Dağlıq Qarabağ tənzimlənməsində Vaşinqton Moskvanı üstələyə bilər Mübariz Əhmədoğlu

"Dağlıq Qarabağ tənzimlənməsi ətrafında maraqlı dinamika yaranıb. ABŞ Dövlət Katibinin müavinin yardımçısı C.Kent Yerevanda erməni jurnalistlərin suallarına cavab verərkən Dağlıq Qarabağ tənzimlənməsində ərazi bütövlüyü prinsipinin prioritetliyini bəyan etdi: Millətlərin öz müqəddəratını təyin etmə hüququ ərazi bütövlüyü çərçivəsində reallaşdırılmalıdır". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, ABŞ-ın Ermənistandakı səfiri L.Treysi də maraqlı açıqlamalar verdi: "Səfir Dağlıq Qarabağ tənzimlənməsində optimizmə əsas olduğunu bildirdi və onun fikrincə, Azərbaycan və Ermənistan liderlərinin görüşü qoşunların təmas xəttində gərginliyi azaldır və yaxınlaşma istiqamətində əlavə də addımlar var. Amma bu əlavə addımın nə olduğunu açıqlamadı. Ehtimal ki, bu Vaşinqtonda Xarici İşlər nazirlərinin görüşü zamanı Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminə dair ikitərəfli sənədin imzalanmasıdır. Əslində elə bu özü Ermənistanın Vaşinqtonu Moskvadan üstün tutduğunu göstərən ən bariz misaldır. 2016-cı il aprelin 5-də Moskvada Rusiya Müdafiə Nazirliyinin himayəsi altında atəşkəs rejimi ilə bağlı Ermənistan və Azərbaycan rəsmiləri arasında ikitərəfli razılaşma əldə olundu. Sonradan bu razılaşmanı RF Xİ naziri S.Lavrov dandı; Aprelin 21-də Yerevana gələn kimi RF XİN saytı 1994-95-ci illərdə atəşkəs rejimi ilə bağlı imzalanmış üçtərəfli müqavilələrin müddətsiz qüvvədə olduğunu açıqladı. İndi isə yayılan məlumatlara görə isə rəsmi Yerevan Dağlıq Qarabağın iştirakı olmadan Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında atəşkəs rejimi ilə bağlı ikitərəfli müqavilənin imzalanmasına razılıq verib və bu müqavilə məhz Vaşinqtonda imzalanmalıdır. L.Treysi gənclərlə keçirdiyi görüş əsasında açıqladı ki, erməni gənclərinin Dağlıq Qarabağ tənzimlənməsinə baxışı dəyişib. Beləliklə bu vaxtadək ermənilərin ortalığa qoyduğu gələcək nəsillər Qarabağ probleminin, Azərbaycanın nə olduğunu bilməyəcək tezisi iflasa uğradı. L.Treysinin dediyindən anlaşılır ki, Ermənistan gəncliyi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini başa düşür və Dağlıq Qarabağın ermənilərə məxsus olmadığını da anlayıb.

Paşinyanın anti-Rusiya niyyətlərinin üzə çıxması fonunda Vaşinqtona belə maraq, o cümlədən Ermənistan Təhlükəsizlik Şurası katibinin Tramp administrasiyasında yüksək çinli rəsmilərlə Dağlıq Qarabağ məsələsini müzakirə etməsi göstərir ki, Ermənistan məhz Vaşinqtonun xatirinə Dağlıq Qarabağ məsələsində irəliləyişə hazırdır. Əvəzində 8 milyard dollarlıq investisiyanı istəyəcəkdir.

Vaşinqton görüş üçün orijinal format hazırlaya bilər. 2014 cü idə Fransa prezidenti F.Olland 2 gün ərzində Ermənistan və Azərbaycan prezidentlərinin müxtəlif şəraitdə 5 dəfə təmas-müzakirəsinə nail olmuşdu.

Vaşinqton iki ölkənin Xİ nazirlərini də əlavə etməklə Azərbaycan və Ermənistan liderləri bir neçə mərhələli görüşlər formatı hazırlaya bilər. Əsas məqsəd tənzimlənmənin praktiki başlanğıcına şərait yaradan sənədin imzalanması ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə