"Ermənistan İrana qarşı ABŞ planına qoşulub" ÖZƏL-ŞƏRH

RF elmi-tədqiqat “Ali iqtisadiyyat məktəbi” universitetinin professoru Oleq Matveyçev Ermənistan mətbuatına verdiyi müsahibədə Ermənistanı ABŞ-ın əlində İrana qarşı alət kimi təqdim etdi". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədri deyib ki, Matveyçevin sözlərində bizim üçün qeyri-adi heç bir şey yoxdur: "Ermənistan İrana qarşı xüsusilə ABŞ tərəfindən alət kimi istifadə olunub. Ermənilər İranın daxilində ABŞ-ın xeyrinə casusluqla məşğul olurlar. Hətta ABŞ vətəndaşı olan erməni qadın bir neçə dəfə İrana gəl-get etdikdən sonra sərhəddə saxlanıldı. ABŞ-ın Ermənistanda Vorotan Su Elektrik Stansiyasını almaqda məqsədi də məhz İran ərazisində casusluq həyata keçirən qurğuları yerləşdirmək idi.

Ermənistanda İran rəsmilərinin ABŞ-a müraciəti ilə bağlı konkret adlar və ərizələr var. Bir sıra İran rəsmiləri Ermənistan vasitəsilə ABŞ-dan Qrinkart və yaxud digər sənədlər alıblar, ailə üzvlərini ABŞ-da yaşamağa göndəriblər. Bu mənada Ermənistanın ABŞ-ın əlində İrana qarşı alət olması heç bir təəccüb yaratmır. O.Matveyçevin sözü də mötəbər fikirdir. Çünki Matveyçev özü Moskvada Amerikanın təsis etdiyi, maraqlarına uyğun olan ali məktəbdə işləyir. Eləcə də onun həyat yolu eynilə RT kanalının rəhbəri Marqarita Simonyanın siyasi həyat yolu kimidir. Hər ikisi Amerikapərəst gənc kimi fəaliyyətə başlayıblar və Amerikanın bütün vacib proqramlarında iştirak edib, təhsil kurslarını keçiriblər. Sadəcə sonradan nəyinsə hesabına Amerikadan üz döndərib, Rusiyaya tərəf çevriliblər. Ona görə Matveyçev Amerikanın region siyasətinin, “məxməri inqilab” törətməyin incəliklərini bilən şəxsdir.

ABŞ Dövlət Katibinin müavinin yardımçısı C.Kentin regiona səfəri zamanı yalnız Ermənistanda müqavilə imzalandı. ABŞ-Ermənistan münasibətləri hal-hazırda ən minimum həddədir. Çünki Paşinyanı Amerika hakimiyyətə gətirsə də, o Rusiyanın maraqlarına işləyir. Amma N.Paşinyan görünür ABŞ-ın maraqlarına gizli işləməyə etibarlı təminatlar verdiyi üçün artıq ABŞ N.Paşinyana inanır və ona görə də maliyyə vəsaiti ayırmağa başladı.

ABŞ üçün Ermənistanın yerləşdiyi coğrafiyada ən aktual mövzu İran məsələsidir. C.Bolton gəldi, müəyyən söhbətləri apardı. Ermənistan tərəfi təkzib etsə də sonradan bəlli olur ki, ABŞ-ın əlində Ermənistanın anti-İran olmasına əsaslar var və ona görə ABŞ bundan istifadə edir.

N.Paşinyanın İrandan qayıdan kimi İsrailə 2 nümayəndə heyəti göndərməsi göstərir ki, Ermənistan özü İranın daxilində ABŞ-ın maraqlarına cavab verən iş aparmaqda

həvəslə maraqlıdır. İsrail ABŞ-dan aldığı məlumatlar əsasında Ermənistanı İrana qarşı layihələrə cəlb edəcəyinə çox inanır. Yeri gəlmişkən Aİ-nin son tədbirində də Ermənistana verilən dəstəyin arxasında ola bilər ABŞ-dan gələn siqnal dayansın. ABŞ Aİ-yə Ermənistanın anti-İran layihələrdə iştirak etməsi ilə təsir edə bilər; hələki Dağlıq Qarabağ məsələsində Ermənistanın maraqlarına zidd olan addımlar atılmasın.

ABŞ-ın Ermənistanda qurduğu casus şəbəkə və Ermənistan vasitəsilə ABŞ-la əlaqə qurmaq yolunda olmuş rəsmilərin fəaliyyəti İran üçün ciddi nəticələr yarada bilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə