"Azərbaycan bizi sevməyən qüvvələrə öz əməli ilə dərin peşmançılıq hissi yaşadacaq” ŞƏRH-ÖZƏL

“Amnisty İnternational” təşkilatı hər zaman Azərbaycana qarşı qərəzli mövqedə dayanıb. Bu təşkilatda Azərbaycana qarşı qərəzli münasibət artıq ənənə halını alıb. Bu baxımdan həmin təşkilatdan ölkəmizlə bağlı ədalətli mövqe və ya bəyanat gözləməli deyilik”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Sözügedən təşkilatın arxsında anti-Azərbaycan qüvvələrinin dayandığını deyən deputat bildirib ki, erməni lobbisinin maliyyəsi ilə “ fəaliyyət” göstərən bu kimi təşkilatlar Azərbaycana qarşı qərəzli mövqeyini hər zaman nümayiş etdiriblər: “Müxtəlif bəhanələrdən istifadə edərək məkrli mövqelərini ortaya qoyublar”.

F.Ağamalı söyləyib ki, hazırda təşkilatın Avropa Liqasının final oyununun Bakıda keçirilməsindən istifadə edərək ölkəmizə qarşı münasibətini görürük: “Çox təəssüf ki, həm “Arsenal”, həm də Böyük Britaniyanın rəsmi qurumları xoşagəlməz münasibətini ifadə etməkdədirlər. Onlar Azərbaycanla bağlı tövsiyələrində "yeməkdən zəhərlənə bilərsiniz" kimi absurd fikir irəli sürmək, ölkəmizin hava məkanı ilə bağlı müxtəlif bəhanələr gətirmək, biletlə əlaqədar yanlış məlumatlar yaymaqla yanaşı, hazırda digər cinahdan ölkəmizə qarşı şər və böhtan kampaniyası irəli sürməyə çalışırlar”.

Deputat vurğulayıb ki, bu və bu kimi təşkilatların “qarayaxma” cəhdləri keçərli deyil: “Çünki, Azərbaycan dünya miqyasında özünü ən təhlükəsiz ölkələrdən biri kimi təsdiq edib. Vaxtilə "Avroviziya" musiqi yarışması, daha sonra I Avropa, İslam Həmrəylik və eləcə də digər beynəlxalq tədbirlər ərəfəsində də buna bənzər hallarla rastlaşmışıq. Azərbaycan bütün bu yarışmaları ən yüksək səviyyədə keçirməklə yanaşı, mühüm tədbirlərə yüksək ev sahibliyi etmək qabiliyyətini ortaya qoyub”.

F.Ağamalı qeyd edib ki, Azərbaycan təkcə idman yarışları deyil, eləcə də siyasi, humanitar, sosial, mədəniyyət sahələrini əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: “Hətta Rusiya və ABŞ hərbiçilər də dünya səviyyəli münaqişələri müzakirə etmək üçün Bakını seçirlər”.

Böyük Britaniya Azərbaycan arasında münasibətlərində indiyədək heç bir problem yaşanmadığını deyən deputat qeyd edib ki, hazırda onlar tərəfindən səslənən fikirlər təəssüf və gülüş doğurur: “Azərbaycan bütün bunlara əhəmiyyət vermir, əksinə daha da güclənir, beynəxalq səviyyədə nüfuzu daha da yüksəlir. Mən əminəm ki, mayın 29-da futbol bayramına çevriləcək hadisə Bakıda yüksək səviyyədə baş tutacaq. Azərbaycan öz əməli, fəaliyyəti ilə bu qüvvələrə dərin peşmançılıq hissi yaşadacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə