Ermənistanın KTMT-də məğlubiyyəti və irəlidəki əsas döyüş

Belarusiyanın nümayəndəsi Stanislav Zasyanın KTMT baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb. Bu namizəd təsdiq edildiyi təqdirdə, 2020-ci il yanvarın 1-dən KTMT baş katibinin vəzifələrini Stanislav Zasya icra edəcək. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus tert.am saytı “Jamanak” qəzetində dərc olunan məqaləyə istinadən məlumat yayımlanıb.

Məlumatda qeyd olunur ki, məxməri inqlabdan sonra Ermənistanın öz nümayəndəsi Yuri Xaçaturovu geri çağırması ilə açıq qalan KTMT baş katibliyi məsələsi bununla da öz həllini tapacaq. Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan üçün KTMT baş katibliyi vəzifəsi deyil, formal hərbi-siyasi blokda hansı münasibətlərin hökm sürəcəyi maraqlıdır. Əslində, blok üzvlərinin Ermənistana münasibəti nöqteyi nəzərdən bu ölkədə narahatlıq da inkar edilə bilməz. Xüsusən, həmin müddətdə Belorusiyanın uzaq mənzilli “Polonez” raketlərini Azərbaycana satması bu narahatlığı bir az da artırıb.

Qəzet yazır ki, Ermənistan indi tərəddüd içindədir, görəsən bu ölkənin qələbəsidir, yoxsa məğlubiyyəti? Bir çoxları bunun qələbə olmasına inanmaq istəsələr də əslində bunun məğlubiyyət olduğunu təkzib etmək də mümkün deyil. Hətta nümunə olaraq Xaçaturovun bu mövqedə olduğu dövrdə Ermənistan üçün hansı fərqin olduğu, daha doğrusu, heç bir fərqin olmadığı da düşünülür. Düşünülür ki, problem daha dərindir və bu ölkəyə münasibət təkcə KTMT baş katibindən asılı deyil və üzv ölkələrin münasibəti bu zaman əsaslı rola malikdir. Əgər bu hərbi-siyasi blok Ermənistanın təhlükəsizliyi məsələlərini müdafiə etməzsə, dəstəkləməzsə, bu işğalçı ölkənin qələbəsindən danışmağa dəyməz. Hadisələrin gedişi isə belə bir dəstəyə ümidləri puça endirir. Ermənistan üçün də öz növbəsində mövqelərini müdafiə etmək daha vacibdir və bu baxımdan bu ölkə üçün əsas döyüş hələ irəlidədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...