“Fuad Abbasovu müdafiə etməli, ona mənəvi dəstək göstərməliyik” – BƏHRUZ QULİYEV

"Müstəqil jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya olunması məsələsinin arxasında bilavasitə anti-Azərbaycan qüvvələrin dayanması şübhəsizdir". SİA xəbər verir ki, bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun bu ölkədən deportasiya olunacağı ilə bağlı qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Fuad Abbasov jurnalistika fəaliyyəti ilə daim ümumdövlətçilik və milli maraqlar kontekstindən çıxış edib: "Biz, elə də uzağa getməyərək, bir müddət əvvəl azərbaycanlılarla çeçenlər arasında nifaq salmağa çalışan ermənilərin sosial şəbəkə seqmentindəki təxribatlarını xatırlaya bilərik. Həmin vaxt tarixən bir-birinə bağlı olan xalqlarımız arasında düşmənçilik toxumu səpməyə cəhd edən ermənilərin ifşasında Fuadın az işi olmadı. Onun Rusiyada azərbaycanlı və çeçen diaspora nümayəndələrini bir araya gətirməsi, təxribat cəhdinin aradan qaldırılması fəaliyyəti həm bizlər, həm də çeçenlər arasında təqdir olundu. Bununla düşmən ünsürlərin xain planları baş tutmamış qaldı".

Bəhruz Quliyev daha bir nüansa toxunaraq qeyd edib ki, Fuad Abbasovun deportasiyası etimal ki, sifarişlə həyata keçirilir: "Milli maraqlar kontekstindən çıxış edən Fuadın deportasiya olunmasında bəzi xain şəxslərin də erməni lobbisi ilə əlbir olması etimal olunur. Hesab edirəm ki, bu gün həm də bir jurnalist olaraq bizlər Fuad Abbasovu müdafiə etməli, ona mənəvi dəstək göstərməliyik".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə