Yeni Azərbaycan Partiyasına ümumxalq etimadı tükənməzdir

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 280 əməkdaşı YAP sıralarına daxil olmaq üçün müraciət edib

1992-ci il noyabrın 21-də müxalifət partiyası kimi 550 nəfərin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının qısa müddətdə iqtidara gəlməsi YAP-a, onun yaradıcısı və qurucusu ulu öndər Heydər Əliyevə ümumxalq ehtiramı və inamının nəticəsi idi. Bu gün üzvlərinin sayı 800 minə yaxınlaşan partiyanın ikinci qurultayındakı çıxışında "Bizim partiyaya üzv olan adamlar, bizim partiyaya qoşulmaq istəyənlər, bizim partiyaya gələn adamlar ancaq və ancaq öz qəlbinin, öz zehninin hökmü ilə gəlməlidirlər, öz könlü ilə gəlməlidirlər. Bilməlidirlər ki, bu partiya onun bütün arzu və istəklərinə cavab verən partiyadır" söyləyən ümummilli lider Heydər Əliyev bildirirdi ki, bu partiyanın yaradılması ilə Azərbaycanda yeni bir demokratik sistem formalaşır: "Əsas vəzifəmiz isə Azərbaycanın dövlət quruculuğudur. Azərbaycanda keçirilən islahatlardır- siyasi, iqtisadi, sosial və başqa islahatlardır".

Dünən Akadkemik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən tədbir sübut etdi ki, Ulu Öndərin ideyalarını davam etdirən YAP həqiqi mənada xalqın, milyonların partiyasıdır.

Xəstəxananın baş həkimi Telman İbadov bildirdi ki, respublikada aparılan geniş miqyaslı islahatlar, quruculuq işləri səhiyyə sistemində də əsaslı dönüş yaratmış, yeni xəstəxanalar istifadəyə verilmiş, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun ən müasir tibbi avadanlıq və preparatlarla təmin edilmişdir:

- Xəstəxanamız son illərdə əsaslı surətdə təmir olunmuş, müxtəlif korpuslarda müalicə olunan xəstələrə diqqət və qayğı artırılmışdır. Ən təcrübəli həkimlərdən və tibb işçilərindən ibarət kollektivimiz Azərbaycanda səhiyyənin inkişafına göstərilən diqqət və qayğı üçün dövlət başçımız, YAP Sədri İlham Əliyevə minnətdarlığını fəaliyyətləri ilə bildirir. Bu qayğını layiqli işləri ilə doğrultmağa çalışan çoxsaylı həkimlərimiz, tibb işçilərimiz içdikləri Hippokrat andına sadiqdirlər. Bu gün onlardan 280 nəfər YAP sıralarına daxil olmaq üçün ərizə ilə partiyanın Yasamal rayon təşkilatının xəstəxanadakı ərazi ilk təşkilatına müraciət etmişlər.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki, 1992-ci ildə adları tarixə "91-lər" kimi yazılan vətənpərvər ziyalıların müraciətinə cavab verən ulu öndər Heydər Əliyev bu partiyanı yaratmaqla Azərbaycanda demokratik təsisatların əsasını qoydu, milli müstəqilliyimizi əbədiləşdirdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı, ölkədə sabitliyin, tərəqqinin, təminatı üçün göstərdiyi fədakarlıqlardan söz açan Tağı Əhmədov bildirdi ki, YAP-ın kəmiyyət və keyfiyyətcə yenilənməsi, möhkəmlənməsi partiyamıza ümumxalq rəğbətinin və sonsuz inamının təcəssümüdür:

- Azərbaycanda gedən ictimai-siyasi proseslərdə formalaşan, mütəşəkkil təşkilat kimi böyük nüfuz qazanan YAP xalqına, Vətəninə, millətinə xidmət etmək istəyən insanların partiyası olduğunu artıq ölkəmizi dünyada tanıtmaqla təsdiqləyib. Proqram və Nizamnaməsi Azərbaycan xalqının istək və arzularını əks etdirən partiya üzvlərinin sayının artması ulu öndər Heydər Əliyev ideyalarına sadiqlik olmaqla, Prezident, YAP Sədri İlham Əliyevə tükənməz etimadın ifadəsidir. Respublikamızda keçirilən prezident, parlament, bələdiyyə seçkilərində insanların YAP-a, bu partiyanın namizədlərinə etimadı həmişə yüksək olub.

"Dünya birliyində böyük nüfuz qazanan Azərbaycanın inkişafı beynəlxalq təşkilatlarda nümunə göstərilirsə , bu uğurlarda YAP üzvlərinin xidmətləri böyükdür" sözləri ilə çıxışını davam etdirən Tağı Əhmədov vurğuladı ki, ölkəmizdə ən mötəbər beynəlxalq simpoziumların, forumların, dünya ictimaiyyətinin diqqətində olan idman yarışlarının təşkili Ulu Öndərin görmək istədiyi Azərbaycanın dünyaya təqdimatıdır:

-Respublikamızda əldə edilmiş bütün uğurlarda Yeni Azərbaycan Partiyasının rolu və xidmətlərinin xalq tərəfindən qiymətləndirilməsi siyasi kampaniyalarda YAP-ın qazandığı uğurlardır. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi məsuliyyətini hiss edir, avanqard rolunu fəaliyyəti, təşəbbüsləri ilə doğruldur. Partiyamızın üzvləri müxtəlif sahələrdə nümunə göstərərək ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası regionda, dünya miqyasında tanınan, böyük nüfuz qazanan güclü, vahid, siyasi təşkilatdır. Beynəlxalq əlaqələri genişlənən partiyamız dövlət siyasətimizin əsasını təşkil edən qarşılıqlı əməkdaşlıq prinsipini fəaliyyətinin başlıca amili kimi daim diqqətdə saxlayır. Bütün Azərbaycan xalqında partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Bu gün 280 nəfərin partiyamızın sıralarına daxil olmaq istəyi YAP-a, ulu öndər Heydər Əliyev siyasətinin davamına ümumxalq inamının, etimadının nümunəsidir.

Tədbirdə Yeni Azərbaycan Partiyasına daxil olmaq istəyənlərin müraciətləri nəzərə alındı. Belə bir inam ifadə olundu ki, onlar YAP üzvü kimi də etimadı layiqli işləri ilə doğruldacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...