Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - VİDEO-FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi “Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar. SİA-nın verdiyi məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin rəhbər vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi əhalinin rifahının yaxşılaşdırılması istiqamətində yeni inqilabi addımların atıldığını vurğulayıb.

Çıxışını davam etdirən Sahil Babayev bildirib ki, bu gün nəticələri açıqlanan müsabiqə də ölkədə sosial inkişaf sahəsində əldə olunan bu irəliləyişlərin, islahatların uğurlu nəticələri barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasına xidmət edib. Ümumilikdə müvafiq fəaliyyət sahələrində aparılan islahatlar, görülən işlər barədə cəmiyyətin ətraflı məlumatlandırılmasında media ilə fəal əməkdaşlıq qurulub.

Fondun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq 2019-cu il aprelin 3-dən mayın 1-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 20 KİV-dən 31 yazının təqdim olunduğunu, yazıların Fondun və nazirliyin ekspertləri tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor müsabiqənin yekunlarına əsasən, 6 nəfərin əsas, 5 nəfərin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev nazirliklə media arasında əməkdaşlığın genişləndirilməsinə xidmət elə belə intensiv görüşlərin və birgə yazı müsabiqələrinin əhəmiyyətindən söz açıblar.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...