Yerevanda gərginlik yenidən artır

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azadlığa buraxılması Paşinyanı qorxuya salıb

Ermənistanın sabiq prezidenti Robent Koçaryanın azadlığa buraxılması erməni xalqının etirazına səbəb olub. Məsələ ondadır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istəyinin əksinə olaraq, Yerevanın birinci instansiya məhkəməsi R.Koçaryanı həbsdən azad edib. Paşinyan isə Koçaryanı neytrallaşdırmaq üçün onu həbsdə saxlamağı düşünsə də, bu istək həyata keçməyib.

Daha öncə, Qarabağ separatçılarının lideri Bako Saakyan və onun sələfi Arkadi Qukasyan birbaşa məhkəmə zalında zəmanət verərək, hərəsi 500 min dram və ya təxminən 1000 dollardan bir az çox təzminat ödəyiblər. Məhkəmə binasının qarşısına Ermənistanın eks-prezidentinin tərəfdarları və əleyhdarları toplaşıblar. Tərəfdarlar məhkəmənin qərarı ilə bağlı sevinclərini ifadə ediblər.

Paşinyan yenə də xalqı küçələrə çıxmağa çağırıb

Xatırladaq ki, keçmiş prezidentin həbsdən azad edilməsinə etiraz edən Paşinyan, xalqı küçələrə çıxmağa çağırıb. O, ölkədə inqilabın ikinci mərhələsinin başladığını bildirib. Paşinyanın tərəfdarları onun çağırışı ilə paytaxt Yerevanda bütün məhkəmələrin giriş-çıxışlarını bağlayıblar. Etirazçılar tərəfindən Konstitusiya Məhkəməsinə heç kim buraxılmayıb. Şenqavit dairə Məhkəməsinin hakimi David Balayan binaya pəncərədən daxil olmaq istəsə də, onu itələyərək, içəri girməsinə imkan verməyiblər.

İctimai fəal Ruben Melikyan nümayişçilərin məhkəmə binalarının şüşələrini sındırdığını bildirib: "Paşinyanın müraciəti əsasında toplaşan əhali artıq məhkəmə binasının şüşələrini sındırıb və hakimlərin işinə mane olublar. Polis əməkdaşları isə, heç bir tədbir görmür".

Arman Tatoyan: "Paşinyan Ermənistanın prezidenti yox, düşmənidir"

Ermənistanın Ombudsman Aparatının rəhbəri Arman Tatoyan isə, bildirib ki, Paşinyan ölkədə bu gərginliyi yaratmaqla erməni xalqının düşməni olduğunu göstərir: "Respublikanın bütün məhkəmələrinin giriş və çıxışlarına maneə yaratmaq barədə Ermənistan baş nazirinin çağırışı, bəyanatı ölkənin hüquq sisteminin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə təhlükəlidir".

A.Tatoyan Nikol Paşinyanın bu çağırışını məhkəmələrin işinə müdaxilə adlandırıb və onu ölkədə sabitliyi pozmaqda ittiham edib: "Mən Ermənistan vətəndaşlarını məhkəmələrin binalarını bloklayan tədbirlərdən çəkinməyə çağırıram, əks-halda hansısa bir gərginliyin baş verəcəyini istisna etməməliyik. Sosial şəbəkələrin monitorinqi göstərir ki, vətəndaşlar bir-birlərinə qarşı ən yüksək dərəcədə dözümsüzlük nümayiş etdirirlər, bir-birlərini təhqir və təhdid edirlər. Bu, ölkənin insan haqlarının müdafiəsi baxımından təhlükəlidir".

Paşinyan isə, bütün bunlara rəğmən, ölkədə fəaliyyət göstərən məhkəmələrin binalarına girişin bağlanılması fikrindən imtina etməyib: "Xalqım, utancaq olma! Evdən çıxarkən çətirləri unutma, hamınızı sevirəm". Baş nazir Yerevanda öz tərəfdarları qarşısında bildirib ki, 2016-cı ilin aprel müharibəsi ilə bağlı bütün xüsusatları araşdırmaq üçün parlament komissiyası yaratmağın vaxtı çatıb".

Qeyd edib ki, əvvəlki korrupsioner-kriminal rejimdən daha çox Dağlıq Qarabağ erməniləri zərər çəkib: "İndi isə, bu korrupsioner sistemin bəzi nümayəndələri öz şəxsi əlaqələrindən istifadə edib Ermənistan hökumətinə və baş nazirinə qarşı təbliğat qurublar. Bütün faktları araşdıraraq, mən bunun arxasında yeni müharibə başlatmağa və hətta ola bilsin, Qarabağı Azərbaycana verməyə hesablanmış qəsd planının dayandığını görürəm. Bu fəaliyyəti dövlətə xəyanətə bənzədirəm və baş nazir kimi həmin qəsd planının qarşısını almaq üçün ən sərt tədbirlər görəcəyəm". Daha sonra Paşinyan yenidən canlı yayımda xalq qarşısında çıxış edərək, bir daha inqilabın ikinci mərhələsini elan edib.

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə məhkəmələrə girişin bağlanılması ilə bağlı fövqəladə bəyanat verib. Dövlət başçısı insanları sakitləşməyə və konstitusiyaya hörmət etməyə çağırıb. O, məhkəmələrin şəffaf fəaliyyət göstərməsinin vacib olduğunu da deyib.

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan bildirib ki, Koçaryanın azadlığa çıxması bir bəhanədir. Əsas səbəb zaman-zaman suveren Azərbaycanın qanunsuz olaraq torpaqlarının işğal olunmasıdır.

Erməni siyasətçiləri işğalçı olduqlarını etiraz etmirlər

Georgi Vanyan, həmçinin, məsələnin həllində Azərbaycan dövlətinin siyasətinin uğurlu olduğunu söyləyib: "Ermənistan hakimiyyətinin iddiaları əsassızdır. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır və qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir. Bu ərazilərin işğalında Robert Koçaryan və Sarkisyanın cəlladlığını erməni xalqı qəbul etmir".

Məhz bu səbədən də, Ermənistanda politoloqlar və siyasi şərhçilər sabiq ölkə prezidenti Robert Koçaryanın azadlığa buraxılmasını həm təqdir ediblər, həm də "köhnə hakimiyyətin təzyiqinin hələ də mövcud olduğunu" iddia edərək, etiraz ediblər. Bəziləri isə hadisəni "Moskva amili" ilə əlaqələndiriblər.

Paşinyan yeni imtahanla üz-üzə

Siyasi ekspertlərin sözlərinə görə, Robert Koçaryanın həbsi məsələsi Ermənistan üçün, adi hadisə olmadığı kimi, zaminə buraxılması da sıradan bir hadisə deyil. 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı 2018-ci il iyulun 27-də onun barəsində həbs qətimkan tədbiri seçilib. Onda bu hadisə Rusiya-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə təsir göstərdi.

Başqa sözlə, Nikol Paşinyan hökumətinin bu addımı Ermənistanın xarici siyasi kursu üçün təyinedici və istiqamətverici hadisə də sayıla bilərdi. Elə buna görə də, yeni hakim elitanın, Kremldən qaçan qüvvə kimi təqdim edilməsi təsadüfi deyildi.

Bu baxımdan, ədliyyə sistemində də başıpozuqluğun qarşısını almaq üçün Paşinyan ölkə vətəndaşlarını aksiyaya çağırıb. Bu sahədə islahatların aparılmaması bir il əvvəl başlamış proseslərin dayanmasına və ya qurulan yeni idarəetmə sisteminin dağılmasına, nəhayət, Paşinyan hökumətinin iflasına səbəb ola bilər. Odur ki, Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr ali qanunverici və icraedici orqanla yanaşı, məhkəmə sisteminə də tam nəzarəti ələ almağa çalışırlar.

Nəhayət, Koçaryanın zaminə buraxılması Qarabağ klanının da gücünü göstərdi. Məlum olduğu kimi, Robert Koçaryan Azərbaycanın keçmiş vətəndaşıdır və Xocalı soyqrımının törədilməsinə rəhbərlik edənlərdəndir. Bütün hallarda, Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvə yeni imtahan qarşısındadır. Paşinyan bütün bunları yaxşı anladığından, proseslərin bu ssenari üzrə inkişafını əngəlləməyə çalışır və yenidən özünün başlıca resursu olan xalq dəstəyinə əl atıb.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə