"Ən dözümsüz adam Əli Kərimlinin özüdür" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə AXCP sədri Əli Kərimlinin kimisə dözümsüzlükdə ittiham etməsinə heç bir mənəvi haqqı yoxdur". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, bu gün Azərbaycanda, xüsusən də siyasi müstəvidə ən dözümsüz adam məhz Əli Kərimlinin özüdür: "O hətta nəinki hakimiyyətə qarşı dözümsüzlük nümayiş etdirir, uzun illər biz müşahidə etmişik ki, bu adam müxalifət daxilində də şəxsini təhqirlə tənqid edən və yaxud onunla bağlı fərqli fikir söyləyən insanları daim küncə sıxışdırıb onlara qarşı dözümsüzlük nümayiş etdirib. Həmçinin deyərdim ki, ən aparıcı media qurumlarını belə boykot etməkdən çəkinməyib. Məsələn, Əli Kərimli bugünün özündə də “Yeni Müsavat” qəzetini boykot etməklə məşğuldur. Yəni bu adam fərqli fikirlərə dözümsüzlük nümayiş etdirir.

Digər tərəfdən onun mühacirlərdən sui-istifadə etməyə çalışması “suda boğulan adamın saman çöpündən yapışması kimi” bir şeydir. Yəni ölkə daxilində geniş dəstək ala bilməməsinə və arxasınca böyük bir insan ordusunu apara bilmədiyinə görə, xüsusilə də Azərbaycan insanının onun siyasi kimliyini yaxşı bildiyinə görə bu adam xaricdəki narazılardan istifadə etməyə cəhd göstərir. Amma bilirik ki, onlar da say etibarilə çox azdırlar. Həmçinin az olmaları ilə bərabər onların böyük əksəriyyəti Əli Kərimlini siyasi lider kimi qəbul etmir. Bu adam sadəcə olaraq manipulyasiya etməklə məşğuldur və onları öz tərəfinə çəkmək üçün cəhdlər göstərir. O baxımdan onun atacağı, atmaqda olduğu, planlaşdırdığı və planlaşdırmaqda olduğu heç bir addım Azərbaycan cəmiyyəti üçün təhlükəli, qorxulu deyil. Yəni bu adam faktiki olaraq siyasi meydanda hər hansı hərəkətlənməyə səbəb ola biləcək bir şəxs deyil. O baxımdan düşünürəm ki, onun bu addımlarına əhəmiyyət verməməkdə olar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə