“Koçaryan özünü Paşinyana opponent kimi görür" ÖZƏL-RƏY

“Robert Koçaryanın həbsdən azad olunması istiqamətində Ermənistan cəmiyyətində müzakirələr intensiv hal alıb. Hələ bundan əvvəl qondarma Dağlıq Qarabağ rejiminin rəhbərliyi Nikol Paşinyana Ermənistan Baş Prokurorluğundan sabiq prezident Robert Koçaryanın həbsdən azad olunması ilə bağlı müraciətlər edirdilər. Hətta Saakyan cavabdehliyi belə öz üzərinə götürməyə də hazır olduğunu bildirirdi. Budur məsələnin görünən tərəfi. Maraqlısı odur ki, hər iki tərəf arasında anlaşılmazlığın səbəbi nədir? Baxmayaraq ki, hazırda qondarma Dağlıq Qarabağ rejimi ilə Nikol Paşinyan hakimiyyəti arasında sözün əsl mənasında soyuq müharibə getməkdədir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan belə qondarma Dağlıq Qarabağ rejimində də siyasi dəyişikliyə, yəni rejim dəyişikliyinə çalışırdı: “Çünki Nikol Paşinyan çox gözəl dərk edirdi və indi də dərk edir ki, qondarma Dağlıq Qarabağ rejimində ona tabe olmayan hakimiyyətin mövcudluğu onun hakimiyyəti üçün çox ciddi bir təhlükədir.

Nikol Paşinyan həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Prezident İlham Əliyevlə danışıqlardan sonra bir növ qondarma Dağlıq Qarabağ ictimaiyyəti qarşısında hesabat verməyə çalışır. Burada məqsəd nədən ibarətdir? Hər şeydən öncə məqsəd ondan ibarətdir ki, Nikol Paşinyan Dağlıq Qarabağda yaşayan əhalinin rəğbətini qazanmağa çalışsın. Yəni göstərsin ki, onların iradəsinə zidd hər hansı bir addım Nikol Paşinyan tərəfindən atılmır. Digər tərəfi isə ondan ibarətdir ki, Nikol Paşinyan qondarma rejim qarşısında qorxusunu büruzə verir. Yəni qondarma rejim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Nikol Paşinyanın tutacağı mövqedən onun özünə qarşı istifadə edə bilmə ehtimallarını nəzərdən keçirir”.

Qondarma Dağlıq Qarabağ rejimi ilə Nikol Paşinyan hakimiyyəti arasında münasibətlərdəki gərginliyin davam edəcəyini qeyd edən politoloq onu da bildirdi ki, Xankəndidəki rejimin hazırkı əhval-ruhiyyəsi Nikol Paşinyan hakimiyyəti üçün birbaşa təhlükə rolunu oynayacaqdır: “Robert Koçaryan özünü Nikol Paşinyana opponent kimi görür və onun gələcəkdə hakimiyyətə gəlməsi üçün hərəkətlənmənin də şahidi ola bilərik. Təbii ki, bu proses həm qondarma Dağlıq Qarabağ rejimi tərəfindən, həm də müəyyən dairələr tərəfindən çox ciddi şəkildə dəstəklənəcəkdir. Bu da Paşinyan hakimiyyəti üçün heç də asan olmayacaqdır. Onu da qeyd edim ki, bununla da Ermənistanda daxili siyasi gərginlik və bu gərginliyə köklənmiş dərin iqtisadi gərginlik davam edəcəkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...