"Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb” Siyavuş Novruzov

“Ermənistan özünü müstəqil dövlət elan etsə də elə deyil. Ermənistan hansısa dövlətin yedəyində gedir”. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, bu gün Cənubi Qafqazda, eləcə də postsovet məkanında və Avropada çox az sayda müstəqil dövlət var ki, onlardan biri də məhz Azərbaycandır: “Ermənistan nə xarici, nə daxili siyasətində, nə də iqtisadi-sosial siyasətində müstəqil addım ata bilir. Ona görə də orada keçirilən seçkilər zamanı və ondan əvvəlki dövrlərdə Ermənistanın vəziyyətinin günü-gündən ağırlaşdığı proqnozlarda dəfələrlə qeyd olunur. Aparılan tədqiqatlar göstərir ki, ildə 100 mindən artıq insan Ermənistanı tərk edir, heç bir müəssisə və təşkilat orada fəaliyyətini davam etdirmir”.

S.Novruzov qeyd edib ki, orada sosial vəziyyət acınacaqlıdır: “Orduda qarşıdurma var və bu daha da dərinləşib. Eyni zamanda siyasi rəhbərlikdə də qarşıdurma var. Regionlararası münasibətlər də bir-birinə qarışıb. Bu baxımdan Ermənistanda seçki öncəsi verilən vədlərin heç 1%-i də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək. Çünki orada peşəkar siyasətçilər və işi bilənlər yoxdur. Təxminən Azərbaycanın 90-cı illərindəki vəziyyəti xatırlanır, kimi gəldi müxtəlif vəzifələrə təyin edirdilər. Populyarlıq da cəmi bir-iki ay çəkir. Ona görə də popilizmlə heç bir məsələni idarə etmək olmaz. Çünki ortada real iş olmalıdır. Bu da yoxdur. İlkin dövrdə bir az imkanlı şəxslərin vəsaitlərini müsadirə etməklə bir neçə ay bunu tənzimləməyə çalışdılar. Ancaq indi bu da yoxdur”.

O vurğulayıb ki, hazırda Ermənistanın xarici siyasəti də bərbad vəziyyətdədir: “Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə də Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir. Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideylər öz uşaqlarını Azərbaycan ərazisində xidmət etməyə göndərmir. Sual qoyurlar ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə uşaqlarımızın nə işi var?! Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə