Azərbaycan-Aİ münasibətləri mühüm mərhələ astanasındadır TƏHLİL

Prezident İlham Əliyevin “Şərq Tərəfdaşlığı” Proqramının 10 illik yubileyinə həsr olunmuş tədbirə qatılmaq üçün Brüsselə getməsindən sonra müaxlifət düşərgəsi məntiqsiz, əsassız müzakirələrlə, fikirlərlə yenə də öz cılızlığını nümayiş etdirir. Radikalların xəyanətkarlıqla yanaşı həm də məlumatsızlıqda, savasızlıqda, düşüncəsizlikdə tayı-bərabəri olmadığı bu dəfə də öz təsdiqini tapdı. Müxalifət düşərgəsi məsələləri qarışdırmaqla təsdiq etdi ki, hadisələrin gedişi, proseslər barədə tamamilə anlayışsızdırlar və heç şübhəsiz, əməlli başlı naşıdırlar.

Özünün ənənəvi və sosial mediasında “Azərbaycanla Avropa Birliyi arasında gözlənilən saziş imzalanmayıb” deyə hay-küy qoparanlar hansı sazişi nəzərdə tuturlar? Bu görüş çərçivəsində belə bir saziş var idimi deyə düşünüblərmi və ümumiyyətlə, haqqında boş-boşuna haray-həşir qopardıqları saziş barədə anlayışlıdılarmı? Yaxud, gözlənilən saziş deyənlər ümumiyyətlə, nəyin gözlənilən olub-olmadığını dərk edirlərmi? Görünən odur ki, nə dərk etmirlər, nə də anlamırlar. Heç məsələnin nə yerdə oluğunun fərqində belə deyillər.

Radikallar Strateji Tərəfdaşlıq Sazişi ilə “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş Bəyannamə arasındakı fərqi dərk edə bilmirlər

Gözlənilən saziş deyənlər fərqində deyillər ki, Azərbaycanın AB ilə imzalayacağı Strateji Tərəfdaşlıq Sazişi, yəni haqqında müzakirələr apardıqları sənəd hələ heç hazır da deyil. Belə olan halda, yəni sənəd hazır olmadan onun imzalanmasından danışmaq, bunu müzakirə mövzusuna çevirmək nə deməkdir? Dillərindən Avropa sözü düşməyən bu müxaliflər köhnə qitədə analoji faktın nə vaxtsa şahidi olublarmı? Yaxud, dünyanın hansısa ölkəsindəsə hazır olmayan sənədin müzakirə olunmasına rast gəliblərmi? Xeyr, rast gəlməyiblər. Heç bundan sonra da gələ bilməzlər. Bu cür gülünc addım yalnız özlərinə məxsusdur və analoqunu da axtarmağa dəyməz.
Məsələ burasındadır ki, radikallar Azərbaycanın AB ilə imzalayacağı Strateji Tərəfdaşlıq Sazişi ilə “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş Bəyannaməni bir-birindən ayıra, bunlar arasındakı fərqi dərk edə bilmirlər. Dərk edə bilmədikləri üçün də qarışdırıblar və bununla da özlərini dolaşığa salıblar. Əgər həmin Bəyannamənin mətni ölkəmizi qane etmədiyi halda Azərbaycan veto hüququndan istifadə edirsə bu heç kimə, heç cür əsas vermir ki, hadisələrin məhz bu şəkildə gedişini “hakimiyyətin məğlubiyyəti” kimi qələmə versin. Ölkələrin ərazi bütövlüyü məsələsi öz əksini tapmadığı halda veto hüququndan istifadə nə vaxtdan məğlubiyyət hesab olunub? Həm də axı təkcə Azərbaycandan söhbət getmir və “Şərq tərəfdaşlığı”nın digər üzvləri olan Gürcüstan və Ukrayna üçün də bu prinsipial məqamdır. Sənədi Federiko Moqerininin təkcə özünün imzalamalı olması heç də təsadüfi deyil və bu əslində bir çox məqamlara aydınlıq gətirilməsi üçün yetərlidir.

Ölkəmiz əleyhinə anti-təbliğat aparan, bununla da düşmən dəyirmanına su tökən müxaliflər düşməndən fərqlənmir

Ermənistan mediasında olan dezinformasiyaları, təbliğatı, Azərbaycan əleyhinə sərgilənən mövqeyi başa düşmək çətin deyil. Əvvəla, yalan, iftira üzərinə qurulan fəaliyyətin, anti-təbliğatın, həmçinin düşmən mövqeyinin fonunda bu başadüşüləndir. Digər tərəfdən, ermənilər təxribata da maraqlıdırlar və Azərbaycan əleyhinə istənilən yola əl ata bilərlər. İndi də “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş Bəyannaməni “Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanımır” kimi təbliğ etmələrində yeni taktika və təəccüb doğuracaq heç nə yoxdur. Bu tam alışqanlı olduğumuz və gözlədiyimiz haldırsa da, daxildə belə erməni dəyirmanına su tökənləri başa düşmək olmur ki, olmur. Yəni, bu xəyanətkar mövqeyi ən azından qəbul etmək mümkün deyil.
Müxalifətdə təmsil olunur deyə dövlətin, xalqın əleyhinə fəaliyyət deyilən bir yol yoxdur və bunun bircə adı var, o da xəyanətdir. Öz ölkəsinin Avropada uğursuzluqla qarşılaşacağını arzulamaq insanın xəyanətkarlığından xəbər verir. Öz ölkəsinə, öz vətəninə insanın düşmən münasibətdə olması ikrah doğurur və çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, biz bunun şahidiyik. “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş Bəyənnamənin bir sənəd olaraq hansısa hüquqi və ya siyasi qüvvəsi olmadığı halda, Avropa Birliyinin münaqişələrə rəsmi münasibətini belə əks etdirmədiyi halda bunu bayraq edib ölkəmiz əleyhinə anti-təbliğat aparan, bununla da düşmən dəyirmanına su tökən müxaliflər düşməndən fərqlənmir.

Azərbaycanın mövqeyi ölkənin maraqlarının və ərazi bütövlüyünün qorunmasında israrlı olmasını, qətiyyətli olmasını isbatlayır

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla Prezident İlham Əliyevin görüşü, müzakirə etdikləri məsələlər və hər iki tərəfdən səsləndirilən bəyanatlar ikitərəfli əlaqələrdə narahatçılığa səbəb ola biləcək heç bir gərginlik olmadığını deməyə əsas verir. Digər tərəfdən, “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunan Bəyannaməsinin imzalanmaması Qarabağ məsələsinin sənəddə hansı formada əks etdirilməsi üzərində razılığa gələ bilməmək anlamına gəlir. Bu həm də o anlama gəlir ki, rəsmi Bakı da bu prinsipial məsələdə geriyə addım atmaq niyyətində deyil və danışıqlar məhz bu səbəbdən uzanır.
Əgər məsələyə müxaliflər düzgün, sağlam yanaşma nümayiş etdirsəydilər deməliydilər ki, bu Azərbaycanın öz mövqeyində israrlı olmasını, Dağlıq Qarabağla bağlı məsələdə qətiyyətli olmasını isbatlayır. Deməliyilər ki, ölkəmiz güzəştə getmək niyyətində deyil və buna görə də məsələ uzanır. Bunu “hakimiyyətin məğlubiyyəti” kimi yox, qələbəsi kimi təqdim etməliydilər. Amma bu kəsimin hələ də xəstə təxəyyülə malik oluğu bir daha özünü biruzə verdi. Biruzə verdi ki, radikalları maraqlandıran ölkənin, xalqın maraqları yox, öz şəxsi maraqları, ambisiyalarıdır.
Müxalifət düşərgəsində ən çox müzakirə olunan Bakı ilə Brüssel arasındakı danışıqların gündəliyində insan haqları, demokratiya kimi mövzuların çətinlik yaratması söz-söhbətidir. Bəli, bu sözün əsl mənasında söz-söhbətdir. Çünki, bu sadalananları təsdiqləyəcək heç bir fakt, dəlil, əsas yoxdur və ola da bilməz. Strateji tərəfdaşlıq müstəvisində isə bu mövzu tamamilə rakursa uyğun deyil. Strateji tərəfdaşlıq adından da göründüyü kimi strateji əhəmiyyət kəsb edən məsələdir və heç şübhəsiz ki, Avropa Birliyi Azərbaycan kimi ölkə ilə belə bir tərəfdaşlıqdan imtina etmək niyyətində ola bilməz. Azərbaycan Avropa Birliyi ilə ən mühüm mərhələ astanasındadır. Ən yaxın zamanda bu tarixi sənədin, sazişin imzalanacağı və Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin mühüm bir mərhələyə qədəm qoyacağı günün reallığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə