"Futbol üzərindən Azərbaycana qarşı qurulan plan iflasa uğradı" ŞƏRH-ÖZƏL

"İndiyə qədər ortaya atılan bəhanələrin guya azarkeşlərin Bakıya gəlməkdən imtina etməsi xəbəri ilə yekunlaşacağını əvvəldən ehtimal etmək mümkün idi". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Anti-milli dairələr Azərbaycanın beynəlxalq nüfuzunu gözdən salmaq üçün paytaxt Bakının təhlükəli şəhər olmasını, təyyarə biletlərinin bahalığını, "Arsenal”ın erməni əsilli oyunçusunun həyatına qarşı təhlükə gözlənilməsini və sair bu kimi yalanları dövriyyəyə buraxıldığını deyən baş redaktorun sözlərinə görə, bununla həmin qüvvələr sübut etməyə çalışdılar ki, guya bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi olduqca risklidir.

A.Quliyev təəssüflə söyləyib ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də yaydığı bəyanat ilə bu kampaniyada hansısa formada yer aldı: "Lakin bütün bunların heç biri gözlənilən nəticəni vermədi. Nə "Arsenal” və "Çelsi”nin futbolçuları, nə də azarkeşlər Bakıya gəlməkdən imtina etmədilər. Əksinə, dünyanın, o cümlədən Avropanın, Asiyanın futbol azarkeşləri Bakıda möhtəşəm idman yarışını izləməkdən böyük zövq alacaqlarını ifadə etdilər. Beləliklə də bir tərəfdən erməni barmağı, digər tərəfdən Azərbaycana qarşı düşmən münasibəti sərgiləyən bəzi dairələrin, güc mərkəzlərinin futbol oyunu üzərindən Azərbaycana qarşı qurduqları plan iflasa uğradı”.

Siyasi ekspert qeyd edib ki, bununla kifayətlənməyən anti-Azərbaycan şəbəkə bəzi Avropa strukturlarında ölkəmiz əleyhinə qərarların qəbul edilməsinə də cəhdlər edib: "Hətta bu məqsədlə xaricdəki bəzi radikal qüvvələri, o cümlədən onların sırasında yer alan "sapı özümüzdən olan baltaları” futbol mövzusunda aktivləşdirməyə çalışdılar. Onların bu cəhdi də uğursuz oldu. İndi də azarkeşlərin guya aldıqları biletdən imtina etməsi, biletlərin satılmaması barədə dezinformasiyaları dövriyyəyə buraxıblar. Belə "xəbərlər” futbolun – idman yarışının siyasiləşdirilməsi fonunda Azərbaycana zərbə vurmaq niyyəti güdür. Bu, qeyd edilən addımı atan beynəlxalq dairələrin tamamilə iflasının göstəricisidir. Azərbaycan xalqı və dövləti heç bir halda belə kampaniyalarla ruhdan düşmür. Bu kimi beynəlxalq tədbirlərin ən yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan uzun illər ərzində zəngin təcrübəyə yiyələnib. Azərbaycan ictimaiyyətinin də final oyununa böyük marağı var. Bu idman yarışının təhlükəsiz şəraitdə keçməsi üçün ölkənin hüquq-mühafizə orqanları, təhlükəsizlik qüvvələri də tam gücü ilə səfərbər olunublar. Əminəm ki, azarkeşlər tam təhlükəsiz şəraitdə həm möhtəşəm bir oyundan, həm də şəhərimizin gözəlliklərindən böyük zövq alacaqlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə