İcra başçısı mantyor, müavinləri isə on ilin məhbusu və çuğulçu - VİDEO-FAKT

Yaxud, tarix bizə nəyi xatırladır?

AXC hakimiyyətinin (sonradan AXC-Müsavat iqtidarı) silahlı çevriliş vasitəsi ilə hakimiyyəti ələ almasından 27 il ötür və bu gün həmin dövrləri xatırlayarkən, bir daha həmin dövrlərdə Azərbaycanın müstəqilliyinin məhv olması, hətta xəritədən silinməsi təhlükəsinə nə qədər yaxın bir zaman olduğunu növbəti dəfə gözlərimiz önündə canlandırırıq. Əbəs deyil ki, hakimiyyətə yiyələnər-yiyələnməz Əbülfəz Elçibəy və onun qaragüruhçu, naşı və siyasətdən, diplomatiyadan uzaq komandası haqqında lətifələr qoşurdular. Onların Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizəni gücləndirmək, cəbhədəki mövqeləri gücləndirmək əvəzinə bir-birləri ilə nazir, deputat kürsüləri uğrunda ölüm-dirim savaşına çıxmaları, o cümlədən, rayonlarda icra hakimiyyətləri başçılarını təyin etmək üçün ümumiyyətlə, bu sahəyə aidiyyatı olmayan insanların təyin edilməsi bir adət halını almışdı.

AXC-Müsavat iqtidarı başda prezident Əbülfəz Elçibəy olmaqla kef-damaq, eyş-işrət məclislərindən geri qalmır, xalqı, dövləti taleyin ağır hökmünə buraxırdılar

Xüsusilə, ağır döyüşlər gedən mühüm strateji rayonlarda rəhbərlik strukturlarına ali savadları olmayan, keçmişləri qaranlıq, hətta cinayətkar olanlar təyin olunurdu ki, bu da daha ağır və qarşısıalınmaz fəsadlara səbəblər yaradırdı.

Özü də Şuşanın, Laçının işğalının ardınca Kəlbəcərin acınacaqlı vəziyyəti ərəfəsində AXC-Müsavat iqtidarı başda prezident Əbülfəz Elçibəy olmaqla kef-damaq, eyş-işrət məclislərindən geri qalmır, xalqı, dövləti taleyin ağır hökmünə buraxırdılar.

Təkcə Kəlbəcər rayonunda baş verən hadisələr incələnərkən, bənzər vəziyyətin bütün respublikada yaşandığını xatırlaya bilərik

Bu arada, AXC-Müsavat hakimiyyətinin xalq tərəfindən rədd edilməsinin ardınca, Milli Məcisdə edilən çıxışlar bu gün də tarixi xronologiyası ilə xatırlanmaqda, həmin dövrlərdə vəziyyətin nə qədər çətin, dözülməz olduğunu sübuta yetirir. Şəhid Milli Qəhrəman Şahlar Şükürovun atası, 1993-95-ci illərdə Kəlbəcərin icra başçısı vəzifəsini daşıyan mərhum Əvəz Şükürovun Milli Məclisdəki faktlara əsaslanan çıxışında isə, təkcə Kəlbəcər rayonunda baş verən hadisələr incələnərkən, bənzər vəziyyətin bütün respublikada yaşandığını xatırlaya bilərik.

Əbəs deyil ki, Əvəz Şükürov həmin çıxışında Kəlbəcərin icra başçısı vəzifəsinə mantyorun təyin olunduğunu, müavinlərinin birinin 10 illik həbs yatmış cinayətkar, digərinin isə ikinci dünya müharibəsində faşistlərlə əlbir olan vlasovçunun oğlu olduğunu, müharibədən sonra isə çuğulçuluq ilə məşğul olmasını sözün əsl mənasında yana-yana bildirib. Onun həmin ifadələrindən digər detallara nəzər saldıqda isə, insanı sadəcə hiddət bürüyür!

Əvəz Şükürov deyirdi: “Bakıdan dövlət adamları gedib 15 günlük toyda iştirak edib yeyib-içdilər və geri qayıtdılar, rayon isə işğal ərəfəsindəydi...”

Belə ki, Kəlbəcərə icra başçısı təyin olunan şəxsin öz ailəsində belə, ciddi problemlər yaşanıb, hətta ata və anası arasında düşmənçilik münasibəti mövcud olub. Belə bir adamın öz ailəsini bir ataya gətirə bilmədiyi halda, Kəlbəcər kimi mühüm strateji rayona icra başçısı təyin olunması Elçibəy iqtidarının nə qədər xam və naşı olduğunu isbatlayır.

Bu da azmış kimi, Əbülfəz Elçibəy mantyor icra başçısının toyuna xüsusi olaraq adam göndərib. Toy isə nə az, nə də çox – düz 15 gün davam edib (?!). Əvəz Şükürov xatırladır: “Əbülfəz Elçibəy həmin adamın toyuna adam göndərdi və o da 15 gün toy elədi. Halbuki Nikolayın vaxtından orada 15 gün toy olmayıb. Yalnız bəylər, mülkədarlar uzağı 2-3 gün toy edərdilər. Bakıdan dövlət adamları gedib 15 günlük toyda iştirak edib yeyib-içdilər və geri qayıtdılar, rayon isə işğal ərəfəsindəydi...”.

“Əgər ölkənin rəhbərliyi bir rayonunda əhalinin sayını bilmirsə, onda həmin adamlardan nə danışmaq olar, onlara necə qiymət vermək olar?!”

Daha bir acınacaqlı fakt, dövlət rəhbərliyində işləyənlərin – İsa Qəmbərin, Pənah Hüseynin, İsgəndər Həmidovun, Rəhim Qazıyevin öz vəzifələrinin öhdəsindən ümumiyyətlə gələ bilməmələri məsələsidir. Misal üçün, həmin çıxışdan məlum olur ki, Kəlbəcərdən qaçqın düşənlərin sayını Prezident Administrasiyası bilmirdi. “Pənah Hüseyn Gəncədə müşavirə keçirəndə 78 min deyib, digəri 68 min, daha biri də 60 min deyib. Əgər ölkənin rəhbərliyi bir rayonunda əhalinin sayını bilmirsə, onda həmin adamlardan nə danışmaq olar, onlara necə qiymət vermək olar?!”, deyə o çıxışında sual edib.

Əvəz Şükürov Kəlbəcərin də Şuşa və Laçın kimi AXC-Müsavat hakimiyyəti tərəfindən qumara qoyulduğunu bildirib. Hətta işğaldan öncə, o prezident Elçibəyə teleqram vurduğunu da deyib.

“Elçibəyə teleqram vurdum ki, bəlkə Kəlbəcəri Şuşa və Laçın kimi qumara uduzmaqdan qoruyaq”

Lakin nə prezident, nə də digər cavabdeh şəxslər həmin teleqrama ciddi yanaşmayıblar, etinasızlıq göstəriblər: “Deyirlər ki, burada Elçibəyin nə günahı var? Ona teleqram vurdum ki, Şuşa və Laçın kimi Kəlbəcər də qumara qoyulub. İndi də onun uduzma vaxtı çatıb. Xahiş edirəm məni Milli Məclisin iclasına çağırın, bəlkə onun qumarda uduzmasından xilas edək. O da oxuyub, qoyurdu stolunun üstünə və heç bir tədbir görmürdü”.

O, bu kimi ağır bir vəziyyətdə Elçibəyin deyil, ətrafının günahkar olması iddialarına da münasibətini açıqlayarkən bildrmişdi ki, məhz Kəlbəcərin iqtisadi və s. cəhətdən strateji əhəmiyyətini kimsə dərk etmirdi: “Demək belə çıxır ki, onun Gəncədə də günahı yoxdur, Kəlbəcərdə də günahı yoxdur? Halbuki Kəlbəcərdə 23 rayonun qoyunu yaylaqlayırdı. 320 ton qızıl valyutaya daxil olub. Dünyada ən keyfiyyətli uran Kəlbəcərdədir. Kəlbəcərin isti suyunu ermənilər ərəb ölkələrinə satırlar. Bütün məsuliyyət Elçibəyin və onun komandasının üzərində olub. Rəhim Qazıyev, İsgəndər Həmidov, Pənah Hüseyn, İsa Qəmbər və sairləri”.

Əvəz müəllim Elçibəyə və onun komandasına Ermənistana keçməyi təklif etmişdi

Beləliklə, istər Elçibəyin, istərsə də onun ətrafının hakimiyyətə təsadüfi gəldiklərinə işarə edən Əvəz Şükürov bununla sübut edib ki, təkcə bu rayonun işğalı Azərbaycan dövlətinə və xalqına nə qədər ciddi ziyan vurub. Əgər nəzərə alarsaq ki, bu ziyanlar, ağır itkilər və s. digər cəbhə bölgələrində də yaşanıb, bu zaman AXC-Müsavat iqtidarının, Elçibəy hökumətinin nə qədər cinayətlərdə əllərinin olması faktları özü-özlüyündə sübuta yetirilər. Əbəs deyil ki, həmin tarixi çıxışda mərhum Əvəz müəllim Elçibəyə və onun komandasına Ermənistana keçməyi təklif etmişdi. Çünki onların hər biri bilavasitə ermənilərin maraqlarına xidmət edən, satılan və xainlik edən kəslər olublar.

Göründüyü kimi, bu çoxsaylı faktların hələ ən cüzi hissədidir və başqa faktlar da ortaya çıxarılarsa, o zamanlar Azərbaycan dövlətçiliyinin silinmək təhlükəsinin nə qədər yaxın olduğunu hiss etmək mümkün olardı. Məhz həmin faktları dərk edən Azərbaycan xalqı daha ağır zülmlərə, işğallara, xəyanətlərə, satqınçılıqlara tuş gəlməmək üçün başda Elçibəy hökumətini və AXC-Müsavat iqtidarını siyasi arenadan süpürüb-atdı...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...