"Köçəryanın həbsdən azad olunması Paşinyana yaman toxunub" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın baş naziri Nikol Paşinyan son 2 gündə müxtəlif açıqlamalar verib, eks-prezident Robert Köçəryanın həbsdən azad olunması ona yaman toxunub". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

"Ancaq Paşinyanın ən diqqətən çəkən açıqlaması 2016-cı ilin aprel döyüşləri ilə bağlıdır. O deyib ki, parlament 2016-cı ilin aprel hadisələrini araşdıran komissiya yaratmalıdır. Bu o deməkdir ki, Nikol Paşinyan aprel müharibəsinə görə "Qarabağ klanı"nın məsuliyyət daşıdığına eyham vurur. Komissiya yaradılacaqda o döyüşlərdə ermənilərin itkilərinə də ilk dəfə aydınlıq gətirmək məcburiyyətindədir. Hardan baxsaq Nikol Paşinyanın bu açıqlaması Azərbaycanın əlini gücləndirir. Biz də deyirdik ki, erməni separatçıları 2016-cı ilin aprelində təxribat törədiblər və Azərbaycan ordusu təxribata cavab olaraq əks-hücum əməliyyatı həyata keçirib. İndi Paşinyan da deyir ki, Qarabağ klanı onun mövqelərini zəiflətmək üçün cəbhə bölgəsində təxribat yaratmaqla torpaq itkisinə şərait yaradır ki, xalqın gözündə baş nazirin reytinqi aşağı düşsün. Bu cümlə də göstərir ki, Paşinyan cəbhə bölgəsində indiyənə qədər atəşkəsin pozulmasının arxasında separatçıların dayandığını etiraf edir. Əlimizə bu cür fürsət düşmüşkən Azərbaycan XİN-nin bir bəyanat verib Paşinyanın etiraflarına dəstək verməsi zəruridir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə