Azərbaycan xalqı öz Prezidentinə güvənir və Onun ətrafında sıx birləşib!

YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov: "Azərbaycanda çox dəyanətli, müdrik, sədaqətli, uzaqgörən, qətiyyətli və tam müasir mövqeli lider yetişib"

"Xoşbəxt o xalqdır ki, müdrik lideri olur. Azərbaycan xalqı ikiqat xoşbəxtdir. Çünki onun müdrik lideri Heydər Əliyev müdrik varis yetişdirə bilib". Bu fikirləri Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Prezident İlham Əliyevin son 16 ildə apardığı məqsədyönlü siyasət faktoruna və ölkəmizdə reallaşdırılan inqilabi islahatlar paketinin uğurlu nəticələrinə münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, İlham Əliyevin Prezident kimi fəaliyyətinə nəzər saldıqda, nəhəng bir işin aparıldığına tam əmin olursan: "16 il müddətində dövlət başçısı Azərbaycanda müstəqil dövlət quruculuğunu bütün sahələr üzrə sürətli inkişafa doğru apara bilib. Keçən müddətdə, ölkə bir-birinin ardınca böyük uğurlar qazanıb. Onları sistemləşdirib, ümumi prizmadan baxılsa, demokratik və dünyəvi dövlət quruculuğunda, faktiki olaraq, yeni səviyyəyə keçidin baş verdiyini görərik."
"Bu ilin əvvəlindən başladılan dinamik islahatlar paketinin həyata keçirilməsi xalqın daha firavan həyatına və rifahına yönəlib" deyən YAP Şabran rayon təşkilatının sədri, həmçinin, qeyd edib ki, Azərbaycan xalqı bu siyasəti dəstəkləyir, öz Prezidentinə və liderinə güvənir: "Cənab İlham Əliyev 16 il bundan əvvəl, dövlət başçısı kimi fəaliyyətə başlayanda, verdiyi vədlərdən görünürdü ki, Azərbaycanda çox dəyanətli, müdrik, sədaqətli, uzaqgörən, qətiyyətli və tam müasir mövqeli lider yetişib. Belə lideri, ancaq Ulu Öndər Heydər Əliyev yetişdirə bilərdi. Çünki Onun siyasət və diplomatiya məktəbi çox güclü idi. Təcrübə sübut etdi ki, Ulu Öndər Azərbaycan xalqı üçün layiqli varis yetişdirib, Onun dövlət quruculuğu kursu isə dönmədən həyata keçirilib, daha da inkişaf etdiriləcək. Cənab İlham Əliyev dövlət başçısı, siyasi lider və diplomat kimi müasir dövrün çağırışlarına tam cavab verən inkişaf kursunu həyata keçirir. Azərbaycan istər daxili, istərsə də xarici siyasət amilində ardıcıl uğurlar qazanır və bu uğurlar, sözün əsl mənasında, ölkəmizin beynəlxalq aləmdə daha yüksək mövqeyə malik olmasına kifayət qədər zəmin yaratmış olur. Məhz xalqın rifahı naminə, həyata keçirilən davamlı və dinamik islahatlar nəticə etibarı ilə öz münbit bəhrələrini verməkdədir".
"Cənab İlham Əliyevin yeritdiyi siyasətin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, həyata keçirdiyi proqramların dünyada baş verən sosial-mədəni proseslərlə uyğunlaşmasına ayrıca önəm verib" deyə vurğulayan Mehdi Balabəyov, əlavə edib ki, hazırda qlobal miqyasda aktuallığı ilə seçilən sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqa əhəmiyyətli töhfələr verib.
YAP Şabran rayon təşkilatının sədri, sonda qeyd edib ki, bu gün ölkədə xalq-iqtidar vəhdəti sarsılmaz əsaslara söykənib: "Bu təməlli bir reallıqdır və bir daxili, yaxud xarici anti-Azərbaycan qüvvələri bu birliyə və bu vəhdətə təsir edə bilmək gücündə deyil. Ona görə də, bizlər - ölkəsini, dövlət başçısını sevən hər bir vətəndaş Prezident İlham Əliyev Cənablarının müəyyənləşdirdiyi siyasi kursa daim dəstək göstərəcək, Azərbaycanımızın daha qüdrətli ölkəyə çevrilməsi üçün var gücümüzlə çalışacaq, töhfələrimizi verməkdə davam edəcəyik".

YAP Masallı rayon təşkilatının sədri: "Azərbaycan xalqı öz liderinə güvənir və Cənab İlham Əliyev də Ona göstərilən etimadı əməli işləri və yorulmaz fəaliyyəti ilə təsdiq edir"

"Cənab İlham Əliyev özünün 16 illik Prezidentliyi dövründə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək, daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail oluşdu". Bu fikirləri isə, Yeni Azərbaycan Partiyası Masallı rayon təşklatının sədri Seyfəddin Əliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə, Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. "Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində, Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənib. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi-mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də, hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətləri sırasında ilk üçlükdə qərarlaşıb" deyə vurğulayan Seyfəddin Əliyev, əlavə edib ki, bütövlükdə, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 16 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, Ona ən güclü dayaq olub.
YAP Masallı rayon təşkilatının sədri, həmçinin, bildirib ki, təkcə bu ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahına ciddi dəstək olan inqilabi addımların atılmasına imkan verib. Ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərindən artıq bir il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərdə növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq, parlaq qələbəyə nail olması ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımların atılması ilə xarakterik yeni uğurlu islahatlar mərhələsinə keçidə təminat vermiş oldu. Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi, məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Bu mühüm məqam isə, Prezident İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir. Təbii ki, Azərbaycan xalqı öz liderinə güvənir və Cənab İlham Əliyev də Ona göstərilən etimadı əməli işləri, yorulmaz fəaliyyəti ilə təsdiq edir. Bu siyasət söz yox ki, bizi istəməyən qüvvələrin də kürkünə birə salır və Azərbaycan dövləti gücləndikcə, xainlər və anti-Azərbaycan dairələri ağır məğlubiyyətlərini almaqla, tarixin arxivinə gömüləcəklər. Çünki onların qarşısında güclü isyasət və xalqın iradəsi tandemi dayanır".

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə