Sağlam düşüncəyə malik Azərbaycan gəncliyi ölkə Prezidentinin ətrafında sıx birləşib

"Bu gün hər bir Azərbaycan gənci belə güclü və qüdrətli dövlətin vətəndaşı olmağı ilə qürur duyur". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin fəalı İsa Bayramov deyib. Onun sözlərinə görə, ölkəmizdə dövlət tərəfindən gənclərə böyük rəğbət göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını, son illərdə gənclərimizin müxtəlif sahələrdə qazandığı uğurları diqqətə çəkən İ.Bayramov Azərbaycan gəncinin ölkənin ictimai-siyasi həyatında həmişə fəal iştirak etdiyini vurğuladı: " Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışırlar. Ulu Öndərin gənclərin imkan və bacarıqlarını hər zaman yüksək qiymətləndirdiyi və onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini vurğulamaq istərdim. Azərbaycan Gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, 2 fevralın Gənclər Günü elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət - gənclər siyasəti haqqında" Fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük diqqət və qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə, dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi".
Bu gün ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu diqqətin nəticəsidir. İ.Bayramov Cənab Prezidentin gənclərin xaricdə təhsil almalarına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı"nın bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdığını vurğuladı: "İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Onu da qeyd edim ki, dövlət başçısı ali məktəblərə yüksək bal toplayaraq, daxil olan gənclərə də xüsusi diqqətlə yanaşır. Bu qayğı onlarda milli mənlik və vətənpərvərlik hissinin yaranmasında, inkişafında və yüksək təhsilə yiyələnməsində önəmlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin 12 sentyabr tarixində 2018-2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident Təqaüdünün verilməsi haqqında imzaladığı Sərəncam gənclərə göstərilən diqqətin daha bir nümunəsi idi. Bu gün hər bir Azərbaycan gənci belə güclü və qüdrətli dövlətin vətəndaşı olmağı ilə qürur duyur, respublikamızın daha da güclənməsinə, qüdrətlənməsinə öz töhfələrini verməyə çalışır, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər. Sağlam düşüncəyə malik Azərbaycan gəncliyi onun üçün yaradılmış bu şəraitlərə görə öz Prezidentinin, gənclərin dostu olan, onlara hər zaman qayğı ilə yanaşan Prezident İlham Əliyevin ətrafında sıx birləşib!"

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə