"Aİ-Azərbaycan əməkdaşlığı önəmli dividendlər vəd edir” AÇIQLAMA-ÖZƏL

“Azərbaycanın dünya dövlətləri, nüfuzlu beynəlxalq qurumlar, o cümlədən də Avropa İttifaqı ilə əməkdaşlığa ehtiyacı varsa, bu əlbəttə ki təktərəfli deyil. Çünki onların da Azərbaycana ehtiyacı var. Bölgədə, regionda Azərbaycanın arzusu, istəyi olmadan heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

O bildirib ki, müstəqillik illərində Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa üstünlük verdiyi önəmli və nüfuzlu beynəlxalq qurumlardan biri Avropa İttifaqıdır.

Deputat söyləyib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığa da daim sadiqdir.

Prezident İlham Əliyevin bir neçə gün bundan öncə Brüsselə səfərini xatırladan K.Əliyeva vurğulayıb ki, dövlət başçısı səfər çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə yenidən bir araya gəlməklə yanaşı, keçirilən görüşlər tərəflər arasında münasibətlərin növbəti yeni mərhələyə qədəm qoyduğunu ortaya qoydu: “Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüş ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdi”.

Deputat əlavə edib ki, bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır: “Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...