“İntellektual baxımdan Azərbaycan cəmiyyəti yetkinləşir” ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə dövlətin bir adı da ədalətdir. Əlbəttə ki, hazırki mərhələdə sosial ədalətə söykənərək cəmiyyətin, vətəndaşın problemlərinin həlli Azərbaycan dövlətinin vəzifəsidir, borcudur”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti bu vəzifənin öhdəsindən layiqincə gəlir: “Məsələ ondadır ki, sosial sahə daima diqqət tələb edən bir sahədir. Biz olduqca dinamik bir cəmiyyətdə yaşayırıq. Azərbaycan cəmiyyəti inkişaf edir, onun iqtisadiyyatı inkişaf edir, sosial sferası inkişaf edir, sənaye, kənd təsərrüfatı inkişaf edir və intellektual baxımdan Azərbaycan cəmiyyəti yetkinləşir. Bu prosesdə Azərbaycan xalqının sayı artır. Bu o deməkdir ki, yeni iş yerləri açmaq lazımdır, sosial problemləri həll etmək lazımdır. Təbii ki, əhalinin sayı artdıqca problemlərin də sayı artır. Çox yaxşı haldır ki, Azərbaycan dövləti bütün bu prosesi izləyir, nəzarətdə saxlayır və onu proqnozlaşdırır. Cəmiyyətin inkişafına paralel olaraq onun yarana biləcək mümkün problemlərinin həlli ilə də bağlı vaxtaşırı dövlət proqramları qəbul edir. Azərbaycan dövləti bu prosesə kompleks yanaşır. Çünki biz 2019-cu ildən bu günə qədər həyata keçirilən islahatlardan danışsaq, biz görəcəyik ki, bu təkcə 2019-cu il və yaxud 2018-ci il hadisəsi deyil. Bunun dərin kökləri var. Bu köklər problemə kompleks yanaşmanı özündə ehtiva edir.

Bu nədir? Əlbəttə ki, islahatların aparılması üçün şərtlər formalaşır. Bu şərtləri təmin edən resurslar formalaşır. Təbii ki, bunu həyata keçirmək üçün siyasi iradənin vacibliyi ortaya çıxır. Hazırda biz Azərbaycanda bu üç komponentin bir-birini tamamlayan vəhdətini görürük. İlk növbədə dinamik cəmiyyətin tələblərinə, şərtlərinə uyğun olaraq Azərbaycan iqtisadiyyatı əgər problemlər varsa onları həll etmək üçün mövcud imkanlar təqdim edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...