"Onlara qarşı birləşməli, Azərbaycanı qorumalıyıq" RƏY-ÖZƏL

“Bu gün ölkəmizin inkişafı bütün sahələri əhatə edir. Bir sözlə ifadə etsək deyə bilərik ki, ölkəmizin inkişaf konsepsiyası bir model olaraq dünyaya tətbiq oluna biləcək səviyyədədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O bildirib ki, görülən işlərin ümumi nəticəsidir ki, Azərbaycanın həyata keçirdiyi islahatlar təkcə ölkə səviyyəsində deyil, beynəlxalq səviyyədə təqdir edilir: “Dünya Bankının sonuncu “Doing Business” hesabatı buna əyani sübutdur”.

Sözügedən hesabatda ölkəmizin 190 ölkə arasında 32 pillə irəliləyərək dünyada 25-ci yerdə qərarlaşdığını xüsusi vurğulayan İ.Məmmədov söyləyib ki, hesabatda da Azərbaycanın xarici sərmayələr üçün münbit biznes mühitinə malik olduğu öz əksini tapıb: “Bu, adi məsələ deyil. Bu statistikanı Dünya Bankı müəyyən edir. Azərbaycan bu mövqeyə çatmaq üçün böyük islahatlar həyata keçirib, xeyli sayda dövlət proqramları icra olunub”.

Deputat qeyd edib ki, Azərbaycan, eyni zamanda mühüm beynəlxalq layihələr həyata keçirir: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması bunun ən gözəl nümunələrindən biridir. Dəmir yolunun uğurlu fəaliyyəti Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq, ölkəmizə yeni investisiyaların cəlb olunması, iqtisadi inkişafa şərait yaradacaq. Təbii ki, ölkəmizin inkişafını beynəlxalq səviyyədə birmənalı şəkildə qarşılamayanlara da rast gəlirik. Biz onlara qarşı sıx birləşməli, Azərbaycanı qorumalı, heç kimin ölkəmizə əl uzatmasına imkan verməməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə