Dünyanın ədəbi və fəlsəfi fikrində abidəsini ucaltmış böyük mütəffəkkir

Dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rol oynayan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi ən böyük şairlərdəndir. Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin ilk yaradıcılarından olan İ.Nəsimi, söz sənətini forma və məzmunca daha da zənginləşdirib, özündən sonrakı nəsillər üçün çox dəyərli ədəbi irs qoyub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Sərəncamı ölkəmizin mədəni həyatında əlamətdar və təqdirəlayiq hadisədir. Bu Sərəncam dövlət başçısının bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.
Öz amalından dönməyən şairin ədəbi irsi yaşadığı məkandan çox-çox uzaqda şöhrət qazanmışdır. Şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Bu irsdə Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olması öz əksini tapıb. Mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının xəttini təşkil edir. Sənət dünyasının miqyası geniş olan şairin yaradıcılığı yalnız Azərbaycan xalqına məxsus deyil. Nəsimi yaradıcılığında bütün bəşəri dəyərləri nəzmə çəkib. Nadanlığın və cahilliyin daim onu təqib etdiyi cəmiyyəti Nəsimi qəbul edə bilmir. Özünə başqa məkanlarda - ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir. Dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənən şair böyük zəka və bilik sahibi idi. Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldıqları bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə və Suriyada yaşamağa məcbur olub. O, hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Belə ki, Hələb şəhərində şairin həyatında ən böyük faciə baş verir, onun dərisi soyulmaqla edam edilir. Amma edama məhkum olunan Nəsimi dünyadan köçmədi. O, əsrlərdir ki, insanların qəlbində yaşayır, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub. Onun ideya və fəlsəfi fikirləri insanların ortaq dəyərlər ətrafında birləşməsini və sülhü təşviq edir.
TARİXİ-MƏDƏNİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏTDƏ ƏSASLI DÖNÜŞ
Belə bir söz ustadına olan diqqət və sevgi zaman-zaman olmuşdur. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması, ötən əsrin 70-ci illərində. öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə. bilavasitə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dövründə (1969-1982) elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də. xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq. bu yöndə bir sıra məqsədyönlü tədbirləri həyata keçirmişdir. Həmin tədbirlər sırasında. məhz Ulu Öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İ.Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Həmin yubiley tədbirlərinin davamı olaraq, 1979-cu ildə Bakının mərkəzində İ.Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də, böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə, bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu. Bundan əlavə, böyük şairin əsərləri ədəbiyyatşünaslıq və dilçilik baxımından araşdırıldı, bir sıra sanballı tədqiqat əsərləri ortaya qoyuldu. Anadilli ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin ən böyük xidmətləri sırasında milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi və onu yeni söz və ifadələrlə zənginləşdirməsi mühüm yer tutur. Bədii və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair Nəsiminin zəngin irsi insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsində müstəsna rol oynayır. Bu irs dilçi alimlərin, filosofların və tarixçilərin diqqətin də olub və təbliğ- tədqiq edilib. Böyük şairin 600 illik yubileyi çərçivəsində 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna İmadəddin Nəsiminin adı verildi. Altı yüz əlli il öncə, yaşayıb- yaratmasına baxmayaraq, şairin üç dildə yazdığı şeirlər, rübailər, qəzəllər poeziyamıza aydınlıq gətirib, ana dilimizi və bədii sözü yeni-yeni zirvələrə qaldırıb. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Nəsiminin yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edir. Məhz bu amil dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı qurumu kimi tanınan Dilçilik İnstitutuna böyük Azərbaycan şairi Nəsiminin adının verilməsi məsələsində mühüm rol oynamışdır.
Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə və meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Şair və mütəfəkkir İ.Nəsiminin 650-cı ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın verilməsi bu gün ölkəmizdə şairə verilən ən yüksək dəyərin göstəricisidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ədəbi-bədii, fəlsəfi fikir tariximizə, bütövlükdə, mədəniyyətimizə olan qayğı Prezident İlham Əliyev tərəfindən uğurla və müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə kütləvi tirajla nəşr olunub, ölkə kitabxanalarına hədiyyə edilən əsərlər sırasında İmadəddin Nəsiminin əsərləri də yer alıb. Bu gün UNESCO səviyyəsində görkəmli şairə həsr olunmuş tədbirin keçirilməsi də, onun bəşəriyyət üçün görkəmli şəxsiyyət olmasından xəbər verir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə