İnsan haqlarını gözdən salan ikili standartlar

Və yaxud "Amnesty İnterntional", "Transparency İnternational", "Human Rights Watch"- üç meymun oyunu

Yenə də eyni oyun, eyni qərəz. Azərbaycana qarşı qisasçı yanaşmaları ilə məşhur olan "Amnesty İnterntional", "Transparency İnternational", "Human Rights Watch" adlı bu üç qərəzli təşkilat meymun oyunu oynamağa başlayıb. Bakıda keçiriləcək Avropa Liqasının final mərhələsinin tarixi yaxınlaşdıqca, bu təşkilatların Azərbaycana qarşı siyasi rıçaq olaraq istifadə edilməsi, o qədər də təəccüblü deyil. Çünki hər belə tədbir öncəsi, bu üç meymun oyunu oynayanların hamısı böhtan və qərəzli hesabatlarla çıxış edirlər. İndi də "Amnesty İnterntional" təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyərək, bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib. Bu da təəccüb doğurmur. Çünki istər "Amnesty İnternational" olsun, istərsə də digər qərəzli təşkilatlar, sanki bəyanat və hesabatlarını öncədən hazır vəziyyətdə saxlayaraq, bəlli məqamlarda açıb, bir-iki düzəlşilər edir, sözügedən şər-böhtanlarını ictimailəşdirir. Bütün bunların əvəzində isə, "qara piar"ına görə "zəhməthaqqını", yəni rüşvətlərini alırlar.
Əslində, bu qərəzli təşkilatların fəaliyyətləri, hesabatları bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini və ayrı-ayrı ölkələrlə, o cümlədən, Azərbaycanla bağlı, konkret olaraq, sifariş yerinə yetirdiyini göstərir. Bu təşkilatları beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmağın özü insan haqlarına hörmətsizlikdir. İnsan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilat, əslində, öz məkrli fəaliyyəti ilə insan hüquqlarının aliliyi prinsipinin, insanların təhlükəsiz yaşamaq hüququnun təmin edilməsinə böyük zərbə vurur. Belə olan halda, qondarma və işğalçı rejimi "qismən azad" ərazi kimi göstərmək istəyən "Amnesty İnterntional" həmin rejimin Dağlıq Qarabağdakı erməni əhalisini də qorxu altında saxladığını bilməmiş deyil. Burada insan haqlarından və azadlıqlarından danışmağına dəyməz. Bu ərazi, faktiki olaraq, Ermənistanın işğalçı rejiminin və ona himayə edən dairələrin bir poliqonudur, narkotik maddələr istehsal edən, quldurluqla məşğul olan və kriminallaşmış bir ərazidir. "Amnesty İnterntional" isə, öz hesabatında o qədər ermənipərəst mövqedən çıxış edir ki, Ermənistan kimi bir rejimi də "qismən azad" ölkələr sırasına daxil edir.
Heç kim, heç bir qüvvə Azərbaycanı öz tutduğu inkişaf və demokratiya yolundan döndərə bilməz. Bu yol Azərbycan xalqının və Azərbaycan dövlətinin öz seçimidir. Bu yolu biz özümüz şüurlu olaraq seçmişik və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə də inamla gələcəyə doğru irəliləyirik. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz və bu yöndəki cəhdlər də heç bir səmərə verməyəcəkdir. Bəli, bütün bu faktlar, bir daha göstərir ki, "Amnesty İnterntional" və bu qəbildən olan digər meymun oyunu oynayan beynəlxalq təşkilatlar, əslində, insan hüquqlarının müdafiəsi üçün deyil, müxtəlif ölkələrə təzyiq vasitəsi kimi yaradılıb.
Onların heç biri Azərbaycanı öz yolundan, müstəqil, dövlət maraqlarına, xalqın milli mənafeyinə əsaslanan siyasətindən döndərə bilməz. Bütövlükdə isə, Azərbaycan xalqının böyük əksəriyyəti ölkədə reallığın nə olduğunu yaxşı bilir. Qanuna hörmət edən hər bir şəxs ölkəmizdə yaşayıb-yaradıb, təhsil alıb, işləyə bilir. Ölkəmizdə dini tolerantlıq, multikulturalizm dəyərlərinin qorunub-inkişaf etdirilməsi ən aparıcı Qərb ölkələrinə nümunə və örnəkdir. O cümlədən, Azərbaycan demokratik - hüquqi dövlət olmaqla, demokratiya uğrunda apardığı işləri davam etdirir. Bu cür ermənipərəst təşkilatların qondarma hesabatları isə, həm onların, həm də onlara dəstək göstərən "sapı özümüzdən olan baltaların" iç üzünü, kirli maraq və siyasi həyasızlıq məramlarını ortaya qoyur.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə