"Biz onları müxalifətçi olduqlarına görə tənqid etmirik..." Baş nazirin müavini - SƏS TV

"Biz xaricdə yaşayan bəzi azərbaycanlıların hakimiyyətlə əməkdaşlıq istiqamətində fikirlərini müsbət qiymətləndiririk. İstərdik ki, ölkəmizin bu ya digər formada siyasi həyatında iştirak edənlərin hər biri milli maraqlardan çıxış etsinlər". SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

YAP-ın Sədr müavinin sözlərinə görə, milli maraqlar daim uca tutulmalıdır: "Kim ki, bu düzgün yolla addımlayacaq, onlar cəmiyyət tərəfindən müsbət qiymətləndiriləcək. İkinci tərəfdən, onlar bu addımları ilə dövlətin mövqeyinin daha da güclənməsinə xidmət göstərmiş olacaqlar. Heydər Əliyev deyirdi ki, kim istəyirsə müxalifətdə olsun, amma xalqa, dövlətə müxalifətdə olmasın. Bizim də istəyimiz ondan ibarətdir ki, siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq hər bir azərbaycanlı ilk növbədə Azərbaycan vətəndaşı olduğunu dərk etsin, milli maraqları qorusun, davranışları ilə xalqa, dövlətə ləkə gətirməsin. İndiyə qədər müxalifətin bəzi təmsilçiləri ilə əlaqədar söylədiyimiz tənqidi fikirlərin kökündə də bu dayanır.

Biz müxalifətçiləri müxalifətçi olduqlarına görə tənqid etmirik, onların içərisində bəzilərini özlərinin və yaxud partiyanın, xidmət etdikləri hansısa dairələrin maraqlarını xalqın maraqlarından üstün tutmalarına görə tənqid edirik. Bundan başqa səbəbimiz yoxdur. Əgər bu yoldan çəkinəcəklərsə, konstruktiv mövqedə olacaqlarsa, iqtidar onların hərəkətlərinə normal yanaşacaq. Bu düzgün yolda onlara uğurlar arzu edirəm. O ölkələr siyasi cəhətdən inkişaf edir ki, orada müxalifət ölkənin maraqlarını uca tutur və hər hansı xarici qüvvənin əlində alətə çevrilmir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...