Ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında xidmətləri ilə seçilən yazıçı

Dövlət başçısının Sərəncamı ilə Hüseyn Məmmədəli oğlu İbrahimovun anadan olmasının 100 illiyi qeyd olunacaq

Hər bir xalq öz mədəniyyəti və incəsənəti ilə tanınır. Bu gün Qədim Odlar Yurdu olan Azərbaycanı dünyada inkişaf etmiş mədəniyyət ölkəsi kimi də tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız və bəstəkarlarımızdır. Odur ki, bu gün ölkədə mədəniyyət və incəsənətimizə və sənətkaralara böyük dövlət qayğısı vardır. Dövlət başçısının mədəniyyət və incəsənət sahəsində çalışan insanlara yüksək diqqət və qayğı göstərməsi, onların yubiley tədbirlərinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamlar bu qayğının daha bir bariz nümunəsidir. Dövlət başçısının bu günlərdə imzaladığı daha bir Sərəncamı ilə Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun anadan olmasının 100 illiyi qeyd olunacaq. Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə almaqla, Hüseyn İbrahimovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlanıb həyata keçiriləcək.
Xalq yazıçısı H.İbrahimov yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı ilə ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında mühüm xidmətləri ilə seçilən, nəzərəçarpan məhsuldar yazıçı kimi xüsusi hörmət və nüfuz qazanmışdır.​ 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının indiki Şərur rayonunun Şaxtaxtı kəndində anadan olan H.İbrahimov orta təhsilini başa vurduqdan sonra Naxçıvan Pedaqoji Texnikumunda oxumuş, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə jurnalistika şöbəsini bitirmişdir. H.İbrahimov ədəbi yaradıcılığa 1940-cı illərin əvvəllərində şeirlə başlamışdır. Onun 1950-ci illərdən etibarən qələmə aldığı hekayə, povest, roman və pyeslər müasirlərimizin mənəvi zənginliyini əks etdirən dolğun sənət nümunələridir. Onun yaradıcılığında Azərbaycan mədəniyyətinin görkəmli simalarının işıqlı obrazları parlaq bədii təcəssümünü tapmışdır. Tanınmış yazıçı yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan əsərləri ilə ədəbiyyatımızın inkişafına layiqli töhfələr vermişdir. Yazıçının xarici dillərə tərcümə olunmuş bir çox əsərləri ölkəmizin hüdudlarından kənarda yayılaraq, ədəbiyyatımızın şöhrətini daha da artırmışdır. Onun tərcümələri sayəsində isə, Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi dəyərli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır. H.İbrahimovun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, üç çağırış Naxçıvan Ali Sovetinin və bir çağırış Naxçıvan Ali Məclisinin deputatı, 1963-cü və 1967-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmişdir. Uzun illər, Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla, regionda mədəni mühitin tarixi ənənələrinin qorunub-saxlanılması və eləcə də, müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf edib. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi, müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilib və mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapıb. Onun Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlər layiqincə qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmişdir. Yazıçının özündən sonra qoyduğu irsi bu gün yaşayır və xüsusən, tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanaraq, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində əhəmiyyətli rol oynayır.


Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə