"İnsanlarımız heç bir təxribata baş qoşmamalıdırlar" ÖZƏL-ŞƏRH

"Azərbaycanda keçirilən istənilən beynəlxalq tədbir öncəsi bu kimi əsası olmayan, həqiqətdən kənar, qərəzli və xüsusi məqsədlərə xidmət edən ittihamlar irəli sürülür. Təbii ki, bu ittihamların arxasında qeyd etdiyim kimi xüsusi məqsədlər dayanır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Qurum rəsmisinin sözlərinə görə, bu güclər bir şeyi unudurlar ki, Azərbaycan 25 ildən bir qədər artıq müddətdə müstəqillik əldə etsə də artıq oturuşmuş, öz yolu olan dövlətdir, bu dövləti qurmuş xalqın əsrlərlə dövlətçilik ənənəsi mövcuddur: "Ona görə də bu dövlətlə, bu dövlətin sahibi olan xalqla bu formada, bu üslubda, bu tərzdə danışmaq onlara öz çirkin niyyətlərini həyata keçirmək imkanı yaratmayacaqdır. Bu həqiqətdir ki, Azərbaycan vətəndaşlarının hüquqları pozulub, bu ölkədə insanlar var ki, yaşayış yerlərini, dogma yurdlarını itiriblər. Bu insanların elementar hüquqlarını pozan Ermənistana, onun cinayətkar siyasi rəhbərliyinə qarşı niyə görə bu kimi reket hüquq müdafiə təşkilatları mövqe ortaya qoymurlar? "Amnesty İnternational", "Human Rights Watch" və digər qurumlar üçün, onların arxasında dayanan güclər üçün insan hüquqları ifadəsi sanki bir təzyiq alətinə çevrilmişdir. Hansı dövlətə qarşı təzyiq etmək istəyirlərsə insan hüquqları məsələsini bəhanə edib planlarını reallaşdırırlar.

Maraqlıdır ki, bir qədər öncə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq azarkeşləri ilə bağlı narahatlıq ifadə etmişdi. Soruşan lazımdır ki, sənin neft şirkətin 25 ildir bu ölkənin neft sektotunda çalışır, bu xalqın neftini daşıyır, Bakıda nə qədər sənin ölkənin mütəxəssisləri fəaliyyət göstərirlər, indiyədək onlara qarşı hansısa bu kimi hallar baş veribmi? Verməyib. Bəs nədədir sizin nigaranlığınız, təşvişiniz? İndi də reket təşkilatlar analoji fikirlər səsləndirirlər. Sizi insan hüquqları elə maraqlandırırsa gəlin Xocalı soyqırımına qiymət verin, gəlin Dağlıq Qarabağda ermənilərin terror qruplaşmalarını ifşa edin. Viran qoyduğunuz ərəb dövlətlərinin dinc, günahsız insanlarının acı taleyini müdafiə edin. Təbii ki, etməyəcəklər. Ona görə də bu kimi cəfəngiyyatlara uymaq, onlardan narahat olmaq lazım deyil. Azərbaycan öz haqq yolundadır. Sadəcə insanlarımız həmişəki kimi öz dövlətin yanında olmalıdırlar, ayıq-sayıq olmalıdırlar, heç bir təxribata baş qoşmalı deyillər. Əminəm ki, bu dəfəki mötəbər idman oyunu da yüksək səviyyədə baş tutacaq və "Amnesty İnternational" kimi insan hüquqlarını “müdafiə” edən təşkilatların əsassız iddiaları müdrik xalqımızın məşhur el misalının timsalındakı sonluqla nəticələnəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə