəki Prezident Jimmy Carter girovları azad etmək üçün müharibəyə başlamadı. Ondan sonrakı Prezident Ronald Reyqanın zamanında hətta İrana gizli silah satışı barədə də xəbərlər vardır. Məhəmməd Rza şah Pəhləvidən sonrakı dövrdə həmişə ABŞ-İran münasibətləri gərgin olub, lakin müharibə başlaya bilməyib. Tutaq ki, nəzəri cəhətdən ABŞ-ın körfəzdə müharibəni başladığını təsəvvür edək. Bu bataqlıqdan çıxa biləcəkmi? Dünyada neftin qiymətini belə halda proqnozlaşdırmaq çox çətindir və bu vəziyyətdə ABŞ-ın ən ciddi hərbi və iqtisadi rəqibləri uyğun olaraq, Rusiya və Çinin Amerikaya bu bataqlıqda boğulmağa necə kömək edəcəklərini təsəvvür etmək çətin deyil. Ona görədə bu qarşıdurma və gərginlik ən yüksək həddə çatsa da ABŞ-ın böyük mənada İranla hərbi müharibəyə başlayacağı inandırıcı görünmür. Lakin iqtisadi, psixoloji-mənəvi müharibə isə həmişə davam edir. Bu gərginliyi şərtləndirən geopolitik və siyasi amillər mövcuddur ki, burada iqtisadi və digər istənilən arqument və amillər sadəcə olaraq, "texniki detallar" rolunu oynayır.

ABŞ müharibəni başlaya bilərmi?

May ayının 8-də Moskvaya səfəri zamanı İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bildirib: "Cəsarətlə deyə bilərəm ki, bugün İran və Rusiya arasında münasibətlər indiyə qədər olmayan şəkildə geniş və dərindir". Aydın məsələdir ki, ABŞ-ın hədəfində İranda hakimiyyət dəyişikliyi (məsələn, Məhəmməd Rza Pəhləvi kimi amerikayönlü siyasi hakimiyyət) etmək nə qədər çox vacib və əhəmiyyətlidirsə, digər hədəfi isə Rusiyanın da yerində ABŞ-ın və Qərbin "demokratiya" tələblərini müzakirəsiz icra edən - ram olmuş, Rusiyanın Prezidenti Vladimir Putinin təbirincə desək, zəncirlənmiş rus ayısının, Qərbin xammal bazası rolunu oynayan bir nimdaş Rusiya dövlətinin qurulmasıdır. Və hazırda Rusiyanı İranla bağlayan təkcə eyni siyasi-iqtisadi təzyiq formaları deyil, həm də çox gözəl anlayırlar ki, birinin süqutu digərinin çöküşüdür. İran XİN-nin rəhbərinin ardınca ABŞ dövlət katibi Mayk Pompeonun Rusiyaya səfər etməsi bölgədə Rusiyanın rolunun bariz göstəricisidir. Maraqlıdır ki, Amerika kəşfiyyatının keçmiş şefinin Moskvaya elə-belə əliboş getməsi hər halda inandırıcı görünmür, amma Vladimir Putin keçmiş həmkarını peşəkar kəşfiyyatçı kimi qarşıladı və çox dəqiq ifadələrlə qısa şəkildə həm Rusiya ABŞ münasibətlərinin, həm hazırki dünyanın siyasi tablosunu ifadə edərək "Rusiya yanğınsöndürən deyil ki, hər yerə özünü çatdırsın" deməklə sanki Tramp administrasiyasını arxayınlaşdırdı, bir növ aldadıcı jest etdi. Əslində isə çox cüzi qeyri-təvazökarlıq edərək diplomatik dildə dünyada kimlərinsə alovlandırdığı ocaqlarda söndürən rolunu boynuna götürdüyünə işarə vururdu. Lakin bəzi şərhçilər, hər halda təsadüf olmaya da bilər, şərh etməyə çalışdılar ki, guya bu sözlərlə Vladimir Putin Amerika ilə razılığa gəldiyinə işarə vurur və İran məsələsində ABŞ-a güzəştə gedəcək. Ancaq əslində isə istənilən halda Suriya və Venesuela problemlərindən sonra Putin Rusiyası İran məsələsində daha inamlı "arbitr" rolunu öz üzərinə götürməkdədir. Donald Tramp xaraktercə populizmi nə qədər çox sevsə də Ağ Ev Administrasiyasında Trampın Amerika Birləşmiş Ştatlarını, əleyhdarlarının diqqətlə izlədiyi və gözlədiyi bataqlığa batıracağına imkan verməyəcək ağıllı adamların çalışdıqlarına heç bir şübhə yoxdur.

Elə İran XİN başçısı da "ABŞ çox təhlükəli oyun oynayır. "Qəza" yaranmaması üçün olduqca ehtiyatlı olmaq gərəkdir" deyəndə Trampın oynadığı oyunda səhvə yol versə "qəza" törənə və qığılcım çıxa bilər xəbərdarlığını səsləndirir.

"The New York Times" xəbər verir ki, ABŞ prezidenti Müdafiə Naziri vəzifəsinin icraçısı Patrix Şanaxana deyib ki, "İranla müharibəyə başlamaq niyyətində deyiləm".

Bəs onda öz pullarının qədrini bilən ABŞ prezidenti dövlət büdcəsindən böyük maddi xərclər israf edərək bölgədə ətraf dövlətlər və vətəndaşlar üçün psixoloji-mənəvi gərginlik yaratmaqda məqsədi nədir? Görünür bu da səbəbsiz deyil, müəyyən digər hədəflər də vardır!

"Region" Analitik Mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə