Erməni bacı və qardaşından Mxiratyana “qorxaq olma” dərsi ANALİTİK + FOTO

Canazanyanlar Bakıda Avropa çempionatına qatılıblar

İngiltərənin “Çelsi” futbol klubunun erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycan tərəfindən ona verilmiş təhlükəsizlik zəmanətinə baxmayaraq, qorxaqcasına UEFA-nın Bakı finalında iştirakından imtina etməsi artıq beynəlxalq ictimaiyyət tərəfindən də istehza ilə qarşılanmaqdadır. Bu məsələni qəsdən siyasiləşdirib, Azərbaycanın üzərinə ləkə atmağa cəhd edən erməni futbolçunun növbəti ifşasında isə, bu dəfə məhz erməni idmançıları rol alıb. SİA-ya daxil olan məlumata görə, Mxitaryan hyay-haray saldığı bir vaxtda, ölkəmizin paytaxtına çox rahat və problemsiz olaraq iki erməni idmançı gəlib. Onlar Rusiya yığmasının tərkibində sabah Bakıda start götürəcək idman aerobikası üzrə Avropa çempionatında iştirak edəcəklər. Söhbər isə, bacı və qardaş Gersevane və Duxik Canazyanlardan gedir.

Canazanyan bacı-qardaşı burada özlərini rahat, təhlükəsiz hiss edirlər

Bu isə bir daha təsdiq edir ki, Azərbaycan daha öncələr də dəfələrlə bəyan etdiyi prinsipinə sadiq qalmaqda davam edir – idman siyasətdən kənar olmalıdır!

Çünki nəinki Canazanyanlar, o cümlədən, digər erməni idmançıları üçün Bakıda istənilən idman turnir və yarışlarına qatılmaq əngəl ola bilməz. Biz, I Avropa Oyunları da daxil olmaqla, dəfələrlə müxtəlif idman yarışlarında erməni idmançılarının iştiraklarını, hətta dövlət başçımız tərəfindən mükafatlandırıldıqlarını da xatırlaya bilərik. Əgər erməni idmançılarına dövlət səviyyəsində zəmanət verilməsəydi, əlbəttə ki, onlar Bakıda, yaxud regionlarımızda təşkil edilən beynəlxalq yarışlara qatılmazdılar. O cümlədən, bir çox ictimai-siyasi tədbirlərdə, konfrans və seminarlarda da Ermənistan nümayəndələri, habelə digər ölkələrdə yaşayan erməni mənşəli şəxslər özlərini ölkəmizdə çox rahat hiss ediblər, hətta şəhər gəzintilərinə belə çıxıblar. Göründüyü kimi, Canazanyan bacı-qardaşı da burada özlərini rahat, təhlükəsiz hiss edirlər.

Yeri gəlmişkən, idman aerobikası üzrə Avropa çempionatında 22 ölkədən idmançı qatılacaq.

Sonda isə belə nəticəyə gələ bilərik ki, idmanı siyasətə qataraq, qazandıqları reputasiyalarına kölgə salan Mxiratyan və onun kimilərinə dəstək verən bəzi yerli qaragüruhçu siyasətbazların, hüquq müdafiəçilərinin qeyd edilən faktlara toxunmayaraq, məhz UEFA üzərində haray-şivən qoparmaları artıq hər şeyi yerli-yataqlı olaraq agah edib. Məqsəd şantaj və böhtandır ki, bu dəfə həmin cəhdin qarşısını elə Bakıya gəlmiş erməni bacı və qardaşı almış oldu.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə