"Paşinyanın “Şuşa yallısı” əks-inqilabı rəsmiləşdirdi" Mübariz Əhmədoğlu

Ermənistanın Baş naziri N.Paşinyan mayın 9-da Şuşanın işğalının qeyd olunması tədbirlərində iştirak etdi. Onun bu tədbirdə iştirakı bir sıra parametrlər üzrə Ermənistanın əvvəlki rəhbərlərinin iştirakından fərqlənirdi". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Nikol Paşinyan mayın 8-də deyil, mayın 9-da Dağlıq Qarabağa gəldi: "Mayın 8-də o, özünün hakimiyyətə gəlməsinin 1 illiyi ilə əlaqədar Yerevanda mətbuat konfransı keçirdi. Ermənilər üçün mayın 8-də Şuşada olmaq prinsipial məsələdir. N.Paşinyan həyat yoldaşı və 3 qızı ilə gəlmişdi və Dağlıq Qarabağda hərbi xidmətdə olan oğlu Aşot onu aeroportda qarşılayanlar sırasında idi. N.Paşinyan daha çox ailəvi olaraq oğluna baş çəkməyə gəlmişdi. N.Paşinyan Dağlıq Qarabağa gəlməzdən əvvəl artıq qondarma qurumun separatçı rəhbəri B.Saakyan və onun eks-həmkarı A.Qukasyan Yerevanda həbsxanada olan qondarma qurumun separatçı eks-rəhbəri və Ermənistanın eks-prezidenti R.Köçəryanın zaminə buraxılması ilə bağlı Ermənistan prokurorluğuna müraciət etmişdi. Burada hüquqi-siyasi nüanslar çoxdur. Ən azı bu bir daha göstərdi ki, Dağlıq Qarabağ özünü Ermənistanın tərkib hissəsi kimi hiss edir və yaxud Ermənistan Dağlıq Qarabağın idarəedicisi kimi qəbul edilir".

M.Əhmədoğlu bildirib ki, N.Paşinyanın qondarma qurumun 2 qondarma qurumun separatçı rəhbərinin bu müraciətinə münasibəti də artıq kifayət qədər əlavə siyasi nüans yaratdı: "Paşinyan üçün maraqlıdır ki, niyə görə Dağlıq Qarabağın qondarma rəhbəri Manvel Qriqoryanın deyil, R.Köçəryanın həbsdən azad olunmasını istəyirlər. M.Qriqoryan da Dağlıq Qarabağ uğrunda döyüşüb və indi də hal-hazırda həbsdədir. Əslində ermənistanlı və qarabağlı bölgüsü demək olar ki, yeni çalarını məhz bu andan etibarən aldı. Çünki Qarabağ klanın fikrincə, M.Qriqoryan qarabağlı deyil. M.Qriqoryan da elə N.Paşinyan kimi Levon Ter-Petrosyanın tərəfdarlarından biridir. Ter-Petrosyanın 2 ardıcılı öz aralarında hansısa məsələni çözə bilməyiblər. İndi Paşinyan M.Qriqoryandan onun qisasını alır. R.Köçəryandan N.Paşinyanın qisas alması isə onun məhz qarabağlı olduğu üçündür.

N.Paşinyan rəsmi tədbirlərdən daha çox qeyri rəsmi tədbirlərə meyllidir, ona görə də onun tədbirlərə qatılmasını Şuşada “Yallı” rəqsi ilə xarakterizə etdilər. N.Paşinyan eynəyini mühafizəsinə verərək sanki “Yallı” gedənlərə ehtiraslı şəkildə hücum çəkdi. Bu N.Paşinyanın qeyri-ciddi və ya yüngül əxlaqlı adam imicini formalaşdırdı.

V.Dağlıq Qarabağın “Təhlükəsizlik şurasının rəhbəri” S.Balasanyanın N.Paşinyanı publik ələ salması da diqqəti çəkir.

Ümumiləşdirməni isə N.Paşinyan Dağlıq Qarabağdan Yerevana qayıtdıqdan sonra verdi. O, bildirdi ki, Dağlıq Qarabağda kimlərsə əks-inqilab etmək istəyirlər, amma əks-inqilabı beşiyindəcə inqilaba çevirəcəkdir. Reallıqda isə bu artıq mümkün deyil. Mayın 8-də 1 illiyini qeyd edən N.Paşinyan üçün mayın 9-dan etibarən zamanın əksinə sayılması başlandı. R.Köçəryan zaminə buraxıldı. N.Paşinyanın R.Köçəryanı yenidən həbs etdirməsi mümkündür. Ermənistan prokurorluğu məhkəmənin R.Köçəryanın azadlığa buraxma qərarından şikayət verib. Amma N.Paşinyanın Dağlıq Qarabağ məsələsindəki qeyri-müəyyənliyi Dağlıq Qarabağ tənzimlənməsinin tərəfdarları arasında onun dəstəyini azaldır, ekstremistlərin arasında ona düşmənçiliyi artırır.

N.Paşinyan üçün geriyə sayım başladı. Bu geriyə sayım Ermənistanda, o cümədən Dağlıq Qarabağ erməniləri arasında xaosla xarakterizə olunacaq. Dünyanın daha yaxşı vaxtında ermənilər dövlət qura bilmədilər. Növbəti xaos mərhələsində isə ermənilərin dövlətlərini qoruyub saxlayacaqları çox ciddi şübhə altındadır. Bəlkə də N.Paşinyanın qarşısındakı missiya Ermənistan dövlətçiliyini dağıtmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə