“Bu qarayaxma da iflasa məhkumdur” RƏY-ÖZƏL

""Amnesty İnternational" təşkilatının Azərbayacana qarşı yanaşması məntiqsiz və ədalətsizdir. İnsan haqları ilə idman yarışlarının müqayisəsi isə yersizdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, yarış bir idman tədbiridir və əsas ölkənin onu keçirmək üçün infrastrukturunun olması, iştirakçıların təhlükəsizliyinin təmin olunması və razılaşmada əksini tapan digər müddəalardır.

Onun sözlərinə görə, heç bir dövlət idman yarışı, yaxud hansısa beynəlxalq tədbir keçirərkən insan hüquqları məsələsini müzakirə etmir: “İnsan haqları sözsüz ki, ən vacib məsələlərdən biridir, lakin o, bu müstəvidə müzakirə olunacaq məsələ deyil. Bu, tədbiri təşkil edən dövlətə qarşı diskriminasiyadır. Heç bir dünya ölkəsini bu yolla nüfuzdan salmağa çalışmaq, ayrı-seçkiliyə məruz qoymaq olmaz. Yarış, çempionat Afrikada da, Latın Amerikasında da, Avstraliyada da keçirilə bilər. İdman, xüsusilə futbol isə ümumiyyətlə həmrəyliyi, xoşməramlılığı ehtiva edən bir tədbirdir və ona bu cür xoşagəlməz, bədbin çalarlar qatmaq yalnız bəd niyyətdən xəbər verir”.

N.Məmmədova qeyd edib ki, futbol bütün dövrlərin ən populyar idman tədbiri olmaqla istər dünya müharibəsi dövründə, istər Soyuq müharibə zamanı, istərsə də sülh zamanlarında bütün qitələri, müxtəlif dövlətləri, insanları ayırmağa yox, birləşdirməyə çalışan tədbir olub: “UEFA Avropa çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi şübhəsiz ki, bizə qarşı olan şər qüvvələri yenidən narahat edib və onlar mücərrəd bəhanələrlə bu tədbirə kölgə salmağa çalışırlar. Lakin bu qarayaxma da iflasa məhkumdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə