Paşinyan hakimlərlə və Qarabağ klanı ilə qarşıdurmada TƏHLİL

Mayın 18-də məhkəmə Koçaryanı azadlığa buraxdıqdan sonra Ermənistanda yeni təlatümlər baş qaldırmağa başlayıb desək yanılmarıq. Bir zamanlar Dağlıq Qarabağın de-fakto prezidenti vəzifəsini icra edən Koçaryanın bu ərazinin iki liderinin - keçmiş və mövcud rəhbərinin şəxsi zəmanəti altında azadlığa buraxılması erməni baş nazirini özündən çıxarıb. Hətta baş nazirin qıcıqlandığını və narahatlığını inkar etmək də mümkün deyil və bu hadisə ona təsirsiz də ötüşməyib.

Kocharyanın mühakimə olunmasına böyük əhəmiyyət verən Paşinyan cavab olaraq tərəfdarlarını məhkəmələrin binalarını əhatə etməyə, binaların girişlərini və çıxışlarını blokadaya almağa çağırıb. Bu fakt özü-özlüyündə təsdiq edir ki, erməni baş nazir hadisələrin gedişatı ilə barışmaq niyyətində deyil və mövcud durum onu çox narahat edir. Onu narahat edən ən vacib məsələ əslində istər məhkəmə orqanlarının, istərsə də Dağlıq Qarabağa rəhbərlik etmişlərin və edənlərin ona tabe olmamasıdır. Eyni zamanda yaranmış fikir ayrılığından qorxuya düşdüyü də göz qabağındadır.

Erməni baş nazirinin davranışı məhkəmə müstəqilliyi üçün qəbuledilməz bir təcavüzdür

Sirr deyil ki, Paşinyan uzun müddətdir məhkəmə orqanlarını əvvəlki hökumətin əmrləri ilə hərəkət etməkdə günahlandırırdı. İndi də hakimin qərarından dərhal sonra sərt tədbirlərə əl atması bəzilərinin diqqətindən yayınmayıb və bu heç də normal qarşılanmır. Beləki, çoxları baş naziri ədalət sistemini qeyri-qanuni siyasiləşdirilməkdə günahlandırır. Məsələn, Birminqem Universitetinin siyasi analitiki Gevorg Oskanyan Twitter-də yazır ki, baş nazirin davranışı "məhkəmə müstəqilliyi üçün qəbuledilməz bir təcavüzdür".
Paşinyanın davranışlarının anormal və qanuna zidd olduğunu təsdiq edən təkcə siyasi analitik deyil. İnsan hüquqları üzrə erməni ombudsmanı Arman Tatoyan da Paşinyanın müraciətini tənqid edən bəyanatla çıxış edib. "Məhkəmə sistemində, müstəqilliyi də daxil olmaqla problemlər var, lakin bu problemlər yalnız qanuni yollarla həll olunmalıdır", -deyə Tatoyan bəyan edib. Erməni ombudsman Paşinyanın məhkəmə sistemini, onun təhlükəsizliyini, eyni zamanda sabitliyini təhdid altında qoyduğunu da söyləməkdən çəkinmir. "Baş nazirin bəyanatı ölkənin hüquq sisteminin təhlükəsizliyini və sabitliyini ciddi şəkildə təhdid edir", -deyə Totoyan bildirib.
Ola bilsin erməni baş nazirinin təsiri altında olan hansısa bir kütlə onunla eyni fikirdə, eyni əqidədə ola bilər. Nümayişlərdən ələ alınan hansısa kütlə bir avantüristin manipulyasının qurbanı kimi onun arzuladığı davranışı da nümayiş etdirə bilər. Amma bu o demək deyil ki, Paşinyan bundan sonra ağlına nə gəldi edəcək və yenə də kütləni, meydan psixologiyasını istifadə etməkdə davam edəcək. Erməni cəmiyyətində bunun artıq rezonans doğurduğu da göz qabağındadır. Hər halda belə olmasaydı hakimlər qərar verdikləri zaman qanunu deyil, Paşinyanı nəzərə alardılar, yaxud Dağlıq Qarabağda əvvəl və indi rəhbərlik edənlər məhkəmənin qərarına tərəfdar olmaz, baş nazirin istəyinə, arzusuna ram olardılar. Yeri gəlmişkən, Paşinyanı elə ən çox narahat edən də budur.

Paşinyan hakimiyyəti, baş nazir kürsüsünü avantüra ilə ələ keçirsə də idarəetmədə naşıdır və çıxış yolu tapmaqda acizir

Mayın 20-də İrəvanda Paşinyanın çağırışına təxminən 1100 nəfər cavab verib və 11 məhkəmə binası blokadaya alınıb. Təkcə Konstitusiya məhkəməsinin binası yaxınlığında təxminən 150 adam toplanıb. Toplaşanların hətta bir qismi məhkəmənin keçmiş rejimin nəzarəti altında olduğunu cəfəngiyyat hesab etdiyini də gizlətmir. Bəziləri də əmindirlər ki, məhkəmə qanuni olacaq. Digər bir qismi də Paşinyanın hökumətin və məhkəmələrin azadlığını necə qura biləcəyinə, korrupsiyaya qarşı necə mübarizə aparacağına əmin olduqlarını, ona inandıqlarını bildirirlər.
Göründüyü kimi, Paşinyan küçə və meydanlarda toplaşanların ona olan etibarından sui istifaə edir. Hətta hakimiyyət kürsüsünü ələ keçirsə də belə yenə meydanlardan, meydan hərəkatından istifadə etməkdən çəkinmir. Belə görünür ki, bu meydanlar, orada toplaşan insanlar, inqlab əhval ruhiyyəsi erməni baş nazirinin yeganə silahı, istinad yeri və ümididir. Məhz bu silahdan hələ də çarəsiz duruma düşdükdə istifadə etmək cəhdləri isə onun əslində kimliyini və mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Ortada olan isə odur ki, hakimiyyəti, baş nazir kürsüsünü avantüra ilə ələ keçirsə də idarəetmədə naşıdır və çıxış yolu tapmaqda acizir.
Paşinyanın canlı yayım vasitəsilə insanları məhkəmə binalarının qarşısına toplaması da onun acizliyinin və uğursuzluğunun təsdiqidir. İdarəçiliyi ələ ala bilməyən baş nazir yenə də kütlənin gücündən, inqlabi ritorikadan istifadə etməyi özünə çıxış yolu hesab edirsə, o zaman hakimiyyət kürsüsü nəyinə lazım idi? Yaxud, erməni xalqı, daha dəqiq desək, meydana toplaşanlar, nümayişçilər onu baş nazir təyin edibsə, niyə öz səlahiyyətləri, imkanları daxilində məhkəmə də daxil olmaqla bütün strukturları idarə edə bilmir? Belə məlum olur ki, Paşinyan nə bu vəzifəyə, hakimiyyət postuna layiq deyil, nə də idarəetmə ona görə deyil.

Araşdırma niyyəti Dağlıq Qarabağ rəhbərliyinə, əslində isə real qarşıdurmalara erməni baş nazirin adekvat reaksiyasıdır

Nikol Paşinyanın Dağlıq Qarabağ hakimiyyətini ərazilərin bir qismini Azərbaycana qaytarmaq barədə ittihamları da görünür əbəs yerə deyil. Erməni baş nazir hazırda Ermənistanın nəzarətində olan bu ərazilərin aidiyyəti və mənsubiyyəti olan Azərbaycana qaytarılması niyyətinin dövlətə xəyanət kimi adlandırması da təsadüfi hesab oluna bilməz. O, öz çıxışında bu niyyətli insanlar barədə sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq etməsi də bir çox mətləblərdən xəbər verir. Aprel döyüşlərinin erməni parlamenti tərəfindən araşdırılması qərarını da analitiklər təsadüfi hesab etmirlər. Belə bir qərar, araşdırmalar Dağlıq Qarabağ rəhbərliyinə, əslində isə real qarşıdurmalara baş nazirin adekvat reaksiyası hesab olunur. Hətta ona qarşı duranların cəzalandırılması üçün də vasitə olacağına şübhə yeri qoymur.
Dağlıq Qarabağ rəhbərliyinin Ermənistanın keçmiş hakimiyyəti ilə bir zamanlar sıx əlaqədə olduğu məlum məsələdir. Heç indi də bu əlaqələrin mövcudluğunu inkar etmək olmaz və bəzən Paşinyanın əleyhinə mövqe hətta aşkar şəkildə də ictimailəşdirilir də.
Paşinyan 9 may tarixində Qarabağda olduğu zaman ona hakimiyyətə müxalifətdə olanlar barədə verilən suala aqressiv reaksiyası da təsadüfi deyildi. Əbəs yerə deyildi ki, erməni baş nazir bu suala, “əgər kimsə Qarabağı əksinqlabi ocağa çevirmək istəyərsə, xalq oranı inqlab ocağına çevirər” cavabını verimişdi. Əslində, Paşinyan bu sauldan necə deyərlər, öz hesabını da götürmüşdü və anlayırdı ki, onunla qarşıdurmada olan qüvvələrin varlığını ictimaiyyət çox yaxşı bilir. Təbii ki, erməni baş nazirinin cavabı onun kütlədən silah kimi istifadə etmək planını da açığa çıxarır və ifşa edir.
Paşinyanın Stepanakertdə ən tanınmış tənqidçilərindən biri olan, Dağlıq Qarabağın Milli təhlükəsizlik şurasının katibi Vitaliy Balasanyanı da gözü götürməməsi təkcə erməni ictimaiyyətinə bəlli deyil və bunu indi hamı bilir. Polisin 19 may tarixində İrəvanda Balasanyanın avtomobilini saxlaması, onun avtomobilində silah tapmaq məqsədi ilə axtarış aparmaq cəhdi deyilənləri təsdiq edir. Bu hadisə sərt mövqeyi ilə seçilən erməni analitik, həmin anda Balasayanla bir yerdə olan Qrant Melik Şaxnazaryan tərəfindən Facebookda canlı yayımlandığı üçün bunu təkzib etmək belə Paşinyanın imkanı xaricindədir. Doğrudur, Balasanyan order olmadan axtarışın aparlmasına razılıq və imkan verməyib və erməni polisi də bəyənat yayıb ki, axtarış Balasanyan əleyhinə və ondan şübhələnməklə əlaqədar olmayıb. Sözsüz ki, bu bəyənatın həqiqəti əks etdirəcəyinə də kiminsə inanacağı mümkünsüzdür və bunun əslində sifariş olduğu şübhə doğura bilməz.
Məsələ burasındadır ki, Ermənistanda hadisələrin heç də təqdim olunduğu, təbliğ olunduğu kimi cərəyan etmədiyi göz qabağındadır. Demokratiya adı altında hakimiyyət kürsüsünü ələ keçirən Paşinyan heç də birmənalı şəkildə qarşılanmır və Ermənistanda qarşıdurmaların mövcudluğunu təkzib etmək mümkün də deyil. Paşinyanın hakimlərlə və Qarabağ klanı ilə qarşıdurmada olduğu günün reallığıdır. Belə bir qarşıdurmada isə hələ bundan sonra nələrin olacağını, hakimiyyəti ələ keçirmiş küçə nümayişçisinin bu qarşudurmalara tab gətirəcəyini, öhdəsindən gələ biləcəyini düşünmək, proqnozlaşdırmaq isə heç də həqiqətə uyğun görünmür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə