"Zelenski anlayır ki, parlamentlə birgə çalışa bilməyəcək" ÖZƏL-MÖVQE

"Ukrayna prezidenti Vladimir Zelenski parlamenti buraxdığını və növbədənkənar seçkinin iyulun 21-də keçiriləcəyini elan etdi. Ancaq bu elanın üstündən bir gün keçmiş parlamentin sədri Andrey Parubiy prezidentin qərarının Konstitusiyaya zidd olduğunu bəyan etdi. Bu saatlarda Ukrayna parlamentində müzakirələr başlayıb. Prezident fəaliyyətə başladığı ilk gündən Konstitusiya böhranı ilə üzləşə bilər". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, hər iki tərəfi anlamaq olar: "Zelenski anlayır ki, bu parlamentlə birgə çalışa bilməyəcək, çünki çoxluq ona müxalifdir. Zelenski yüksək reytinqindən istifadə edərək erkən seçkidə rəhbəri olduğu “Xalqın xidmətçisi” partiyasını parlament çoxluğuna çevirmək istəyir. Rəy sorğuları göstərir ki, seçki iyulda keçirilsə “Xalqın xidmətçisi” ən azı 30 faiz səs toplaya bilər. Ukrayna şəraitində bu yüksək rəqəmdir.

Qarşıduran tərəfi də anlamaq olar. Parlamentdəki çoxluq (“Pyort Poroşenko Bloku” və “Xalq Cəbhəsi” Partiyası ) anlayır ki, erkən seçkidə mövqelərini itirəcəklər. Ona görə də hakim koalisiya vaxtı uzadıb seçkini əvvəlcədən planlaşdırıldığı kimi oktyabrda keçirmək istəyir. Parlamentdəki hakim koalisya oktyabra qədərki 5 ay ərzində Zelenskinin reytinqinin aşağı düşəcəyini proqnozlaşdırır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə