"Ukraynada son günlərdə 3 önəmli hadisə baş verib" ÖZƏL-ŞƏRH

"Ukraynada son günlərdə 3 önəmli hadisə baş verib. Birincisi, məşhur oliqarx İqor Kolomoyski bir neçə illik sürgündən sonra Ukraynaya qayıdıb. İkincisi, müğənni Svyatoslav Varakçuk siyasətə qayıtdığını və “Səs” adlı partiyası ilə parlament seçkisinə qatılacağını bəyan edib. Üçüncüsü, hazırki prezident Vladimir Zelenski vaxtından əvvəl parlamenti buraxa bilməyəcək". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Kolomoyskini ölkədən keçmiş prezident Petro Poroşenko qovmuşdu və onun bankını milliləşdirmişdi: "Çünki Kolomoyski o biri oliqarxlardan fərqli olaraq siyasətin içində olmaq istəyir, hakimiyyətin siyasətini sabotaj edirdi. Poroşenko ona qapını göstərdi və Kolomoyski bir neçə il əvvəlcə İsveçrədəki villlasında, sonra isə pasportunu daşıdığını İsrailə köçdü. İndi isə Kolomoyskinin yenidən Kiyevə qaytmasına heç nə mane olmurdu. Çünki, Vladimir Zelenski Kolomoyskinin televiziya kanalında məşhurlaşmışdı. Buna görə də Kolomoyski düşünür ki, Zelenski onun layihəsidir və yeni prezident gələcək siyasətində onunla məsləhətləşəcək. Bunun belə olub-olmayacağını indidən söyləmək çətindir. Çünki Zelenski “Kolomoyskinin adamı” obrazından çıxmaq istəyir. Buna baxmayaraq, Kolomoyskinin xarakterini nəzərə alaraq oliqarxın Ukraynada dinc dayanmayacağını söyləmək mümkündür.

Svyatoslav Vakarçukun siyasətə qaydışı niyə bu qədər diqqət cəlb edir? Məsələ burasındadır ki, Vakarçukun Ukraynada reytinqi yüksəkdir. Ukraynalı ekspertlərin ehtimallarına görə əgər Vakarçuk prezident seçkisinə qatılsaydı Zelenskinin ikinci turda rəqibi Petro Poroşenko yox məhz Vakarçuk olacaqdı. Ona görə də Vakarçukun yeni partiyası ilə siyasətə qayıdışı (keçmiş illərdə deputat olub, sonra mandatından imtina edib) Ukraynadakı bir sıra siyasi partiyaların planlarını pozub, yuxularına haram qatıb. Çünki Vakarçuk bir neçə partiyanın səslərini qoparacaq. Ukraynada parlament seçkisindən sonra qəribə situasiya yarana bilər. Prezident artist, baş nazir müğənni!

Vladimir Zelenski prezident seçilən kimi parlamenti buraxa biləcəyini açıqlamışdı. Bunun üçün onun mayın 27-ə qədər andiçmə mərasimi keçirilməli idi. Çünki bu tarixdən sonra qanuna görə parlamenti buraxmaq mümkün deyildi. Parlamenti buraxmaq üçün qərar seçkidən 6 ay əvvəl verilməlidir. Prezidentin andiçməsi mayın 20-ə təyin olundu. Bu o demək idi ki, Zelenski parlamenti buraxa bilər. Vaxt da buna imkan verirdi. Zelenski parlamenti buraxıb erkən seçkidə partiyasının qələbəsini təmin edə bilərdi. Ancaq parlamentdəki hakim koalisiya bu dəfə də Zelenskinin planlarını pozdu. “Xalq Cəbhəsi” Partiyası “Petro Poroşenkonun Bloku” ilə koalisiyadan çıxdığını bəyan etdi. “Xalq Cəbhəsi” Partiyası bunu ona görə etmədi ki, “Petro Poroşenkonun Bloku” ilə fikir ayrılığı var. Məsələ burasındadır ki, qanuna görə hakim koalisiya dağıldıqdan sonra 30 gün ərzində yeni koalisiya formalaşmalıdır. Bu müddətdə isə qanuna görə artıq prezident parlamenti buraxa bilməyəcək. Çünki 30 gündən sonra prezidentin parlamenti buraxmaq üçün 6 aylıq müddət limiti bitmiş olacaq. Parlamentdəki aparıcı partiyalar hiyləgər gediş etdilər. Beləliklə, Ukraynada parlament seçkisi əvvəlcədən müəyyənləşdirdiyi tarixdə - oktyabrda keçiriləcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə